Aşura inqilabı
Aşura inqilabı
İnsan kamilləşmək və sonunda öz əsil vətəni olan mələkut aləminə qovuşmaq üçün yaranıb. Yəni insan dünyada əbədi qalmaq, dünyadan bacardıqca ləzzət almaq, ötəri nəfsani istəklərinə çatmaq üçün və s. ötəri məqsədlər üçün deyil, mənən ucalmaq və Allaha qovuşmaq üçün yaranıb. Bu məna hamıya bəllidir ki, insan təfəkkürü və insan dühası, bü dünyadan böyük və genişdir. Amma bu məqsədə çatmaq üçün nə etməli? Bu tale yüklü sualı İslam dini lazımi dərəcədə cavablandırmış və bəşəriyyətə qiyamətə qədər bəs edəcək bir həyat və kamillik proqramı təqdim etmişdir. Bu mübarək din təkcə proqramla kifayətlənməmiş, həmin proqrama necə əməl olunmasını anlatmaq üçün nümunəvi şəxslər seçərək insanlığa örnək göstərmişdir. Bütün peyğəmbər və imamlar həmin ilahi proqramının təlimatçıları və örnəkləridir.
Bu İlahi qüdrətlərdən biri də imam Hüseyndir (ə). İmam Hüseyn(ə) İlahi əzəməti ilə, Qurani-şərifin müqəddəsliyini qorumaq üçün həm özünü, həm də bütün yaxınlarını fəda etdi. İmam Hüseynin (ə) bu fədakarlığını dərk etmək üçün bütün ənbiya və övliyanı tanımaq lazımdır. İmam Hüseyni (ə) ziyarət edərkən deyirik: Salam olsun Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın, Məhəmmədin (s), ümumiyyətlə bütün ənbiya və övliyanın varisinə. Bu nə deməkdir? Yəni Hüseyn (ə) yəni Adəm, Hüseyn yəni Nuh, yəni Musa və s. Yəni Hüseyn (ə) öz məqsəd və hədəfinə bütün peyğəmbərlərlə həmfikirdir. İmamın kəlamlarından birində deyilir: Mənim kimisi Yezid kimisinə beyət etməz. Yəni Hüseynin: İbrahimin Nəmruda, Musa Firona, Məhəmməd (s) Əbu Süfyana beyət etmədiyi kimi mən də Yezidə beyət etmərəm deməsi özündən sonra gələnlərə də anlatdı ki, mənim kimisi Yezid kimisinə beyət etməməlidir. İmam anlatdı ki, müasir dövrdə bəşərin İlahi inkişafına mane olan həşəratlar, yezidlər, ömər sədlər, ibn ziyadlar, şimrlər və başqalırıdır. İmam görürdü ki, özünü peyğəmbər xəlifəsi kimi təqdim edən, sonrakı həyatın nə olduğunu dərk etməyən bədbəxt və şüursuz bir məxluqdur.
Müaviyənin Əbu Süfyandan öyrəndiyi çirkin siyasətin nəticəsində İslam və Quranın yalnız quru qabığı qalmışdı və Yezid bu siyasəti daha kobud şəkildə davam etdirirdi. İmam öz kəlamlarının birində buyurur: Əgər İslam ümmətinə Yezid kimi bir rəhbər başçılıq edəcəksə o zaman İslamın fatihəsini oxumaq lazımdır. Müaviyə hiylə ilə də olsa heç olmazsa islama zahirən əməl edirdi. Lakin Yezid açıq-aydın küfr edir və İslamın heç bir qanununa hörmət bəsləmirdi. Lühüf kitabında deyilir: Əsirlər və şəhidlərin kəsik başları nizə başında Yezidin sarayına yaxınlaşarkən o məlun bir şer oxudu və o şerin bir beytinin tərcüməsi belədir: Haşim nəsli padşahlıq oyunu oynadı, əslində o dünyadan nə bir xəbər gəlmiş, nə də vəhy nazil olmuşdur.
İmam Hüseyn (ə) müsəlman xəlifəsi cildinə girmiş belə bir şəxsə beyət edə bilməzdi. Bu tarixin İmam Hüseynə(ə) etdiyi haqsızlıq idi ki, danışdıqda və yazdıqda "İmam Hüseyn və Yezid" deyə söhbət açılır. Lakin əslində imam kimi bir nuru Yezid kimi bir zülmətlə müqayisə etmək nə dərəcədə doğrudur?
İmamın Əbəlfəzlin, Əli Əkbərini, Həbibini, Müslümünü (ə) Yezidin İbn Ziyadı, Şimri, Sinanı ilə üzbəüz təsəvvür etmək nə qədər doğrudur? İmam Allah aşiqi, Yezid isə nəfs aşiqi!
İmam sədaqət simvolu, Yezid isə xəyanət təcəssümü!
İmam pak idi və pakların öndəri idi, Yezid isə dünyasını məhv edən və öz şərəfsizliyinə və rəzalətinə düşgünlərin ən alçağı!
