SÖHBƏTLƏR

 

Adəmin xilqəti, insanın əzəməti

Bəzi fərqlər və incəliklər istisna olunmaqla Adəm peyğəmbərin yaranışı, onun dünyaya gəlişi hadisəsi bütün səmavi dinlərdə müştərəkdir. Bəşəriyyətin başlanğıcı sayılan bu böyük və mühüm hadisə bütün dinlərdə öz əksini tapsa da, məsələyə İslam dini və onun müqəddəs kitabı olan Qurani-Kərim baxımından yanaşmağı qərara aldıq. Bu mövzuya tez-tez  müraciət olunmasının səbəbləri çoxdur. Fikrimizcə, başlıca səbəb budur ki, Allah-Təalanın Adəmi yaratmaqda məqsədini dərk etmək, "mənim", "sənin" və ümumiyyətlə bütün bəşəriyyətin yaranmasında Onun məqsədini dərk etməyə bərabərdir. Qurani-Kərimin Adəm peyğəmbərlə bağlı bəzi ayələrinə nəzər salmaq məsələnin işıqlandırılması üçün mühüm əhəmiyyət kəsb edir. Quranda bir neçə yerdə bu məsələyə toxunulmuşdur və aşağıdakı ayələrdə həmən hadisəyə müxtəlif cəhətlərdən diqqət yetirilmişdir.

Doğrudan da, insanı qurumuş və qoxumuş qara palçıqdan yaratdıq. Və ondan əvvəl cini də səmum odundan yaratdıq. Bir zaman sənin Rəbbin mələklərə dedi: "Mən qurumuş və qoxumuş palçıqdan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!" Mələklər hamısı birlikdə ona səcdə etdilər. Təkcə İblisdən savayı. O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi. Buyurdu: "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə deyilsən."Dedi: "Mən quru, qoxumuş qara palçıqdan yaratdığın bəşərə səcdə edən deyiləm." Buyurdu: "Buradan çıx! Sən qovulmuşsan və sən cəza gününə kimi lənətlənmişsən." (15/25-35)

Biz mələklərə – "Adəmə səcdə edin!" – deyəndə İblisdən başqa hamısı səcdə etdilər. [İblis] dedi: "Palçıqdan yaratdığın şəxsə səcdə edimmi?" [İblis yenə] dedi: "Bir de görək! Məndən əziz tutduğun şəxs budurmu? Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir dəstədən başqa onun bütün nəslini mütləq darmadağın edərəm." (17/61-62)

Rəbbin mələklərə belə dedi: "Mən palçıqdan bir insan yaradacağam". "Onu yaraşdırıb, ruhumdan üfürdüyüm zaman ona səcdə edin!" Mələklərin hamısı səcdə etdilər. Yalnız İblisdən başqa . O, təkəbbür göstərdi və kafirlərdən oldu. Buyurdu: "Ey İblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"   [İblis] dedi: "Mən ondan daha yaxşıyam. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!" (38/71-76)

Bəqərə surəsinin 30-39-cu ayələrində bu hadisənin mahiyyətini dərk etmək üçün dəyərli və dərin bəhslər insanların ixtiyarına verilmişdir. Hətta Allahın əsmanı Adəmə öyrəmtəsi, xilafət kimi məsələlər yalnız bu ayədə müşahidə olunur və Quranın başqa bir yerində belə bəhslərlə qarşılaşmırıq.

Bu hadisəyə münasibət müxtəlif mərhələlər sistemində təqdim olunur ki, hər bir mərhələ öz növbəsində çoxsaylı sual və mülahizələrin yaranmasına səbəb olur.

1.         Adəmin xilqəti mərhələsi.

2.         Adəmin xilafətə təyin olunması və mələklərlə məşvərət mərhələsi.

3.         Mələklərin etirazı və Allahın cavabı mərhələsi.

4.         Səcdəyə əmr və İblisin səcdədən boyun qaçırması mərhələsi.

5.         Cənnətdə sakin olma, ağacdan yeməyə qadağa və şeytanın vəsvəsəsi mərhələsi.

6.         Adəmin tövbə etməsi və Yerə endirilməsi mərhələsi.

Məqaləmizdə qeyd olunmuş bəhslərə qısaca da olsa, nəzər yetirilmişdir ki, insanın bununla bağlı düşüncə və fikirlərinin inkişafına yol açılsın.

