SÖHBƏTLƏR

 

Orta əsrlərdə fəlsəfə

Fəlsəfə ağılın inkişafı və onu həqiqətləri dərk etmək üçün araşdırma aparmağa sövq edən bir elmdir. Düzdür, bəşərin nə şərqlisi qərblidən, nə də qərblisi şərqlidən heç nə ilə üstün deyil. Amma fəlsəfənin inkişaf tarixinə nəzər saldıqda bunların bir-birinə olan təsirini müşahidə edirik. Burada söhbət fəlsəfənin geniş mənada inkişafından gedir. Lakin fəlsəfə Qərbin özündə belə özünəməxsus bir inkişaf yolu keçmişdir ki, bu məqalədə orta əsrlər dövrünə toxunulur. Unutmamalıyıq ki, fəlsəfə daim dinlə əlaqədə inkişaf etmişdir.

Fəlsəfə Qərbdə Roma imperatorunun xristianlığı qəbul etməsindən sonra öz tənəzzül dövrünə qədəm qoydu. Üçüncü əsrdən etibarən xristianlığın Avropada yayılması ilə azad əqli düşüncəyə son qoyuldu. Bu qaranlıq əsrlər adlanan dövr min il davam etmişdir. Həmin dövrdə insanının azad əqli düşüncəyə malik olması fikri alt-üst olunmuşdu.

İslam dininin məntiqində isə ağıl azaddır. Nəfsə tabe olan ağıl qəbul olunmur. Əgər məntiqin, təfəkkürün varsa, mübahisə et və həqiqət sənə aydın olsun. Xristianlığın yayılmasında imperatorun öz məqsədi var idi. O, məqsədini gerçəkləşdirmək üçün insanın sərbəst düşünməsinə maneələr axtarırdı. Beləliklə, imperatorun göstərişi ilə insan ağlının məhdud olması barədə şayiələr yayıldı və insanlar tədricən əqli elmləri kənara qoyub xristianlıq dininə yaxınlaşmağa başladılar. Onların atdığı bu səhv addım həm dinin təhrifinə, həm də fəlsəfə elminin naqisliyinə səbəb oldu. Belə ki, deyirlər bundan sonra Romanın üçallahlığı İsanın (ə) təkallahlığı ilə barışdı. Bu fikrimizi sadə bir misal ilə izah edək: Məsələn, fərz edək iki nəfər şərik ticarətlə məşğuldur. Birinin dinə münasibəti müsbət, digərininki isə mənfidir. Onlar ticarətlərində razılığa gələ bilirlər. Amma fikirləri ziddiyyət təşkil edir. Bunların barışığı bir-birinə zidd olan bir barışıqdır. Romada həmin dövrdə bütlər mövcud idi. Onlardan ata, ana, müqəddəs ruh, yer, göy və onları bir-birinə bağlayan və s.-ni göstərmək olar. Roma imperatorunun xristianlıqla barışığı fikirlərin yox, fikir sahiblərinin barışığı idi ki, bu məsələ öz  daxilində böyük ziddiyətə malik idi. Məlum olduğu kimi, belə hal özünü axırda biruzə verəcəkdi. Beləliklə xristianlıq dini yavaş-yavaş tövhiddən (təkallahlılıqdan) uzaqlaşmağa başladı. Hələ ilk dövrlərdən bu fikirlərdə olan təzadlar özünü bariz şəkildə göstərmişdi. Onlar qəbul etdikləri və bütləri ilə barışığa gətirdikləri dini əsaslandırmağa çalışırdılar. Buna görə də özlərinə fəlsəfi bünövrələr axtarmağa başladılar. Qərbdə “sxolostika” adlanan məktəb dini əsaslandıran bir fəlsəfi cərəyana çevrildi, “Sxolostika”fəlsəfəsinin məqsədi dini etiqadları əqli cəhətdən əsaslandırmaq idi. Lakin bu fəlsəfi məktəb Aristotel fəlsəfəsinə qarşı mənfi münasibət bəsləyirdi. Ona görə ki, Aristotel fəlsəfəsi azad fikrə, düşüncəyə əsaslanırdı. Sxolostika fəlsəfəsi eşq və irfana əsaslanan Platon fəlsəfəsinə daha çox əhəmiyyət verirdi. Buna görə də Aristotelin fikirləri müxalif fikirlər kimi təqdim olunur və onun fəlsəfəsinin tədrisinə icazə verilmirdi.

Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, bir tərəfdə, yəni Qərbdə azad düşüncə həbsə alındıqda, digər tərəfdə, yəni Şərqdə İislamın gəlişi ilə azad təfəkkürə böyük üstünlük verildi. Səlib yürüşlərindən sonra İbn Sinanın, İbn Rüşdün fəlsəfi fikirləri xristian aləminə nəql olundu. Bu dövrdə Şərqdə texnologiya da Qərbdən daha çox inkişaf etmişdi. Hətta Qərbdə bir imperator Şərqin qum saatını görəndə bunun şeytan əməli olduğunu bildirərək öz acizliyini göstərmişdir. Beləliklə, qərblilər qərbi Şərq vasitəsilə tanıyırlar. Nə üçün? Çünki Qərbin azad təfəkkürü kilsənin zindanlarında həbs olunmuşdu.  İbn Sinanın, İbn Rüşdün fəlsəfəsi Aristoteli də onlara tanıtdırdı. Onlar tədricən dinin düzgün dərk olunmasında azad təfəkkürün əsas rolunu anlamağa başladılar. Onlar etiraf edirlər ki, biz özümüzü islamla tanıdıq. Səlib yürüşlərindən sonra qərblilər Sxolostika fəlsəfəsinin onların təfəkkürlərini və müstəqil düşüncələrini çərçivəyə saldığını və artıq onun mənfi bir məktəb olduğunu anlamağa başladılar.

Yuxarıda dediklərimizi qısa şəkildə belə yekunlaşdıra bilərik: Xristianlığın Avropada yayılması və kilsənin Roma imperatorluğu ilə birləşməsindən sonra elmi mərkəzlər hakim orqanların nüfuzu altına düşdü. Belə ki, 6-cı əsrdə Afina və İsgəndəriyyə məktəb və universitetləri bağlandı. “ Orta əsrlər dövrü” adlanan bu min ilin xüsusiyyəti o idi ki, kilsə sözün əsl mənasında elmi mərkəzlər və universitetlərin proqramına hakim idi.

Bu dövrün fəlsəfi şəxsiyyətlərindən olan Ser Avqusto xristian əqidəsini fəlsəfi əsaslarla, xüsusilə Platon və neoplatonizm fikirləri ilə bəyan etdi. Ondan sonra fəlsəfi bəhslərin bir hissəsi məktəb proqramlarına daxil edildi. Lakin hələ də Aristotelin fikirlərinə qarşı etinasızlıq hökm sürürdü. və onun fikirləri dini əqidəyə müxalif kimi təqdim olunurdu. Qeyd etdiyimiz kimi sonralar onun fikirləri Qərbdə islam filosofları vasitəsilə tanıdılmağa başladı.

Getdikcə kilsə bu fəlsəfi cərəyanın  müqabilində  müqavimət göstərə bilmədi. Nəhayət Ser Tomas Akveni Aristotelin fəlsəfi fikirlərinin çoxunu qəbul etdi və onları araşdırmağa başladı. Bir sözlə, fəlsəfə orta əsrlər dövründə Qərbdə nəinki tərəqqi etmirdi, hətta öz tənəzzül dövrünü keçirirdi. Avropada xristianlığın təhrif olunmuş əqidələrini izah edən, əsaslandıran yeganə fəlsəfə sxolostik fəlsəfə idi. Təbii ki, belə bir fəlsəfənin taleyi ölüm və məhvdən başqa bir şey olmayacaqdı.

 İnsan düşüncəsi düzgün şəkildə qurulmalıdır. Düzgün şəkildə qurulduğu təqdirdə davamlı olar. Əks halda onun məhv olma təhlükəsi vardır. Sxolostika fəlsəfəsi nə düzgün din, nə də düzgün fəlsəfə idi. Bu fəlsəfənin nümayəndələri həm din, həm də fəlsəfədən sui-istifadə edirdilər.

