Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (13)

Loğman surəsinin təfsiri (13)

 

Bismillahir rəhmanir rəhim

“Lillahi ma fis səmavati vəl ərz innəllahə huvəl ğəniyyul həmid”

Allahı tanımaq, insana həm kamaldır, həm insanın başqa maarifinə və başqa əməllərinə bünövrədir. İnsan Allahı nə qədər çox tanısa, o qədər başqa maarif də aydınlaşar.

Mərifətullah insanın maarifində əsasdır, eyni halda ki, özü də kamaldır. Quran çoxlu ayələrdə Allahı bizə tanıtdırıb. İnsan Allahla nə qədər tanış olsa, o qədər Allaha yaxınlaşar, o qədər Allaha aşiq olar. Mərifətdən məhəbbət gələr. Məhəbbətdən isə həmd və itaət gələr. Yəni, Allahı nə qədər çox tanısan, görərsən ki,  bütün gözəlliklər, bütün xeyrlər, bütün nemətlər, aləmdə hər nə kamal var Ondandır. Elə ki, bütün kamal, bütün nemət Ondan oldusa, o zaman həmdə də O layiqdır, pərəstişə də O layiqdir, itaətə də O layiqdir.

Bu ayələrdə Allah taalanın ona yaxın “Əsmai husna”sından və Allahın sifətlərindən izah edir.

Xaliqiyyətini danışdıq. Malikiyyətini bu ayədə işarə eylədi “Lillahi ma fis səmavati vəl ərz” Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur.

Allah xaliqdir, Allah malikdir, aləmdə bütün məxluqun xaliqi Allahdır, aləmdə hər nə milk varsa, maliki Allahdır. Hər nə xeyrlər və nemətlər vardırsa Ondandır. Bəs, O, ğənidir, ehtiyacsızdır.

Başqaları bir şey düzəltmək istəyəndə, bunlara vəsait, materyal lazımdır, o materyalların surətini, formasını dəyişərlər. Amma Allah taala ğənidir, materyala ehtiyacı yoxdur. Yaradan zaman iradəsi ilə yaradır. Yaradanda “failun bil iradə”dir, “la bil hərəkat”.

Allah taalanın bir şeyi yaratmaq üçün elə deyil ki, vəasiti, materyalı olmalıdır. Bəs, ğənidir, özü də “ğəniyyi ələl itlaq” yəni, mütləqa ğənidir, ehtiyacsızdır mütləqa. Hətta yaradan zaman materyal, vəsait lazım deyil. Tamam aləmin Xaliqidir, aləmin Malikidir və Ğənidir.

Xəzinələrin hamısı Onundur. O zaman ki, bütün xəzinələr Onundur, əxlaqi nöqtəsi budur ki, insan başqasına həsadət etməməlidir. Başqasında o xəzinədən az bir miqdar var. Əgər insan istəyirsə o maldan, o elmdən, o nemətdən, o sərvətdən, o məqamdan bəhrələnsin, xəzinə Sahibi ilə əlaqələnsin. Xəzinə Sahibi ilə əgər əlaqələnsə, ondan daha çox bəhrələnə bilər.

Buyurur, həmiddir – həmd olunmuşdur, özü də qeydsiz həmiddir. Allah məhmuddur, həmd olunmuşdur. Həmid yəni, tərif olunmuş, sitayiş olunmuş. Sitayişə layiq Allahdır, həmdə layiq Allahdır, özü də mütləqa.

Mütləqliyi bu cəhətədir ki, aləmdə hər nə xeyir vardırsa - bu xeyir və nemət zahirdə insandan da baş versə, zahirdə bir cansızdan da baş versə, hamısı Allahdan irəli gəlir.

Bəs, aləmin xeyir bulağı, aləmin nemət bulağı, aləmin xilqət bulağı hamısı Allahdır. Bəs, Odur həmdə layiq, mütləqa.

Davamında Allah taala buyurur ki, sən, aləmdə nemətləri saya bilməzsən. Allahın feyzi və elmi saya gəlməz. Kəlimətullah məhdud deyil. “Kələmə” həm nemətlərə deyərlər, həm məxluqlara, həm də Allahın elmi  “kəlimə”dir. Nə Allahın elmi saya gələr və məhduddur, nə də aləm məhduddur və sonu var. Allah hər an yaradır.