 

Adəmin xilqəti mərhələsi

Allah Adəmi birbaşa torpaqdan yaratmışdır, yoxsa Adəmin xilqətinin başlanğıcı torpaqdandır? İnsanın bədən və ruhunun bir-biri ilə nə əlaqəsi vardır?

 

O bir kəsdir ki,  yaratdığı hər şeyi gözəl yaratmışdır və insanın yaranışını isə palçıqdan başlamışdır. Sonra onun nəslini nütfədən – bir qətrə zəif, dəyərsiz sudan əmələ gətirdi. Sonra ona surət verdi və öz ruhundan ona üfürdü. Sizin üçün qulaq, gözlər və ürəklər verdi. Siz isə nə qədər az şükr edirsiniz! (32/7-9)

Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə [xəlq edən] Odur. Müəyyən bir vaxta yetişəsiniz və, bəlkə, düşünüb anlayasınız deyə edilir. (40/67)

Şərif ayələrdən məlum olur ki, Adəmin xilqəti birbaşa torpaqdan olmuşdur. Buna görə də, Allah-Təala İsanın (ə) xilqəti haqqında şübhənin aradan qaldırılması üçün Həzrəti-Adəmin xilqəti məsələsini misal çəkir. Əgər Adəmin atası olsaydı, İsa Adəmə bənzədilməzdi.

Həqiqətən, Allah yanında İsanın məsəli Adəm kimidir. Onu torpaqdan yaratdı. Sonra dedi ki, ol! O da oldu. (3/59)

İnsanın bədəni ilə ruhunun əlaqəsi geniş bir fəlsəfi-irfani mövzudur ki, onun üçün müstəqil bəhslər açmaq lazımdır. Yazı məqalə xarakterli olduğundan bu məsələyə çox yer ayrılmamışdır.

 

Xilafətə təyin olunma mərhələsi

Həqiqətən, Mən yerdə xəlifə qərar verdim (2/30)

Xilafət nə deməkdir? Kimə xəlifəlikdən söhbət gedir? Xəlifə kimdir – Adəm peyğəmbər, yaxud hər bir insan xəlifə ola bilər?

Xilafət başqasının canişinliyini öhdəsinə alıb onun işini  yerinə  yetirməkdir. Ayələrin mənasından məlum olur ki, bu hadisədə Allahın xəlifəsi olmaq nəzərdə tutulur. Çünki birincisi, mələklərin sualı, Allahın cavabı, əsmanı öyrətmək vasitəsilə Adəmin məqamını göstərməyin ilahi xilafətlə tənasüblüyü vardır. İkincisi, mələklərin sualında:

– "Və biz Səni təsbih edirik və Səni müqəddəs sayırıq" (2/30) – cümləsi onu göstərir ki, mələklər bu məqam üçün, yəni xəlifətullah məqamı üçün özlərini Adəmdən üstün bilirdilər.

Ayədən görürük ki, mələklər fitnə törədən, qan tökən insanın xəlifəliyi ilə razılaşa bilmirdilər. Bunun bir çox səbəbləri var idi. Birinci səbəb budur ki, mələklər öz paklıqlarını, ismətlərini xəlifəliyin meyarı bilirdilər. Lakin bildiyimiz kimi mələklərdə olan paklıq müəyyən həddə malikdir. Belə ki, insan nəinki mələyin malik olduğu paklığa çata bilər, hətta ondan da yuxarı çıxa bilər. İkinci səbəbi isə budur ki, onlar Allaha deyirlər: "Biz səni təsbih və təqdis edrik." Təqdis Allahı bütün eyiblərdən pak, münəzzəh bilmək, təsbih isə Allahın şəriksiz olmasını bildirir. Mələklərin baxışında təbiətən heyvan olan insan belə üstünlüyə malik ola bilməz.

Əgər Quranın bəzi ayələrinə diqqət yetirsək, görərik ki, bu müqəddəs kəlmələr gah "inna", gah da "inni" sözləri ilə başlayır. "inna"-nın mənası "həqiqətən, biz", "inni"-nin mənası "həqiqətən, Mən" deməkdir. Bu fərqə əsaslanaraq deyə bilərik ki, bəzi işlər vasitəsiz, bəziləri isə vasitəli baş verir. Allah "inna" deyəndə özü və mələkləri "inni" deyəndə yalnz özünü nəzərdə tutur. Belə məlum olur ki, Allahla xəlifəsi arasında heç bir vasitəyə ehtiyac yoxdur.

