İmamət - əbədi İslam bulağı
İmamət - əbədi İslam bulağı
İslam kamil və hərtərəfli bir dindir. Bu din bütün maddi və mənəvi, dünyəvi və axirəvi, fərdi və ictimai ehtiyacları nəzərə alaraq onları təmin etmişdir. İslam elə bir dindir ki, fərdi və cəmiyyəti tərəqqiyə, kamilliyə, Haqqa yaxın olmağa və Onun rizayətinə doğru hidayət edir, örnək və nümunələr vasitəsilə xaricdən, fitrət və əqlin vasitəsilə isə daxildən bu hidayət üçün zəmin yaradır. İnsan öz dünyəvi xüsusiyyətlərinə rəğmən bu din tərəfindən tərbiyə olunaraq, fəhm, əməl və xasiyyət baxımından kamilləşir. Qeyd etmək lazımdır ki, insan bu üç baxımdan, yəni əqidə, əməl və xasiyyət baxımından dəyişikliyə məruz qalır.
Bu ideoloji məktəb öz tədrici enişi ilə ideyalarını fərdə və cəmiyyətə başa düşülən tərzdə çatdırmışdır, hadinin (hidayət edənin) vəzifəsi də deməkdən yox, elə bundan, yəni çatdırmaqdan ibarətdir. İnsan üçün başa düşmək zəmini və şəraiti yaranmalıdır və əgər belə olmasa xalqın əməl etməmək üçün əldə dəlili olar. Beləliklə də höccət tamam olmaz və deyilən pəyamlar zay və əhəmiyyətsiz sayılar.
Əsas məsələ demək deyil, əsas məsələ çatdırmaq və başa salmaqdır. Elə məsuliyyətin ağırlığı da bu baxımdan özünü göstərir.
Əziz Peyğəmbərimiz (s) İslam dininin qanunlarını tədricən vəhy mənbəyindən alaraq xalqa çatdırırdı.
Təbliğ ayəsinin qısa təhlili
Maidə surəsi Peyğəmbərə (s) nazil olan sonuncu surə və ya sonuncu surələrdən biridir. Bu isə onu göstərir ki, bu göstəriş (nazil olanın çatdırılması) Peyğəmbərin ömrünün sonlarına aiddir.
"Əgər bunu etməsən ..." kəlamından başa düşürük ki, Peyğəmbər (s) bu pəyam çatdırıldıqdan sonra cəmiyyətdə yaranacaq dəyişikliklərin təsirindən nigaran imiş. Lakin Allah-təala buyurdu: Sən bu nigarançılıqda haqlısan, (Allah səni xalqdan qoruyar) amma bu təbliğin nigarançılığı və təhlükəsi təbliğ etməmənin təhlükəsindən çox azdır. Sən çatdır və bil ki, Allah həqiqəti məqsədə çatdıracaq, haqqı ört-bastır etmək və haqqa etinasızlıq isə sonu olmayan bir zəhmətdir. Düzgün əqidənin əbədiliyi, küfrün, nifaqın və batilin isə səmərəsizliyi cəmiyyətdə olan ilahi ənənələrdən biridir. Nə qədər ki, bizim elçimizsən və bizim tərəfimizdən bu məsələni xalqa çatdırırsan, de, çatdır və sonrakı hadisələrdən qorxma. Çünki biz həqiqət yolçularını hidayət edəcəyik. Bu təkvin aləmində çətinliklərlə də olsa yalnız həqiqət davam edəcəkdir.
İkmal ayəsinin təhlili
"Bu gün kafirlər sizin dininizdən məyus oldu ..."
