Nəcm surəsinin təfsiri (1)

341

Nəcm surəsinin təfsiri (1)

 

Bismillahir rəhmanir rəhim

“Vən nəcmi iza həva. Ma zəllə sahibukum və ma ğəva. Və ma yəntiqu ənil həva. İn huvə illə vəhyun yuha”

Bu, Nəcm surəsinin əvvəl ayələridir. Nəcm surəsi Məkkədə nazil olub. Məkki surələrin xüsusiyyətləri budur ki, üsuliddindən bəhs edir. Əgər əxlaq, hüquq və şəriətdən də bəhs etsə, ümumi əxlaqdan bəhs edir, ümumi əhkam və hüquqdan bəhs edir. Xırdalıqları ilə, şəriət olaraq təfsilatı ilə, Mədəni surələrdə bəhs olunur.

Adətən, Məkki surələrin əvvəli ya Tövhidlə, ya nübuvvətlə və yada məadla başlanar. Məsələn; Zariyat surəsi, Tur surəsinin əvvəli məadla başlanıb. Yasin surəsi, Nəcm surəsi, Qaf surəsi, nübuvvətlə başlanıb.

Məkki surələrinin başlanğıcı üsuliddinin biri ilə başlanır. Bəzisi tövhidlə, bəzisi nübuvvətlə, və yaxud da məadla başlanır.

Nəcm surəsi bir neçə hissədən ibarətdir.

Bir hissəsi, vəhyin həqiqətini izah etməkdir (ulduza and içəndən sonra, vəhyin həqiqətindən söhbət edir. “Peyğəmbər vəhydən başqa bir şey demir”)

Bu surənin ikinci hissəsi, peyğəmbərin meracından başlayır və o meracdan biraz izah edir (əlbəttə, müxtəsər olaraq, qısa kəlmələrlə izah edir)

Bu surənin üçüncü hissəsində, müşriklərin və bütpərəstlərin yerinə yetirdikləri xurafatları (bütə pərəstişləri, mələklərə pərəstişi və s. işlər ki, həvayi-həvəsə uyğun işlər idi) izah edir və insanları məntiqə dəvət edir.

Dördüncü hissəsində - insan nə qədər əyri yol getsə də, tövbə edib qayıda bilər - bunu başa salır.

Digər hissələrdə Qiyamətdən bəhs edir və keçmiş qövmlərdən (onlar ki, bəlaya mürtəkib olublar) onları xatırladır.

İnsanın əqidəsini möhkəmlətməkdə bir növ tərbiyəvi nüsxədir. Həm tövhiddən, həm məaddan, həm də nübuvvətdən söhbət olub. Bu surə, bir mənəvi və ruhi nüsxədir ki, insana nazil olub.

Bu surəsinin oxunmasının fəzilətləri haqda bir çox hədislərimiz vardır. Hədislərimizdə qeyd olunub, hər kim bu surəni oxusa, Allah taala müsəlman və kafirlərin sayı qədər həmin şəxsə savab əta edər. Özü də hər birinin əvəzinə on qat savab verər. Bilirsiniz ki, bu savablar o zaman yazılar ki, insan bu surəni oxuya, mənasını dərk edə və əməldə, öz həyatında tətbiq edə.

“Vən nəcmi iza həva” And olsun ulduza, o zaman ki, “həva” qürub edir. “Həva” yəni, göydən aşağı enir, sizə yaxınlaşır. “Ğərubə” sözü ilə fərqi budur ki, “ğərubə” daha çox batmaq mənasını verir. Amma “həva” sözü yəni, aşağı enə. Düzdür, aşağı enəndə eyni zamanda həm də batır. Lakin, o enməsi də, yuxarıdan gəlib sizə yaxınlaşması da “həva” sözündə işlənir. “And olsun ulduza” (bu halətinə)

Bilirsiniz ki, Quranda ulduzlara and içilibdir. Həmçinin, günəşə, aya və o halətlərinə ki, parıldayırlar, işıq verirlər və s. bütün bunlara da Qurani-kərimdə and içilibdir. (Şəms surəsində)

Lakin, ulduzun ufuluna, ulduzun batmasına, ulduzun yuxarıdan enməsinə and içməyin fəlsəfəsi budur ki, Allah taala burada tövhidi çatdırmaq istəyir. Bilirsiniz ki, Həzrət İbrahim (ə) də ulduzların bu haləti ilə sübut gətirirdi ki, bunlardan Allah olmaz, bunlar pərəstişə layiq deyillər. O mövcud ki, batır, o mövcudun ki, ufulu var, Həzrət İbrahim (ə) buyurur ki, “mən batanları (o ki, çıxandan sonra batır) sevmirəm” (Ənam, 76 ayə)