Nə üçün Allah yer üzərində Adəmi, insanı öz xəlifəsi təyin etmişdir? Məgər bu məqama layiq olan başqa varlıqlar mövcud deyil?

Aləmdə insandan başqa digər məxluqları dörd qrupa bölmək olar. Bunlar maddə, bitki, heyvan və mələkdir. İndi görək bunların fərqi nədir? Maddə öz-özlüyündə, öz daxilində bəzi hərəkətlər baş verən bir varlıqdır. Ondan bir az yuxarı varlıq bitkilərdir. Bitkilərdə nəfsi-nəbati adlanan can vardır. Bitki inkişaf edib böyüyər, sonra məhv olar. Bitki hərəkət etməz, çünki onun şüuru yoxdur. Heyvan bitkidən yuxarı varlıqdır. Heyvanın müəyyən qədər iradəsi, müəyyən qədər şüuru vardır. Heyvanlar özləri üç yerə bölünürlər: qəzəb, şəhvət  və şeytənətli heyvanlar. Heyvanlardan yuxarı aləm isə mələklərdir. Mələklər pak varlıqlardır. Amma onların paklığı da müəyyən hədd çərçivəsindədir.

"Və bizdən elə birisi yoxdur ki, onun müəyyən bir yeri olmasın." (37/164)

Lakin insanın məqamı müəyyən deyil. Mənası budur ki, insan ən aşağı səviyyədən sonsuz kamala doğru inkişaf edə bilər. Belə bir hal mələklərə məxsus deyil. Ona görə də meracda Cəbrayıl (ə) Peyğəmbərə (s) deyir ki, mən bundan yuxarı uça bilmərəm ki, qanadlarım yanar. İslam Peyğəmbərinin (s) meracı insanın kamillik zirvəsinə  qalxmaq iqtidarında olmasına dəlildir.

Buna görə də, şeytan mələyin yanında otura bilər, amma kamil insanın yanında otura bilməz. Bu məsələdən çıxış edərək deyə bilərik ki, mələklər özlərini Adəmdən üstün tutmaqda yanılırdılar. Bütün sadaladığımız varlıqlarda nöqsan vardır. Yeganə insan, özü də kamil insandır ki, xəlifətullah məqamına layiqdir.

Digər qaranlıq qalan, sual doğuran məsələ budur ki, Allah-Təala yalnız Adəmi öz xəlifəsi təyin edir, yoxsa bu məqam bütün insanlara müyəssər ola bilər?

Ayənin davamında mələklərin sözündən bilinir ki, bu, təkcə Adəmə yox, bütün insan növlərinə aiddir.

Mələklər deyirlər: "Yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəs yaratmaq istəyirsənmi?" (2/30)

Adəm peyğəmbərdə qan tökmək, fitnə-fəsad törətmək kimi heyvani xislətlər yox idi. Allah-Təala da mələklərin sözünü təkzib etməyib buyurdu:

"Həqiqətən, Mənim bildiyimi siz bilmirsiniz". (2/30)

Yəni sizin sözünüz yalan, batil olmasa da, kamil də sayıla bilməz. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlirik ki, Allah-Təala təkcə Adəmi deyil, insanı özü üçün xəlifə təyin etmək istəyir. Allah torpaqdan yaratdığı bu varlığın ülvi istedada malik olduğundan xəbərdardır və bunu göydə olan varlıqlara, mələklərə bildirir.

Ayədəki (Fil-arz) Yerdə sözünün mənası bu deyil ki, insan Yerdə xəlifədir və (Fis-sama)  səmada başqa bir varlıq xəlifədir. Əgər belə olsaydı, mələklərin etirazına heç bir lüzum olmazdı.

İnsan Mənim nəinki yerdə, nəinki göydə, mütləq şəkildə xəlifəmdir. Ayədən məlum olur ki, Fil-arz sözü  (Xəlifə)-yə deyil,     (Cail) –nəyə aiddir. Amma bu xəlifənin məskəni Yer olmalıdır, maddə aləmindən keçib səmadan qidalanmalıdır. Quranda buyrulur:

Sizin ruziniz və vədə olunan şey göydədir. (51/22)

 

Mələklərin etirazı və Allahın cavabı

Mələklər nə üçün etiraz etdilər? Bu etiraz xəbər alma, təəccüb, ya bu xilafətin gələcəyindən nigaranlığın izharı idi? Mələklər haradan insanın fəsad yaradan, qan tökən olduğunu dərk etmişdilər? Mələklərin xüsusiyyətləri nədir?

