Nəcm surəsinin təfsiri (4)

271

Nəcm surəsinin təfsiri (4)

 

Bismillahir rəhmanir rəhim

“summə dəna fətədəlla”, “fəkanə qabə qəvsəyni əv ədna”.

Bu ayələr merac ayələridir. Bu ayələr Qurani-kərimdə iki hissədə gəlibdir. Bir hissəsi İsra surəsinin 1-ci ayəsidir ki, İsra da o ünvandadır (gecə seyr etdirmək) Bir hissəsi də Nəcm surəsindədir.

Merac özü iki bölümdür. Bir bölümü yerdədir, Məscidul-həramdan (Məkkədən) Beytul-müqəddəsədir. Beytul-müqəddəsdə Peyğəmbərimizin camaat namazı qılması var, Beytul-müqəddəs peyğəmbərlərin ruhları ilə mulaqatı var.

Bir hissə də Beytul-müqəddəsdən göylərədir, yeddi göydür, ərşdir, behişt, cəhənnəm və s.

Birinci hissəyə İsra deyərlər. İsra surəsinin birinci ayəsi bu məsələ barəsindədir. İkinci hissəyə Merac deyərlər. Nəcm surəsinin ilk ayələri o barədədir.

Meracın məsələsi hədislərimizdə də çoxdur. Meracdan məqsəd, böyük nişanələri görmək idi. Peyğəmbəri-əkrəm ümmətin Rəsuludursa, hadisidirsə, gətirdiyi din Qiyamətə qədər əbədi bir dindirsə, özü “rəhmətən lil aləmin”dirsə, “mubəşşir” və “siraci munir”dirsə, o zaman gərək aləmdə çoxlu və böyük nişanələri görə və müşahidə edə. Peyğəmbər-əkrəm o böyük nişanələrlə insanları hidayət edir.

Bu ayələrdən həm də belə çıxır ki, böyük nişanələri görməkdən əlavə (Cəbraili görməkdir, behişti görməkdir, ərşi görməkdir, göyləri görməkdir, peyğəmbərlərlə görüş idi, mələkul-movtu (ölüm mələyi) görməkdir və s.) Allahla da şühud etməkdir.

Bilirsiniz ki, insanın üç növ dərki var.

Biri hissi dərkdir. İnsan (cismləri) gözü ilə görər, qulağı ilə eşidər.

Bir hissə mövcudat var, insan bunları əqli ilə sübut edər və dərk edər. Bunlar da idarkdır, dərk etməkdir, mərifətdir, amma əql yolu ilə. (hiss yolu ilə deyil) Biz insanlar əql yolu ilə Qiyaməti sübut edirik. Məsələn, Allah adildir, qiyamət günü olmalıdır, Allah həkimdir, qiyamət günü olmalıdır, insan əbədi ruha malikdir, qiyamət günü olmalıdır və s. Bu əql yolu ilə mərifət tapmaqdır, əql yolu ilə dərk eməkdir.

Bir düşüncə, bir mərifət, bir dərk etmək də, qəlb yolu ilədir ki, adına “şühud” deyərlər. İnsan qəlbi ilə görə, müşahidə edə, buna kəşf, şühud deyərlər. İrfanın məqsədi odur. Necə ki, fəlsəfənin məqsədi, əql ilə mərifət tapmaqdır, sübutla düşüncəyə yetişməkdir.

Peyğəmbər meracda Allahın böyük nişanələrini – cənnəti, böyük mələkləri, peyğəmbərləri, ərşi və s. gördü. Bütün bunlardan əlavə Peyğəmbər-əkrəm “şühud” məqamına yetişdi və qəlbi ilə Allahı müşahidə eylədi. Buna “şühud” məqamı deyərlər, “liqaullah” deyərlər. Dini maarifdə, mürəkkəb maariflərdən biridir.

Allah taala bu “şühud” məqamını izah edəndə, bu cümlələrlə izah edir: “summə dəna fətədəlla” o qədər yaxınlaşdı ki, “fətədəlla”. “Tədəlla” sözü, “Dəlv” sözündəndir, vedrə. Yuxarıdan quyunun üstündən, quyunun içinə vedrə “dəlv” sallasalar “ədla”, “dəlla” deyərlər.