Çünki onlar arzulayır və arxayın idilər ki, din peyğəmbərin həyatına bağlıdır və onun ölümü ilə din də öləcək. Onlar peyğəmbərliyi şahlıq kimi başa düşür, Peyğəmbəri "əbtər" yəni davamsız adlandırır və bunu deməklə dinin davamsızlığını nəzərdə tuturdular. Onlar elə bilirdilər ki, peyğəmbər də başqa sultanlar kimidir və səltənəti öz varisinə buraxacaq. İndi ki, varisi, yəni oğlu yoxdur, deməli, onun din adlı "səltənəti" də özü ilə birlikdə batacaq. Lakin Qədir-Xumda başa düşdülər ki, səhv ediblər və din peyğəmbərdən sonrakı dövrün rəhbərlik məsələsini də nəzərə alıb və bununla da ümidləri puça çıxdı.
"Bu gün dininizi kamilləşdirdim, nemətimi sizə tamamladım və İslamın sizin dininiz olmasından razı qaldım".
Hicrətin onuncu ili idi, lakin bir sıra həcc məsələləri və canişinlik məsələsi, yəni dinin davamlılığını təmin edən sistem məsələsi hələ həll olunmamışdı. Doğrudur, Peyğəmbər (s) risalətin elə ilk günlərindən başlayaraq canişinlik məsələsini bir çox məclis və toplantılarda qeyd etmişdi. Yəni müsəlmanların zehni üçün bu məsələ yad deyildi. Lakin hamının gözü qarşısında rəsmi surətdə və açıq-aşkar çatdırılma fürsəti hələ ələ düşməmişdi.
Peyğəmbər (s) sonuncu dəfə Həcc ziyarətinə yollanır və hamıya elan olunur ki, bu ziyarətdə o Həzrətə qovuşsunlar. O cənabla birlikdə bu ziyarətə gedənlərin sayı ən azı doxsan min nəfər yazılmışdır.
Peyğəmbərlə (s) birlikdə ziyarət edən müsəlmanlar bu ziyarətdən fövqəladə böyük həzz alır, mənəvi baxımdan qidalanaraq öz vətənlərinə tərəf qayıdırdılar. Məkkədən qayıdan Hacıların yollarının ayrıldığı bir məntəqədə, yəni Cöhfə məntəqəsinin Qədir-Xum adlanan bir yerində Peyğəmbərə (s) Allah tərəfindən bir ayə nazil oldu: "Ey mənim rəsulum! Rəbbindən sənə nazil olanı çatdır, əgər bunu etməsən Onun risalətini çatdırmamış olarsan. Allah səni xalqdan qoruyar. Həqiqətən, Allah küfr edən qövmü hidayət etməz". (Maidə, 67)
Cəbrayıldan (ə) bu vəhyi alan Peyğəmbər (s) müsəlmanlara dayanmaq əmri verdi. Ərəbistanın şiddətli hərarəti altında ən isti məntəqələrdən biri olan Qədir-Xumda dayanmaq əmrini alan müsəlmanlar nəsə mühüm bir xəbərin olacağını başa düşdülər. Digər tərəfdən isə Qədir-Xum elə bir yer idi ki, burada Məkkədən gələn bütün yollar ayrılırdı. Mədinəli Mədinəyə, Misirli Misirə, İraqlı isə İraqa tərəf istiqamət götürürdü. Müsəlmanlar ayrılmadan belə bir dayanmaq göstərişi məsələnin əhəmiyyətini bir az da artırırdı. Peyğəmbər (s) əmr etdi ki, hamı gözləsin, qoy arxada qalanlar gəlib çatsın və qabağa gedənlər də qayıtsın. Hamı yığışana qədər zöhr namazının vaxtı yetişdi. Bilal azan çəkdi və müsəlmanlar Peyğəmbərin (s) imaməti ilə namazı qılıb qurtardılar. Şiddətli istidən xilas olmaq üçün hamı öz xırda səyahət çadırına tərəf qaçmaq istəyirdi. Lakin Peyğəmbər (s) buna izn vermədi. Bəziləri günəşin istisindən qorunmaq üçün əbasının bir ucunu başına örtmüş digər ucunu isə ayaqlarının altına salmışdı. Bu zaman Peyğəmbərin (s) göstərişi ilə dəvələrin cahazlarından hündür bir yer düzəltdilər və Peyğəmbər (s) həmin "minbərə" qalxaraq buyurdu: “Camaat! Tezliklə mən Allahın dəvətini qəbul edib hüzuruna gedəcəyəm. Həm mən, həm də siz Allah qarşısında cavabdehlik daşıyırsınız. Siz mənim barəmdə nə fikirləşirsiniz?”