Quran ayələrindən bizə məlumdur ki, mələklər məsum olduqlarına görə ilahi əmrə tabedirlər. Buna görə onlarda üsyan və itaətsizlik baş verməz.

Və dedilər: Rəhman özünə övlad götürdü. O, pak və müqəddəsdir. Xeyir, kəramətli qullardırlar. Allahın sözündən qabaq söz deməzlər və onlar Onun əmrinə əməl edərlər. (21/26-27)

Sərt təbiətli mələklər Allahın əmrinə asi olmurlar. Onlara nə əmr olunursa, yerinə yetirirlər. (66/6)

Onlar yuxarıda olan Rəbbindən qorxar və əmr olunanı yerinə yetirərlər. (16/50)

Yuxarıdakı ayələrdən belə qənaətə gəlirik ki, mələklər bu sualı verməkdə də Allahın əmrinə tabe idilər. Allah-Təala hadisəni elə bir şəkildə qurmuşdur ki, onlar sual verə bilsinlər və beləliklə insaniyyətin həqiqəti aydın olsun. Onların sualı hadisəyə etiraz yox, məsələnin aydınlaşması məqsədini daşıyırdı. Torpaqdan yaranmış bu varlığın belə heyvani xüsusiyyətlərlə xilafət yükünü necə çiyninə götürə bilməsini anlamaq istəyirdilər. Suallarının axırında.

"Və biz Səni təsbih edirik və Səni müqəddəs sayırıq" (2/30) sözləri göstərir ki, onlar Allahın eyibsizliyindən, nöqsansızlığından xəbərdar idilər. Bu fikri mələklərin sonrakı sözləri də təsdiq edir:

Həqiqətən, Sən əlim və həkimsən. (2/32)

Mələklər bu hadisədən Allahın hikmətini anlamaq istəyirdilər.

Digər tərəfdən sualla etiraz zahirdə bir-birinə oxşasa da, etiraz hökm və hadisənin inkarı, sual hökmün tələbi və hadisənin dərkidir. İnkarla dərk bir-birindən fərqlənir.

Dərk üçün verilən sualda qəbul və təslimlik yaranır, etirazda isə təkəbbür, qürur və rədd əmələ gəlir. Ayənin davamında oxuyuruq ki, həqiqətən, belə bir hadisə baş verir.

Biz mələklərə: "Adəmə səcdə edin!" – dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O lovğalanaraq imtina etdi və kafirlərdən idi. (2/34).

Araşdırılmalı başqa bir məsələ budur ki, mələklər insanın fasid və qan tökən olmasını haradan anlamışdılar?

Bu barədə ehtimal və nəzəriyyələr mövcuddur: 1) Əvvəlki insanlardan; 2) Yerdə olan varlıqlardan; 3) Allahın dediyi cümlədəki   "Fil-arz" (yerdə) sözündən.

Çünki, yer fəsad və təzadlı məkandır, yerdəki varlıqlar şəhvət və qəzəblə bulaşıblar.

Görünür, mələklər insanın hazırki vəziyyətinə baxmışdılar. İnsan bilfel heyvan, bilqüvvə insandır. O elə qəribə bir varlıqdır ki, təbiətən heyvan, fitrətən insandır. İnsan yaranışının əvvəlində heyvandır ki, insaniyyət qazana bilər. Bu torpaqdan olan ərşi varlıq da (maddi-ruhi, bədən-ruh, fil-ərz – xəlifə) xəlifəlik istedadları gizlənmişdir ki, onları inkişaf etdirməklə məxluqatın əşrəfi olar. Görünür, mələklər insan istedadının çiçəklənməsi prosesindən xəbərsiz idilər. Çünki insan istedad mərhələsində heyvani hərəkətlərə malikdir və heyvani qərizələri fəal və görünəndir. Mələklər də belə bir varlığı görürdülər.

Adəmin xilqəti cərəyanında üç növ insanşünaslıq müşahidə olunur:

1. Allah-Təalanın insanı tanıması.

2. Mələklərin insanı tanıması.

3. Şeytanın insanı tanıması.