Quranda da bu söz işlənibdir. Əraf surəsinin 22-ci ayəsində buyurur ki, “fədəlləhuma bi ğururin” şeytan Adəm və Həvvanı aldadır. Burada “dəlla” “dəlv” (yəni, vedrə) sözündəndir. Yuxarıdan aşağıya sallamaq. Guya yuxarıdan aşağıya bunlara ip sallayır taki, bunları yuxarı çəksin.

“Tədəlla” sözü, bir də “Dəlly” sözündəndir. Tədliyə - fədəna – fətədəlla. Ərəb dilində buna, meyvənin ağaca birləşməsinə deyərlər. Meyvənin ağacdan sallanmasına, ağaca bağlı olmasına “dəlla” deyərlər.

Başqa ibarə ilə desək, yuxarıdan aşağıya sallanmağa “dəlv” deyərlər. Amma aşağıdan yuxarıya bağlı olmağa “dəlly” deyərlər. Elə bu ayə də o cürdür, buyurur ki, Rəsuli-əkrəm yaxınlaşdı, yaxınlaşdı (çünki, aşağıdan gedirdi yuxarıya) meyvə ağacına necə bağlı olardı, asılı olardı, o cür də Peyğəmbər Allah taalanın məqamına yaxınlaşdı və bu həddə fasiləsi oldu.

Bu ayələr insanın ən yuxarı dərəcəsini, şühudu, Allaha yaxınlaşmağını bu ibarələrlə izah edir. Daha kəlmə yoxdur, bu ibarələrə, bu mənəvi, qəlbi müşahidəyə ki, bu şühudu bu kəşfi izah edək. Allah taala da bunu, təşbihlə, kinayə ilə buyurur, “iki kaman qədəri fasilə oldu.”

Amma insan necə Allaha yaxınlaşar və bunun yolu nədir? Bu haqda müxtəlif cəhətlər bəhs oluna bilər. Mən bir cəhətini ərz edirəm. Bizim hədislərimizdə var ki, insan ibadət yolu ilə Allaha yaxınlaşar. İnsan vacib ibadətdən sonra (namaz, oruc kimi) müstəhəbbatı, nafiləni həyatının proqramı qərar versə, (hədis belədir (qüdsi hədisdir) “Bəndəm, ardıcıl (sürətlə) Mənə yaxınlaşar, nafilələrlə, müstəhəb ibadətlərlə.” Vacib namazdan əlavə, əgər insan öz həyat proqramına müstəhəb namazları da əlavə edərsə, bu əməl insanı Allaha daha da yaxın edər. Allaha o dərəcədə yaxınlaşar ki, Allahın məhbubu olar. Biri budur ki, insan “muhib” ola, Allah məhbubu ola, Allahı sevə. Biri də əksinə olar, insan bir dərəcəyə yetişə ki, Allah muhib ola, Allah sevən ola, insan Allahın məhbubu ola.

İnsan nafilələrlə bir dərəcəyə yetişər ki, “məhbubi İlahi” olar. O zaman ki, “məhbubi İlahi” oldu, davamında bu işlər baş verər, buyurur, o zaman mən onun eşidən qulağı olaram. Eşidən zaman elə bil ki, mən eşidirəm. Mən onun görən gözü olaram. Mən onun dili olaram. O vaxt ki, Allah insanın dili oldu, həmin bu “Nəcm” surəsinin ayələri baş tutar. “Ma yəntiqu ənil həva” olar. Həva-həvəsdən danışmaz, çünki Allah onun dilidir. İnsan bir məqama yetişər ki, Allah onun dili, qulağı, gözü olar. Allah onda təcəlli edər. O vaxt ki, insanda, insanın əzalarında, gözündə, qulağında, əlində Allah təcəlli etdisə, daha bu adamdan batil iş baş verməz. Nə iş görsə də, bu haqq olar.

Bu hədisin adı “Qurbe nəvafil” adlanır ki, insan nafilələrlə Allaha yaxınlaşar, müstəhəb namazlarla Allaha yaxınlaşar.

Bu Yaradana yaxınlaşmağın yollarında biri idi ki, Allah taala bu qüdsi hədisdə buyurdu.

Bəs, insan meraca yetişir, Rəsulullah meracda bu həddə çatdı ki, dəna fətədəlla”. İnsanın məqamı belə bir məqamdır. Hətta mələklər də bu məqama çata bilməzlər.

