Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (16)

Loğman surəsinin təfsiri (16)

 

Bismillahir rəhmanir rəhim

“Ələm tərə ənnəl fulkə təcri fil bəhri binimətillahi liyuriyəkum min ayatihi innə fi zalikə ləayatin likulli səbbarin şəkur”

Allah taala bu ayədə Özünün yer üzündəki nişanələrini izah edir. Allahı tanımaq üçün, mərifətullaha çatmaq üçün, müxtəlif yollar  vardır.

Birinci yol səmavi, ərzi nişanələri araşdırmaqdır. Allahın göydəki nişanələrini  (günəşin, ayın hərəkətlərini, ulduzların nəzmini)

İkincisi, yer üzündəki nişanələridir. Yer üzündə də “bəhri” dənizdə, “bərri” quruluqda.

Xaricdə (insandan qıraqda olanlara) “ayati afaqi” deyərlər. ”Afaq” yəni, insandan qıraq. Bu nişanələrin bəzisi göydədi (insan göydəki nəzm-intizama baxa) Bu nişanələrin bəzisi də yerdədi (yerdə də dəniz içində, yaxud quruluqdadır) bunların hamısı Allahı göstərir? Allahın nişanələridir.

Bir nişanə də insanın öz içərisindədir ki, “ənfusi ayat” deyərlər. “Ayat” yəni, nişanələr “ənfus” yəni, içəri deməkdir. İnsan öz içərisində Allahı tapar. Fitrət və s. insanın daxili sərmayələri, Allahı göstərir.

Bu ayə “afaqi” nişanələrdir. Yəni, qıraqda olan nişanələrdəndir. Allah taala insanın aparır dənizə ki, insan bu dənizə baxsın və görsün gəmi necə suyun üzərində dayanır. Bu bir sıra qanunlara və səbəblərə aslıdır. Əgər o səbəb nəticələr olmasaydı, bu gəmi suyun üzərində durmazdı.

Suyun öz qanunları var. Bəzi əşyalar suyun dibinə gedər və batar, bəzi əşyalar isə suyun üzərində qalar. Gəminin düzəldiyi vəsaitin də qanunları var. Hərəkət etməyin (istər küləklə olsun, istərsə də ya qeyri-küləklə) onun da öz qanunları var. Bu qanunların hamısı yığışır, nəticəsi bu olur ki, gəmi suyun üzərində durur və batmır.

Buyurur, düzdür ki, siz gəmi düzəltdiniz, amma qanunlarını Mən bu aləmdə yaratmışam. Mənim verdiyim nemətlə, o səbəblə gəmi hərəkət edir. O səbəblər olmasaydı, gəmi hərəkət etməzdi. Aləm səbəb nəticə dünyasıdır. Amma səbəblərə səbəblik verən Allahdır. Bu aləmdə əgər bıçaq kəsirsə, od yandırırsa və hər səbəbin nəticəsi vardırsa, bu səbəbin o nəticə ilə əlaqəsini Allah yaradıbdır. Allahın rübubiyyətinə daxildir.

Ona görə buyurur ki, “ələm tərə” siz görmürsünüzmü “ənnəl fulkə təcri” həqiqətən bu gəmi hərəkət edir “fil bəhr” dənizdə “binimətillah” Allahın nemətinin səbəbinə. “Bi”nin bir mənası səbəbdir. Məsələn, “kətəbtu bil qələm” mən, qələmin səbəbilə yazdım. Allahın nemətinin səbəbilə, gəmi hərəkət edir. Burada nemətdən məqsəd, “səbəblər”dir, Allahın qoyduğu qanunlardır. Allahın qoyduğu səbəb nəticələrlə gəmi hərəkət edir.

Bəzi təfsir alimləri “Bi”ni, “ilə” kimi məna ediblər. O zaman ayənin mənası belə olar, Gəmi, Allahın verdiyi nemətlərlə bir yerdə hərəkət edir. Yəni, gəmi boş hərəkət etmir ki, sizə aid olan nemətlərinizi (özünüz, malınız və s. kimi) bütün bunların hamısını gəmi daşıyır. Bəs, gəmi, o nemətlərlə bir yerdə hərəkət edir. Siz gəmi ilə müsafir kimi səfərə çıxırsınız, mallarınızı gəmi vasitəsi ilə daşıyırsınız.

Burada nemət, sizin əlinizdə olan əmtəə, maldır. Gəmi, sizin mallarınızı daşımağa vəsilədir, vəsaitdir.

Bəs, “binimətillah”ın bir mənası, Allahın qoyduğu səbəb nəticə qanunu ilə bu gəmi hərəkət edir. İkinci mənası isə budur ki, gəmi sizin mallarınızla hərəkət edir, onlarla bir yerdə hərəkət edir (tək və boş hərəkət etmir) Gəmi sizin xidmətinizdədir. Sizin özünüzü də aparır, malınızı da aparır. Sizi bir şəhərdən o biri şəhərə çatdırır. Malların bir şəhərdən o biri şəhərə daşınmasında ən böyük vasitə gəmidir. Hətta, indiki müasir dövrdə də, bu işdə gəmilərin mühüm rolu vardır.

“liyuriyəkum min ayatih” Allah Öz nişanələrini sizə göstərsin deyə, bu işləri Biz gördük və sizə bu vəsaiti tənzim etdik. Yəni, gəminin hərəkəti sizin mallarınızla bir yerdə və yaxud qanunlarla bir yerdə, bütün bunlar Allahın nişanəsidir. Allah istəyir Öz ayə və nişanəsini sizə göstərsin ki, onunla siz Allaha çatasınız.

Bir sıra ayələrdə bu məzmun “liyuriyəkum min ayatihi”dir.