Şeytan onu maddə

 (Onu torpaqdan yaratdı) (3/59), mələklər onu heyvan

 (Fəsad törədəcək və qan tökəcək bir kəs (2/30)) və Allah onu insan və öz xəlifəsi bilir.

Şeytan onun əvvəlki maddəsinə (torpaqdan yaranmasına) baxırdı və bu varlığın keçmişinə əsasən hökm verir. Mələklər indiki vəziyyətinə baxıb hökm edirdilər. Allah-Təala isə istedadları, sərmayələri, daxilindəki gizli sirlərə əsasən hökm edirdi. Şeytan yalnız yolun başlanğıcını, mələklər yolun ortasını görür, Allah isə bütün yolu bilirdi.

Allah-Təala bu işin sübuta yetirilməsi üçün

– Adəmə bütün əsmanı öyrətdi (2/31)

Bu ayədə sual yaradan məsələlərdən biri əsmadır. Əsma deyəndə, yalnız adlar, ayrı-ayrı kəlmələr nəzərdə tutulur, yoxsa bunun başqa mənası vardır? Belə məlum olur ki, əsmadan məqsəd kəlmələr ola bilməz. Çünki Allah-Təalanın məşvərət etdiyi mələklər də bu əsmanı öyrənə bilərdilər.

İkinci dəlil odur ki, (Summə ərzuhum) (sonra onlara göstərdi) (hum)  şəkilçisindən məlum olur ki, əsma şüursuz, cansız adlar üçün deyil, şüurlu varlıqlar üçün işlədilir. Başqa ayələri də nəzərdən keçirsək, görərik ki, bu əsmayi-hüsna – Allahın gözəl adlarıdır. Digər məsələ budur ki, əgər adlar ayrı-ayrı sözlər olsaydı, mələklərə göstərilməzdi. Deməli, aydınlaşır ki, Allahın bu adlarını özündə cəmləşdirmək istedadına, qabiliyyətinə malik olan tək varlıq insandır.

Adəmə əsmanın hamısını öyrətdi. Sonra mələklərə göstərdi. Sonra [mələklərə] dedi: " Əgər düz danışansınızsa Mənə bunların adlarını xəbər verin." (2/31)

Allah Adəmə vasitəsiz öyrədir. Kamil insan bütün elmləri, bilavasitə Allahdan alır. Merac hədisində Allah deyir ki, əgər insan dilini, mədəsini qorusa, ona hikmət verərəm. Deməli, insana müəllimlik Allahın öhdəsindədir.

Təqvalı olun!  Allah sizə elm öyrətsin. (2/282)

Yuxarıdakı ayəyə əsasən bilinir ki, Adəm əsmanı öyrənir, mələklərə isə xəbər vermək əmr olunur. Öyrənmək və xəbəri olmaq arasında fərqlər mövcuddur. Öyrənmək – dərk etmək, onu öz həyatında tətbiq etmək mənasındadır. Xəbəri olmaq isə ondan aşağı səviyyədir. Bunu kiçik bir misalla izah edək. Sinifdə istedad və qabiliyyətə malik olan tələbələrə hər hansı bir elm haqqında məlumat verilir. Burada müəllimlə tələbə arasında elmi mübadilə prosesi gedir. Sinifdən xaricdə olan digər şəxsə dərsin gedişatını təfsilatı ilə çatdırmaq qeyri-mümkündür.

 Ona dərsdəki məsələlri yalnız xəbər vermək olar və o da kiməsə bunu xəbər verə bilər.  Çünki elm dünyasından xaric olan şəxsin Adəmin xilqətindən Allahın məqsədini dərk etməsi imkansızdır.

Bu yolla mələklər başa düşürlər ki, bu torpaqdan olan varlığın daxilində bütün əsmanı əhatə etməyə qadir olan istedadlar vardır və bu insan Allahın tam nişanəsi ola bilər ki, xilafət yalnız ona layiqdir.