O ulduz ki, batır onda bu iki məsələ var. Birincisi budur ki, Allah deyil. Çünki, Allah həmişə tədbir edər, həmişə hazır olar, həmişə idarə edər. Ulduzun batmağı onu göstərir ki, Allah deyil. İkinci məsələ göstərir ki, Allaha ehtiyacı var. Çünki, ulduzlar batır, tulu edir, hərəkət edir, dəyişilir. Hər bir mövcud, hər bir məxluq dəyişilir. Bu zaman həmin məxluqların dəyişənə və Xaliqə ehitiyacları olur. (Bəs, ulduzun batmasında, ulduzun tulusundan sonra ufulunda iki nəticə var)

Bu ayələrdə digər bir nöqtə budur ki, “nəcm”dən məqsəd ulduzdurmu? Və ya tamam ulduzlardırmı?

Təfsir aləmində bu haqda mübahisələr var. Bəziləri, sonrakı ayələrə görə “nəcm”i Quran məna ediblər. Çünki, Quran da bir növ “nəcm”dir. Lüğətdə “nəcm”in mənası “tədricən” deməkdir. Quran da tədricən, hissə hissə nazil olduğuna görə, Quran da “nəcm”dir. Bəs, “Vən nəcmi iza həva” And olsun Qurana, “iza həva” o vaxt ki, enir aşağıya və peyğəmbərin qəlbinə nazil olur. (Bu ayənin bir mənası bu olur) Bəs, “nəcm”i Quran kimi məna ediblər. Niyə Qurana “nəcm” deyirlər? Çünki, Quran tədricən nazil olubdur “iza həva” o vaxt ki, aşağı enir. Quranın bir tərəfi Allahın yanındadır, bir tərəfi də insanın əlindədir.

“Nəcm”in ikinci mənası ulduzlardır, bütün ulduzlar.

“Nəcm”in üçüncü mənası məxsus bir ulduzlardır (Sürəyya ulduzu kimi)

“Nəcm”in dördüncü mənası şəhablar oldu. Şəhablar, şeytanların göyə getməsinə bir maneədirlər. And olsun o şəhablara, and olsun o səmavi cihazlara ki, bu səmavi cihazlar (ki, şəhab adlanır) şeytanın göyə getməsinə və göyün sirlərindən xəbərdar olmasına maneə yaradır.

Ayənin zahiri, o üç nəzəriyyə ilə uyğun deyil. Ayənin zahiri budur ki, ulduza and içir. (ümumi ulduzlara) And olsun aşağı enməkdə olan ulduza.

Bəzi müfəssirlərin dediyinə görə, bu ulduzun merac bəhsi ilə uyğunluğu budur ki, necə ki, peyğəmbər göy aləminə getdi və sonra göydən aşağıya insanların arasına endi, bu ulduzlar da eynilə Rəsulullah (s) kimi, amma hər gün çıxırlar və batırlar. Yəni, oxşar cəhəti budur ki, peyğəmbər də bir insani ulduz idi ki, meraca getdi, o səmada tulu etdi (parladı) sonra da ordan aşağıya endi və bizə meracın sovqatlarını gətirdi.

Bəs, “Vən nəcmi iza həva” And olsun batmaqda olan ulduza.

“Ma zəllə sahibukum və ma ğəva” Sizin yoldaşınız (Muhəmməd (s) (haqdan) azmayıbdır, və ma ğəva” və məqsədini itirməyibdir.

İnsanların iki təhlükələri var və şeytan da insanları bu iki təhlükə ilə azdırar.

Birinci azdırma, məqsədsiz olmaqdır. İnsan məqsədini itirə, dünyada məqsədsiz yaşaya. Buna “iğva” deyərlər. Quranda da şeytanın işlərindən biri kimi “ləuğviyənnəhum” gəlib. Onların məqsədlərini itirərik. Dünyada məqsədsiz və hədəfsiz yaşayarlar.

İkincisi azdırma isə, insanın məqsədi olar, lakin yol azdırmağıdır, yollarını tapa bilməzdər. O məqsədə düz yol ilə gedə bilməzlər, yolu tapa bilməzlər. Səadət məqsədləri ola bilər, kamal məqsədləri ola bilər, düz iş görmək məqsədləri ola bilər, amma onun yollarını bacarmazdar.

Buyurur, peyğəmbər (s) həm məqsədini tanıyır (hədəflidir, məqsədlidir), həm də yolunu düz gedir. “Ma zəllə sahibukum” zəlalət yəni, yoldan azmaq. “Ma zəllə” yəni, yolunu düz gedir, yolunu azmayıb, sizin dostunuz (peyğəmbər-əkrəm (s) yoldan azmayıbdır) “və ma ğəva” və məqsəddən də çaşmayıbdır. Hər ikisi də peyğəmbərdə sağlamdır. Həm məqsəd sağlamdır, həm də yola bələddir, yolu tanıyır.