Buyurur, “və ləv ənnma fil ərzi” əgər hər nə ki, yerdə var (Allah taala bəzi məsələləri misalla izah edər. Misalla izah etməyin xeyri budur ki, hamı başa düşər. Ona görə Quran fəlsəfi kitab deyil, hamı üçün hidayətdir. Quranda həm fəlsəfi ifadələr işlədilir, həm də misal işlədilir ki, hamı başa düşsün)

“min şəcərətin əqləm” hər nə ağac varsa yerdə, hamısını qələm edələr (ağac qələm ola)

“vəl bəhru yəmudduhu min bədihi səbətu əbhurin” (“bəhr”dən məqsəd aləmdə olan bütün sulardır) dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı. Yeddidən məqsəd ədəd deyil, yeddidən məqsəd çoxluqdur. Yəni, çoxlu dənizlər və sular da dünyadakı sulara kömək eyləyə (qələmin mürəkkəbi olaraq)

Bəs, tamam dənizlər mürəkkəb ola, əlavə yeddi qat bu dənizlərə kömək oluna (yəni, çoxlu sular da kömək edələr) tamam yer üzündəki ağaclar qələm ola, “ma nəfidət kəlimətullah” Allahın kələmələri qurtarmaz. Nə Allahın elmi qurtarar, nə də Allahın feyzi qurtarar. Nə aləmdəki xilqət, məxluqlar sona çatar, (daha Allah yaratmayacaq) nə də Allahın elmi (Allah bura kimi bilir, bundan o yana bilmir) sona çatar.

“İnnəllahə əzizun həkim” Allah taala Əziz və Həkimdir. Əziz – “əzaz” sözündəndir. “Əzaz” o yerə deyərlər ki, ora su girməyə. O ki, nüfuz götürməz, ona əziz deyərlər. Əgər bir şəxsə təsir qoya bilsən, bir şəxsə nüfuz edə bilsən, o əziz deyil. Əziz odur ki, ona nüfuz etmək olmaz. Quran əzizdir – çünki, Qurana nüfuz etmək olmaz, Quranı dəyişmək olmaz. Ona görə də Quran əzizdir. Əgər bir insan əzizdirsə, demək ki, həmin şəxs o həddə yetişib ki, batil ona nüfuz edə bilməz, pul və məqam onu azdırmaz. Belə bir şəxs əzizdir. Əziz odur ki, nüfuzun qarşısında dağ kimidir, möhkəmdir, onun şəxsi həyatına girmək olmaz, onun əqidəsini dəyişmək olmaz, onun davranış və əməlini dəyişmək olmaz.

Buyurur, Allah Əzizdir. Allaha nüfuz etmək olmaz. Allaha təsir qoymaq və ya Onu aciz etmək mümkün deyil, Allah Əzizdir.

Allah Həkimdir. Əzizlik səbəb olmur ki, Allah kiməsə zülm eyləsin, kiməsə təzyiq eyləsin. Əksinə Allah taala Həkimdir, hər nə iş görsə də hikmətilədir.

Bəs, Allahın həm qüdrəti var, o qədər qüdrəti var ki, başqası nüfuz edə bilməz və bu qüdrət də Allahın hikmətilədir. Bəs, bu aləmi idarə edən, İzzət və Hikmətdir.

Bu iki sifət demək istəyir ki, əgər Allahın xilqəti, əgər Allahın malikiyyəti, əgər kələmələr qurtarmırsa, hamısı buna görədir ki, Allah bu aləmi əzizlik və həkimlik sifəti ilə idarə edir. Aləm izzət və hikmət ilə idarə olunur və bu izzət və hikmət heç zaman qurtarmaz.

O kəs ki, izzət və hikmətlə yaşayır, onun həyatı əbədiləşər. O kəs ki, izzətsiz və hikmətsiz yaşayır, o müvəqqəti dünyadan bəhrələnə bilər. O əbədiləşə bilməz. O kəs ki, tez təsir altına düşər, o kəs ki, məqsədsiz işlər görər, o əziz və həkimin nümunəsi deyil.

Allah taala bu ayələrdə özünün nemətlərinin və kəlmələrinin heç vaxt qurtarmamağını izah edir.

Bir nöqtəni nəzərinizə çatdırım ki, “kəlmə” sözünün bir mənası ləfzdir. İnsanın işlətdiyi sözlər – o “kəlmə”dir. Çünki, bir mənanı çatdırır. Əslində “kəlmə” bir sözü, mənanı çatdırana deyərlər. Allah taala, məxluqlarına da yer üzündə “kəlmə” deyibdir. İsa (ə) da kəlimətullahdır. Tamam məxluqlar kəlimətullahdır. Niyə? Çünki, göstərir, nişanədir, Allahın qüdrətini, hikmətini, elmini və sair sifətlərini göstərir.

“Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi kəlməsi..” (Nisa 171)

Bəs, “kəlmə” sözü məxluqata da işlənibdir. Allahın kəlmələri qurtarmaz - deyəndə, bir mənası budur ki, məxluqat qurtarmaz. Bir mənası da budur ki, Allahın elmi və məlumatları qurtarmaz.

OXŞAR VIDEOLAR