Bəzi ayələrdə isə Allah taala buyurur ki, ta siz “litəbtəğu min fəzlih” Allahın nemətindən, fəzlindən istifadə edəsiniz. Yəni, Biz bu sistemi qurmuşuq taki, siz faydalanasınız. Biz bu quruluşu tənzim etmişik ki, siz ticarət səfərlərinə çıxasınız, ticarət səfərindən bəhrələnəsiniz və istifadə edəsiniz.

Bəs, bəzi ayələrdə “faydalanasınız, bəhrə aparasınız” mənasınadır. Bu, dünyada sizin həyatınızın şəraitini tənzim etmək üçündür.

Bəzi ayələrdə isə, necə ki, Loğman surəsinin bu ayəsindəki kimi, istəyir tövhidə əlaqələndirsin. Bunun vasitəsi ilə istəyirik, Bizi tapasınız. Bu işlərlə istəyirik görəsiniz ki, bir nizam verən var, bir quruluşu tənzim edən var. Bu aləm şüursuz olaraq, özbaşına tənzim olunmayıb, özbaşına qurulmayıb “liyuriyəkum min ayatihi” Taki, Allah taala sizə Öz nişanələrini göstərə.

“innə fi zalikə ləayatin” Belə gəmilərin nəzmlə, səbəb nəticə qanunu üzərində hərəkəti ayələr və nişanələrdir. “likulli səbbarin şəkur” Hər səbr edənə, hər şükür edənə nişanədir.

Əvvələn hamı nişanədən faydalanmaz. O adam nişanədən faydalanar ki, araşdırmağa hövsələsi ola, səbri ola. O yerdə ki, başa düşdü qəbul edib şükür eyləyə. Yəni, təhqiqatda da səbr və şükür lazımdır. Bir insan əgər təhqiqat edirsə, o yerdə ki, haqqa çatdı, orda təslim ola, bu şükür olar. O yerdə ki, hələ haqqa çatmayıb, tez qərar çıxardıb inkar etməyə, səbr edib hövsələ ilə davam edə. O insan ki, təhqiqat sahəsində səbr və şükür əhli ola, o, bu nişanələrə yetişər. Bəzi insanlar var ki, ateist olurlar, Allahı inkar edirlər, bir şübhə ilə imanları zəifləyir. Bunun səbəbi bundan irəli gəlir ki, onlar səbr əhli, şükür əhli deyillər. İzahı budur ki, insan mümkündür bəzi şeyləri öz həyatında görə, haqlığını başa düşə, amma göz yuma, burada şükür deyil. Bəzi şeylərə gərək hövsələ edə, ustad görə, kitab oxuya bir müddət sonra görərsən ki, həqiqət aydın oldu. İnsan səbr etməsə, haqdan məhrum olar. Şükür etməsə, çatdığı haqdan məhrum olar (birincidə haqqa çatmaz, burda isə çatdığı haqdan məhrum olar)

Bəs, bu ayə, bu nöqtəyə işarə edir ki, əgər nişanəliyi başa düşmək istəyirsənsə, təkcə gəminin rənginə baxma, təkcə gəminin böyüklüyünə baxma, dənizin suyuna başın qarışmasın. Bundan yuxarıya çıx, dərinləş. Əgər dərinləşsən, bu sistemi də görəcəksən. Suyun, gəminin qanunları sistemini. Bunun vasitəsi ilə bilərsən ki, bu aləmdə qanunlar hakimdi, bu aləmdə səbəb nəticə hakimdir. Necə ki, Eynşteyndən soruşurlar, sən Allahı necə tapdın? Cavab verir ki, mən, Allahı qanunların qoruyanı kimi tapdım.

Bu aləmdə əgər qanunu qoruyan olmasa (təkvindəki qanunlar, yəni, varlıq aləminin qanunlarını, yəni, səbəb nəticə sistemi. Bunların qoruyanı olmasa) müvəqqət olar (bu gün bu qanun olar, sabah olmaz) Bu varlıqda davamlı bu qanunlar hakimdir, bu varlıqda ardıcıl olaraq səbəb nəticə prosesləri vardır və bunun nəticəsində elm yaranır (elm bağlıdır, aləmdə, varlıqda səbəb nəticəyə) Əgər varlıqda səbəb nəticə olmasa, sən elm yarada bilməzsən, kimya, fizika elmi və s. elmlər də o cürdür. Hamısı bağlıdır, aləmdə qanun var, aləmdə səbəb nəticə var.

Bu alim deyir ki, mən, aləmdəki qanunların hafizi kimi Allahı tapdım.

Bu ayə də buyurur ki, səbr etsən, zahirdən dərinliyə keçsən onda görərsən ki, bu aləm bu qanunlarla özbaşına dayanmaz. Qəyyuma ehtiyacı var. Əgər bu aləm dayanıb və qaimdirsə, O Allah ki, Qəyyumdur (dayandırandır, bu qanunlarla bərpa edəndir) ona ehtiyacı vardı. (Bu ayənin bir mənası budur)

Ayənin ikinci mənası isə bundan ibarətdir ki, səbr və şükür etmək (çox səbr etmək və çox şükür etmək) insanı Allahı tanıyan edər. İnsan gərək çox səbr əhli ola. Müsibət və hadisələrdə səbr edə, nemətlərdə çox şükür edə. Sabir və Şakir bir dərəcədi (insan bir hadisədə səbr etdi, bir hadisədə şükür etdi) Amma o vaxt ki, insanda həmişə şükür etmək, həmişə səbr etmək xasiyyət yarandısa, o zaman Səbbar və Şəkur olar. Belə bir insan ayə tanıyan olar, daha bu insana aləmdəki ayələr və nişanələr gizlin qalmaz. Belə bir insan bu ayə və nişanələrdən faydalana bilər...

OXŞAR VIDEOLAR