Deyilənləri belə yekunlaşdıra bilərik ki, mələklə kamil insan arasında iki fərq vardır:

1.         Mələklər elmi Allahdan birbaşa ala bilməz. Kamil insan isə elmi Allahdan vasitəsiz öyrənə bilər.

2.         Mələklər hər şeyi bilməzlər, yalnız müəyyən səviyyədə xəbərdar ola bilərlər.

 

Səcdəyə əmr mərhələsi

Biz mələklərə: "Adəmə səcdə edin!" – dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən idi. (2/34)

Mələklərin Adəmə səcdəsinin mənası nədir? İblis nə üçün boyun qaçırdı?

Səcdə cərəyanı kamala təslimçilik və kamil varlığın əzəmətinin  qəbuludur.  Mələklər Adəmin ilahi xəlifəliyini dərk etdikdən  sonra səcdə hadisəsində tam  təslim oldular. Lakin şeytan daxilindəki küfrə görə təkəbbür etdi və səcdədən boyun qaçırtdı (Kanə minəl-kafirin) – "Kafirlərdən idi"  – cümləsi keçmişdəki küfrünə işarədir.

Daxili xüsusiyyətlər imtahanlar, böhranlar, tufanlı hadisələrdə aşkar olur və özünü göstərir.

Adəmin xilqəti və ona səcdə əmrindən qabaq şeytanın təkəbbürünün üzə çıxması üçün şərait olmadığından onun küfrü də görünmürdü. Günah üçün zəmin yaranmayanda daxildə olan xasiyyətlər gizli qalır. İnsan özü də böhranlarda sınanır və tanınır. Mələklər arasında cin tayfasından olan

(O cinlərdən idi (18/50)) şeytanın mövcudluğu ona görə mümkün idi ki, böhranlı hadisə yaranmamışdı və küfr daxilində qalmışdı. Şeytan zahirdə mələklər kimi görünürdü və hələ sıralar ayrılmamışdı.

Dediklərimizin nəticəsini belə qruplaşdıra bilərik:

1. Birincisi, Şeytan öz təkəbbürü nəticəsində insanın ilahi tərəfini tanımadı. Buna görə də Allahın göstərişinə itaətdən imtina etdi və onu qəbul etmədi. Beləliklə, mələklərin təslimçiliyinin həqiqətini görmədi.

2. Adəmə ruhun üfürülməsindən sonra mələklərə səcdə göstərişi verildi. Yəni siz – "Torpaq qarşısında deyil insaniyyət qarşısında səcdə edirsiniz."

3. Şeytanın bütün insanların kamalına düşmənçiliyi, Allahın davamlı xəlifə seçməsi qərarı və  mələklərin etirazı göstərir ki, xilafət və səcdə cərəyanı təkcə Adəmə yox, insana aiddir.

 

Cənnətdə sakin olma və ağacdan yeməyə qadağa mərhələsi

Cənnət harada yerləşir? Yeməkdən qadağanın mənası  nə idi? Peyğəmbər olan Adəmin isməti ilə üsyan necə düz gəlirdi?

Quranda vədə verilən Cənnətin əlamətlərindən nəticə almaq olar ki, xilqətin başlanğıcında olan Adəm və Həvvanın Cənnəti vədə olunan Cənnət deyil. Qurani-Kərimdə Allahın vəd etdiyi Cənnət əbədidir (ora daxil olan çıxarılmaz) və o müxtəlif ayələrdə belə vəsflənir.

Onlar orada bir-birinə qədəh ötürəcəklər. Onda nə lağlağılıq, nə də günaha təhrik vardır. (52/23)

Biz onların ürəklərindəki kin-küdurəti çıxardıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər. (15/47)

Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardıq. Onların altından çaylar axar...(7/43)

Belə nəzərə gəlir ki, Adəm cərəyanı insan üçün həyat həqiqətlərinin dərkidir ki, insan özünü Yerdə yaşayış və tədrici təkamülə görə ilahi xilafətə tərəf hazırlasın. Birinci mərhələdə istedadlarının tanınması nəzərdə idi ki, xilafətin təyini, mələklərin sualı, Allah-Təalanın cavabı əsmanın təlimi şəklində gerçəkləşdi.

İkinci mərhələdə insanlıq üçün dost və düşmənin tanınması araşdırıldı ki, bu da səcdəyə əmr,  mələklərin qəbul etməsi və İblisin üsyanı ilə aydınlaşdı.

Üçüncü mərhələdə bu istiqamətdə insanın zəif nöqtələrinin tanınması araşdırıldı. Yəni bu tədrici təkamül hansı maneələrlə üzbəüzdür.