Müsəlmanlar hamılıqla dedilər: “Biz Allahı şahid tuturuq ki, sən lazım olan hər bir mətləbi çatdırdın. ... Allah sənə xeyirli mükafat versin”.
Sonra Peyğəmbər (s) Allahın təkliyinə, öz peyğəmbərliyinə, Qiyamət gününün və həmin gün ölülərin dirilməsinin haqq olması və başqa bir çox məsələlər barədə xalqın fikrini soruşaraq onlardan müsbət cavab aldı və hər dəfə də deyirdi: “İlahi, şahid ol!”
Hər tərəfi sükut bürüdü və xəfif külək səsindən başqa heç nə eşidilmədi. Bu zaman Peyğəmbər (s) sükutu pozaraq səsləndi: “... İndi isə görün, aranızda qoyub gedəcəyim bu iki ağır və dəyərli əmanətlə necə rəftar edəcəksiniz?”
Aşağıdan bir nəfər soruşdu: “Hansı iki əmanətlə, ya Rəsulullah?”
Peyğəmbər (s) dərhal buyurdu: “Birincisi, Allahın kitabı olan böyük əmanətlə. Onun bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdədir. Ondan əl çəkməyin ki, azmayasınız. İkinci dəyərli yadigarım isə mənim itrətimdir. Lətif və agah Allah mənə xəbər verdi ki, bu iki əmanət Cənnətdə mənə qovuşana kimi bir-birindən ayrılmaz. Bunlardan önə keçməyin və geri qalmayın, əks təqdirdə, həlak olarsınız”.
Bunları dedikdən sonra Peyğəmbər (s) gözü ilə axtarıb Həzrət Əlini (ə) tapdı, əlindən tutub öz yanına qaldırdı. Sonra isə Əlinin (ə) əlini qaldırıb dedi: “Camaat! Möminlərə onların özlərindən də dəyərli olan kimdir?”
Dedilər: “Allah və Onun Rəsulu daha yaxşı bilər.”
Peyğəmbər (s) buyurdu: “Allah mənə məndən dəyərlidir və rəhbərimdir, mən isə möminlərin rəhbəri və onlara özlərindən də dəyərliyəm (mənim istəyim möminlərin istəyindən üstündür).” Sonra isə buyurdu: “Elə isə mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” Bu sözü üç dəfə və bəzilərinin yazdığına görə dörd dəfə təkrarladı. Bunu dedikdən sonra belə bir dua etdi: “İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol !... .”
Sonra buyurdu: “Agah olun! Burada olanlar qaib olanlara bu xəbəri çatdırsınlar!”
Xütbə sona çatdı, lakin hələ cəmiyyət dağılmamışdı ki, Peyğəmbərə (s) yeni ayə nazil oldu: “Bu gün dininizi kamilləşdirdim, nemətimi sizə tamamladım ...”
Peyğəmbər (s) bu vaxt dedi: “Allah böyükdür, O Allah ki, dini bizə kamil etdi, nemətini bizə tamamladı, mənim peyğəmbərliyimdən və məndən sonra Əlinin vilayətindən razı qaldı.”
Bunu eşidən müsəlmanlar Əlini (ə) təbrik etməyə başladılar. Hamıdan öncə isə Əbubəkr və Ömər təbrik edib dedilər: “Afərin sənə, ey Əbutalibin oğlu, sən mənim və bütün mömin kişi və qadının rəhbəri oldun.”