Fəlsəfə azad təfəkkür və əqlin inkişafıdır. Din isə ibadət, ilahi vəzifələri yerinə yetirməkdir. Fəlsəfə insanı müstəqil düşünməyə dəvət edir. Dinə məhdud əqlə əsaslanan fəlsəfi don geyindirdikdə, özünün ilahiliyini və müqəddəsliyini itirər. Biz həm dində, həm də fəlsəfədə diqqətli olmalıyıq. Hərkəs fəlsəfəni din, filosofu isə peyğəmbər hesab etsə, hər ikisinə zülm etmiş olur. Fəlsəfə bəşər əqlinin məhsulu, din isə ilahi vəhydir. Əgər kimsə dini, fəlsəfə dərəcəsinə endirsə, fəlsəfədə olan cüzi səhv dinin səhvi kimi dərk olunacaq və bu da dini gerilik kimi təqdim edənlərin əlinə əsas verəcək. Sxolostiklər azad fikri məhdudlaşdırdıqda dini də həbs etdilər.

Ümumiyyətlə, iki istiqamət mövcuddur. Biri yuxarıdan aşağı, digəri isə aşağıdan yuxarıdır. Birincisi vəhy, digəri ağıl və fəlsəfədir. Ağıl kamala çatanda həqiqət aşkar olur. Yarı din, yarı fəlsəfə olması mümkün deyil. Çünki ağıl hələ inkişafdadır və mümkündür ki, bəşərin səhvləri olsun. Digər tərəfdən qeyd etdiyimiz kimi, söhbət sağlam ağıldan gedir. Əgər ağıl qərəzlidirsə, onun təkamülündən danışmaq düzgün deyil. Bu cür bəşəri fikirlər din adı ilə təqdim oluna bilməz. Biz Quranı tənqid edə bilmərik. Çünki Quran ilahi kitabdır, amma Quranı fəlsəfiləşdirdikdə hər ikisinə zülm etmiş olurıq. Naqis ağlın dinlə təzadı çoxdur, kamil ağlın isə heç bir ziddiyəti yoxdur. Biz heç vaxt Quranın müəllimi ola bilmərik. Bizim müəllimimiz Allah, Onun Rəsulu və Qurandır. Yəni biz Qurandan qabağa gedə bilmərik və həmişə onun qarşısında şagird kimiyik. Quran nə naqis, nə də artıqdır ki, onda islahat aparıb təkmilləşdirək. Amma fəlsəfədə ola bilər ki, bir qədər irəli gedək. Fəlsəfədə islahat məna kəsb edir.

Beləliklə, bir-birinə zidd fikirlərin qarışması Avropada həm dinin həm də fəlsəfənin axırına çıxdı, Avropada renesans dövrü başladı. İnsanların həm dinə, həm də fəlsəfəyə münasibəti dəyişdi.

Əgər bir nəfər Molla Sədra fəlsəfəsini qəbul etməsə, ona kafir demək olmaz. Quranın dediyini, ilahi kəlamı qulaq ardına vurmaq kafirlikdir. Yəni fəlsəfi təfəkkürü qəbul etməklə dini qəbul etmək arasında fərq vardır. Amma ola bilər ki, Molla Sədra fəlsəfəsindəki fikir Quran ayəsilə üst-üstə düşsün. Bunun qəbul olunmaması Qurana görə kafirlik  sayila bilər .

Sxolostika fəlsəfəsinin yaratdığı ziddiyyət renesans dövründə dinin və fəlsəfənin meydandan çıxıb öz yerini təcrübi elmlərə verməsinə səbəb oldu. 16-cı əsrdə Kopernikin, Keplerin və Qalileyin nəzəriyyələri Aristotelin və Platonun fikirlərini alt-üst etdi. Bildiyimiz kimi, Aristotel fizika, məntiq və riyaziyyat elmlərilə yanaşı fəlsəfədə də məşhur alim idi. Bir alimin müəyyən bir sahədə səhvinə görə onun bütün nəzəriyyələrini tamamilə rədd etmək düzgün deyil. Aristotelin fizika sahəsində etdiyi səhvinə əsasən fəlsəfəsinin də səhv olduğu fikri yayılmağa başladı. Renesans dövründə məsələyə səhv yanaşıldı və din ilə fəlsəfə tamamilə kənarlaşdırıldı. Kilsə də onlara qarşı yanlış mövqe tutdu və alimlərin qətlinə fərman verdi. Dediyimiz kimi, din ilə fəlsəfənin qarşılığından doğan bütün səhvlər kilsənin boynuna qoyuldu. Belə bir şəraitdə bunlardan daha təhlükəli bir cərəyan, “humanizm” cərəyanı yarandı və Allahın varlığı tamamilə kənara qoyuldu və guya insana əhəmiyyət artdı!

 

 Məhəmməd Baqir Saivər
Reza LTD