İnsan xəlifə olmaq istedadına malik olsa da, daxilində olan tamah və nəfsi şeytanın cövlan etdiyi yerdir və o bu yolla insanın sorağına gəlir.

Belə ki, Cənnət və qadağan olunmuş ağac cərəyanı insanın seyrinə maneələrin dərkidir. Bu aləm yer aləmi deyildir ki, ilahi vəzifə, itaət və üsyan  mənasında gerçəkləşsin. O aləm öyrənmə, vəzifə aləmi üçün hazırlıq aləmidir və hazırlıq mərhələsində üsyan şəriət baxımından üsyan deyil, yerdə   yaşayış və təhlükələr üçün xəbərdarlıq və agahlıqdır.

Allah-Təala Yerdə xilafət məsuliyyətini çiyninə götürmək və kamal yolunu qət etmək istəyən insan üçün bir insanşünaslıq  sinfi təşkil etmişdir ki, dünyəvi həyatda mələklər və şeytanın insanşünaslığına əsasən yaşamasın, özünü maddə, ya heyvan səviyyəsinə qədər alçaltmasın və hətta mələklər mərhələsində dayanmasın.

 

Həzrəti-Adəmin tövbəsi

Hazırlıq aləmində tövbə keçmiş hərəkətin həqiqətini dərk etməkdir. Allah-Təala bu mərhələdə insana öyrətmək istəyir ki, "xəta və günaha düşdünsə, bu, işin sona çatması, təkamül yolunda ola bilməzsən"- demək deyildir. Tövbə insana günahının əvəzini ödəmək üçün şərait və imkanların yaranmasıdır.

Quran ayələrinə əsasən deyə bilərik ki, insanın tövbəsi (onun Allaha qayıtması) Allahın iki tövbəsinin qəbuludur.

Tövbə surəsinin 118-ci ayəsində oxuyuruq:

Sonra Allah tövbə üçün onlara tərəf qayıtdı (9/118)

Bu ayə birinci tövbəyə işarədir.

Tövbə lüğətdə mütləq şəkildə qayıtmadır. Allaha aid ediləndə, "Allah tövbə etdi"- deyiləndə mənası budur ki, Allah mərhəmət və lütfü ilə bəndənin tövbə imkanını yaratdı, bəndəyə qayıtdı və qəlbində tövbə etməyi ilhamlandırdı və ya bəndənin tövbəsini qəbul etdi.

Onun tövbəsini qəbul etdi. (2/37)

Bu ayə isə Allahın ikinci tövbəsi ilə bağlıdır

Yəni Allah günah nəticəsində bəndəni məhrum etdiyi rəhmətinə qaytarır ki, bu da  bəndənin tövbəsinin qəbul olunmasıdır.

Adəm xilafətullahın məqsədini, əsmanın öyrənilməsi yolunu, mələkləri dostu, şeytanı xarici düşməni, tamah və nəfsi daxili düşməni, xəta və günahın ödənilmə yolu olan tövbəni bildikdən sonra insanşünaslıq kursunu bitirmiş sayılır.

Bəqərə surəsinin 30-cu ayəsinə əsasən Allah-Təala Adəmi Yerdə xəlifə təyin etmək istəyir.

Həqiqətən, Mən Yerdə xəlifə təyin etdim (2/30)

Adəm ona görə Yerə endirildi ki, ya ixtiyari təkamüllə hidayəti seçsin və ona tabe olsun, ya da hidayəti təkzib etsin və Allah buna da hazırlıq yaratmışdır.

 

ƏDƏBİYYAT:

1. Amoli Cavadi, Təsnim – Təfsir-e Qoran-e Kərim. Celd-e əvvəl. – Qum, 1389

2. Amoli Cavadi, Təfsir-e mouzui-ye Qoran-e Kərim. Surət və sirət-e ensan dər Qoran. Celd-e çəhardəhom. – Qum, 1381

3. Əşkuri Həsən Yusifi. Bazxani-ye qesse-ye xelqət. – Tehran, 1376

4. Şirazi Məkarim. Təfsir-e nomune. Celd-e əvvəl – Tehran, 1375

5. Təbatəbayi Seyyid Muhəmməd Hüseyn. Təfsir əl-mizan. Celd-e əvvəl – Tehran, 1376

 

 

 Məhəmməd Baqir Saivər
 
Reza LTD