Sonra Həssan bin Sabit Peyğəmbərdən (s) izn alaraq bu hadisəni nəzmə çəkdi
Bu, Qədir-Xum hadisəsinin qısa xülasəsi idi. Amma bu hadisədə bir sıra məsələlər də diqqəti cəlb edir və məlum olur ki, Peyğəmbər (s) həqiqəti çatdırdı və xalqın bəhanəsini kəsərək höccəti tamam etdi:
1.Ən azı yüz min nəfərlik izdihamın qarşısında məsələ çatdırıldı və onlar bütün müsəlman məntəqələrindən Həcc niyyəti ilə gəlmiş müsəlmanlardan ibarət idilər.
2.Qədir xütbəsi, bu xütbə müsəlmanlardan iqrar almaqla birgə idi.
3.Əvvəlcə "mən sizin mövlanız deyiləmmi?" - sualı ilə başlaması.
4.Müsəlmanların İmamını(ə) bütün müsəlmanların mövlası olması münasibətilə təbrik etməsi.
5.Özünün "Şəhab" adlı əmmaməsini imamın başına qoyması (xüsusi vəziyyətlərdə başına qoyduğu əmmaməni).
6.Bütün müsəlmanlardan, hətta qadınlardan da imam üçün beyət alması, həm də o isti səhrada!
7.Qədir ayəsindən sonra dinin kamilliyi haqqında ayənin nazil olması.
8.Qədir günü orucun təyin və bayramın qeyd edilməsi.
9.Həssan bin Sabit Ənsarinin Qədiriyyə şeri.
Qədir haqqında aparılmış tədqiqatlar
1.Bu şərif hədisin sənədlərinin toplanılması. Bu hədisi 110 səhabə və 84 tabein nəql etmişdir. 360 məşhur elmi (hədis, təfsir və tarix) kitabda qeyd olunmuşdur.
2.Qədir şairlərinin adlarının toplanması. Mərhum Əllamə Əmini "Əl-Qədir" kitabının 2-ci cildindən 11-ci cildinə kimi 10-cu hicri ilinə qədər Qədiriyyə yazmış şairlərin adlarını qeyd etmişdir.
3.Qədirlə bağlı ayələrin nazil olma səbəbləri haqqında tədqiqatlar.
4.Qədir münaşidələri haqqında tədqiqat.
Münaşidə odur ki, bir şəxs müəyyən məsələni isbatlamaq üçün məsələdən agah olan şahidləri Allaha and içdirərək şəhadət verməsini tələb etsin. Nəql olunur ki, bir gün Həzrət Əli (ə) Küfə məscidində xütbə oxuyarkən üzünü Qədir-Xumda olmuş şəxslərə tutaraq onlara and içdirdi və şahidlik etmələrini tələb etdi. Bir neçə nəfər qalxıb imamın sözünü təsdiqlədi, lakin bəziləri, o cümlədən səhabə Ənəs qocalığını bəhanə gətirərək hadisəni unutduğunu bildirdi. Həzrət onlara nifrin etdi və onlar elə həmin nifrinin nəticəsində dünyadan getdilər.
Qədir-Xumun mesajı
Qədir - yəni, ilahi höccətin Yer üzündə davamlı şəkil alması,
Qədir - yəni, Allah qanun təyin etməyi də öz öhdəsinə götürüb,
Qədir - yəni, insani fəzilət və əzəmətin önə keçməsi,
Qədir - yəni, dinin qiyamətə qədər təsirli qalması,
Qədir - yəni, insanların müqəddəratında ilahi nəzarət,
Qədir - yəni, hər bir dövrdə kamil insanın mövcudluğu,
Qədir - yəni, dinin bütün sahələri əhatə etməsi.
İslamda imamət məsələsi dinin öz tərkibində mövcuddur.
Muhəmməd Baqir Saivər