Ərz etdik ki, bu ayələr kamil insanla Allahın əlaqəsidir, nəinki, kamil insanla mələk Cəbrailin. Bu yerlərdə Cəbrailin yeri yoxdur.

“Fəəvha ila əbdihi ma əvha” Orda (Allah) Öz bəndəsinə nazil edəcəyini vəhy etdi. Bu vəhy vasitəsiz vəhydir.

Qurani-kərimdə Şura surəsinin 51-ci ayəsində buyurur ki, vəhy üç cürdür. Allah-taala üç cür bəşərlə danışar (öz Rəsulu ilə) Bəşərin Allahla danışmaq üçün belə bir məqamı yoxdur, məgər ki, bu üç yol vasitəsilə. Bəşər bu üç yolun biri ilə Allahla danışa bilər.

Biri budur ki, Allah vəhy edə. Bu vəhy birbaşa danışmaqdır.

İkincisi budur ki, Allah-taala ayrı bir məxluqda söz yaradar (bu hicab olar) onun vasitəsi ilə bəşərlə danışar. Necə ki, Allah-taala ağacda səs yaratdı və bu ağac Hz.Musa (ə) ilə danışdı. Burada Allah danışır, amma səsi ağacda yaradır.

Üçüncüsü isə, Allah taala rəsul göndərər, Cəbrail göndərər, mələk göndərər və o mələk Allahın vəhyini çatdırar.

Bəs, Şura surəsinin 51-ci ayəsinə əsasən vəhy üç cürdür. Birbaşa olan vəhy, vasitə ilə olan vəhy (yəni, mövcudatla) elçi ilə olan vəhy (yəni, mələklə)

Nəcm surəsinin bu ayəsi buyurur ki, “Fəəvha ila əbdihi ma əvha” O məqam heç kimdə yox idi, heç bir mövcudda yox idi, dəna fətədəlla” idi (yaxınlaşdı, o qədər yaxınlaşdı ki, meyvə ağaca bağlılığı qədər yaxınlaşdı) orada olan bu vəhy, birbaşa vəhy idi. Sadaladığımız üç cür olan vəhylərdən əvvəlincisidir “Fəəvha ila əbdih”

Zürarə İmam Sadiqdən (ə) soruşur ki, bəzən peyğəmbərə vəhy nazil olanda, peyğəmbər mədhuş olardı. Bir, bihuşluq halı var, huşu əldən vermək, bir də bir növ hal var ki, insanda mənəvi yüksək halət baş verər. Buna mədhuşluq, dəhşətə çatmaq deyərlər. Bir, huşdan getmək var ki, bu əqldən aşağıdır. Bir də huşdan yuxarı, dəhşət var ki, insan hər hansı bir elmi məsələni kəşf eyləyə, ali, mənəvi bir ləzzətə çata. Orada dəhşətə yetişər. Buna, ərəb dilində mədhuş deyərlər (bu əqldən yuxarıdır). Bəzən vəhy nazil olanda Peyğəmbər bu hala çatardı, dəhşətə yetişərdi.

Zürarə İmam Sadiqdən (ə) soruşur ki, bunun sirri nədir? bu nədən olurdu? Peyğəmbərə vəhy nazil olanda belə olurdu?

İmam Sadiqdən (ə) buyurur ki, “Bu o zaman idi ki, Allahla Rəsulullahın (s) arasında bir şəxs yox idi.” Cəbrail vəhy gətirən zaman bu halət, bu dəhşət baş vermirdi. Amma əgər Allah-taala vəhyi birbaşa göndərirdisə, o zaman bu halət baş verirdi. “İza təcəlləllah ləh” O zaman ki, Allah taala birbaşa təcəlli edirdi. Həmin təcəlli ki, Həzrət Musada (ə) baş verdi. Həzrət Musa (ə) yerə yıxıldı, haldan getdi. Peyğəmbəri-əkrəm də dəhşət halına yetişərdi.

Bütün bunlar göstərir ki, insan bir məqama çata bilər, (Rəsulullah çatıb, kamil insan çatıb) o məqam “tədəlli” məqamıdır. O məqam bir məqamdır ki, ora mələklər çata bilməz. Allah taala orada Peyğəmbərə birbaşa vəhylər etdi (nəinki, vasitə ilə və yaxud da Cəbrail ilə)



Reza LTD