İnsanlar şeytan tərəfindən olan bu iki təhlükələrə düşərlər. Qurani-kərim bizlərə şeytanın hər iki işini də bəyan edir. Bir ayədə buyurur ki, (şeytan sizi) “ləuzillənnəhum” biz onları “izlal” edərik. “İzlal” yəni, yollarını azdırarıq, “zallin” olarlar, yolda itərlər.

Quran bəzi adamlar haqda da danışır ki, onlar “ğavun”durlar, onlar məqsədlərini itiriblər.

Bəs birincisi, məqsədsizlikdir ki, nəticədə insan yolu da tərs gedər. İkincisi budur ki məqsədi var, amma yolu düz gedə bilmir. Birinə “zall” deyələr, digərinə isə “ğavi” deyərlər. Peyğəmbəri-əkrəm (s) buyurur, “ma zəllə və ma ğəva” nə yolunu itiribdir, nə də məqsədini.

“Və ma yəntiqu ənil həva” Peyğəmbər öz meyli, həvəsi və nəfsi ilə danışmır. Peyğəmbərin istər Merac barədə sözləri, istərsə Quranın bütün ayələri, istərsə də peyğəmbərin buyurduğu hədislər “Və ma yəntiqu ənil həva” peyğəmbər ümumiyyətlə həva-həvəsi üzündən danışmaz.

Peyğəmbər həva-həvəs üzündən danışmazsa, o zaman peyğəmbər elm üzündən, əql üzündən danışar? Buyurur, xeyr. Çünki o “nəfyin” davamında ayrı bir cümlə buyurur. Fəqət buyurmur, həva-həvəsdən danışmaz. Buyurur, Peyğəmbər “Nəbiyullah”dır həva-həvəsdən danışmaz, həm də buyurur “in huvə illə vəhyun yuha” Peyğəmbərin danışığı, ona olunan vəhydən başqa bir şey deyil. Bəs, hər nə ki, peyğəmbər danışır hamısı vəhydəndir.

Qurani-kərimdə müşriklər, Peyğəmbərin danışığına bir neçə ünvan veriblər.

Birinci ünvan budur ki, peyğəmbərin danışıqları şeirdir.

İkinci ünvan budur ki, peyğəmbərin danışıqları sehrdir.

Üçüncü ünvan budur ki, guya peyğəmbər Allaha iftira edir. (Yəni, Allaha aid olmayanları, Allaha aid edir)

Dördüncü ünvan budur ki, peyğəmbər kahindir. Yəni, peyğəmbər bildiklərini, başqa bir mövcudatın yolu ilə öyrənibdir və sizə danışır.

Bəs, peyğəmbər haqda onların düşüncələri bunlar idi; kəhanət, sehr, şeir və iftira etmək. Bütün bu yanlış düşüncələri bu ayə nəfy edir, buyurur, “in huvə illə vəhyun yuha” Peyğəmbərin danışığı, ona olunan vəhydən başqa bir şey deyil.

Bəs, peyğəmbər həva-həvəsdən danışmaz, onun sözləri şeir deyil, sehr, kəhanət deyil, Allaha iftira deyil “in huvə illə vəhyun yuha”.

Sübutu da Quranın özüdür. İnsan əgər Qurana diqqət etsə, tədəbbür etsə (Quran özü bizi tədəbbürə dəvət edir “Aya fikirləşmirsinizmi?”) İnsan fikirləşsə, diqqət etsə Qurana, görər ki, Quran “kəlamullah”dır, bəşər kəlamı deyil. O zaman ki, Quran “kəlamullah” oldu, daha bəşər sözü, məcnun sözü, sahir sözü, şair sözü olmaz.

Bu ayə sənəddir həm bu cəhətə ki, Quran vəhydir, həm də bu cəhətə ki, peyğəmbərin (Qurandan başqa) danışıqları, onun cümlələri də vəhydir.

Vəhy iki növdür. Birincisi, vasitəli vəhydir ki, vasitə ilə vəhy olunar. Peyğəmbər məsumdur, xətasızdır, günahsızdır kəlmələri də həqiqətdir. İkincisi də budur ki, Allah birbaşa ayə olaraq nazil edibdir.

Hər halda, həm Quran ayələri “ma yəntiqu ənil həva. İn huvə illə vəhyun yuha” həm də peyğəmbərin sözləri, sünnə də “ma yəntiqu ənil həva. İn huvə illə vəhyun yuha”

 

 

 



Reza LTD