İmam Allah vəlisi olduğunu və ölümdən sonrakı əbədi və ülvi həyatı qəbul etdiyini öz ölümü ilə ölümü belə şərəfləndirdi. Yezid isə ümumiyyətlə ölümdən qorxan bir müqəvva idi.
İmam insanlığı haqq və azadlıq uğrunda hər şeyini qurban verən bir fədakar şəhid, Yezid isə insanlığı öz çirkin ehtiraslarına qurban verən bir rəzalət timsalı idi.
İmam Hüseyn(ə) Rəsulullahın (s) sədaqətini, mərdliyini, helmini, əxlaqını, şücaətini və Əli əleyhissəlamın qəhrəmanlığını özündə cəmləşdirən bir şərəf mücəssəməsi idi.
Yezid isə öz nəfsinin əsiri və insanlığın üz qarası!
İmam bu dünyaya nümayiş etdirdi ki, Allah aşiqi öz eşqi uğruna başı nizələr ucunda qurban gedə bilər, başsız bədəni əğyarın at nalları altında əzilməyə də dözə bilər. Yezid isə sübut etdi ki, şeytana layiqli qul olmaq üçün Allah aşiqlərinin qanını tökməyə belə hazırdır. İmam sübut etdi ki, mərifət gülləri şəhid qanı ilə çiçəklənə bilər və qırmızı rəng təravət və çiçək rəngidir. Yezid isə göstərdi ki, qəlbi qara insanlar hətta Hüseyn(ə) kimi nurani bir şəxsin, Əli Əsgər kimi südəmərin və Həbib(s) kimi qocaman səhabənin də Kufə kimi zibillikdə gül bitirən qanı bu insana təsir etmir.
İmam Kəbədə öz Rəbbi ilə əhd-peyman bağladı, Ərəfatda öz Rəbbi ilə görüşüb qəlbini eşq dolu zəmzəmlə sirab etdi, sonra da Kərbəla minasında öz əhdinə aşiqlərin qibtə edəcəyi aşiqanə bir tərzdə vəfa qıldı.
İmam Allahın nuru, Yezid isə İblisin törəməsi idi. İmam ağlın, eşqin və imanın, Yezid isə nəfsin, rəzalət və küfrün timsalı idi.
Yezid fani dünyanın övladı olduğu üçün, fani və ötəri qələbəni öz məqsədinə çatması kimi qəbul etdi. İmamın həyatı isə əbədiyyət günəşinin özünü fəda etməsi əbədi bir məşəlin alovlanmasına böyük və layiqli bir zəmin yaratmaq üçün imiş.
İmam öz səhabələrini seçib aparmışdı və onlara vədə verdiyi İlahi rəhməti onlara çatdırdı. Yezid isə onun özü kimi vəfasızlıqda, imansızlıqda və nəfspərəstlikdə lider olan kölələrinə verdiyi vədələrinə əməl etmədi.
İmam Hüseyn (ə) elə bir dövrdə yaşayırdı ki, cəmiyyət beş dəstəyə bölünmüşdü.
1. Paklar və paklığı sevənlər (Hüseyn (ə) və hüseynçilər).
2. Rəzillər və rəzaləti sevənlər Yezid həm yaramaz idi, həm də yaramazlığı təqdir edirdi, yəni o, paklığa düşmən idi.
3. Kinli rəzillər, yaltaqlar və şəhvətpərəst alçaqlar. (Şimr, İbn Ziyad və s.).
4. Xəyanətkar dünyapərəstlər. Elə dünyapərəstlər ki, hətta Hüseyn kimi nuru da öz müvəqqəti keyflərinə qurban verməyə hazır idilər.
5. Rüzigarın əsdiyi istiqamətdə hərəkət edən, fədakarlıq və zəhmətdən uzaq qaçan dünyapərəst "möminlər".
Yuxardakı dörd ünsür imamın qətlində nə qədər günahkar idisə, beşinci ünsürün biganəliyi və laqeydliyi o qədər amansız idi. Rəsulullah(s) belələri haqqında demişdi: Övladım Hüseynə(ə) biganə qalanlar zəlil olacaq. Bu xəbərdarlıq həccacların timsalında Hərrə hadisəsində təsdiq olundu. Özlərini həm Hüseynə (ə), həm də Yezidə xoş göstərənlər bu hədisin raviləri idilər və elə onlar, vaxtilə Əli əleyhissalama beyət etməyənlərin yəni həccacların ayağının altını öpərək səhabə kimi şərəfli adı ləkələdilər. Bəli, özlərini mömin adlandıran bu dünyapərəst qocalar İslam gülüstanının solduğunü və mərifət ağacının quruduğunu gördükləri halda susur, öz xəyallarında din ilə dünyanı orta məxrəcə gətirirdilər. Lakin Hüseyn (ə) bu dünyaya vaxt keçirməyə gəlməmişdi. Onlar dünyapərəst Məkkədə nüfuz bazarı açarkən Hüseyn(ə) hayqırırdı: "Allah böyük işləri sevir və kiçik işləri bəyənmir".
Onlar "Dini insanların ağzındakı saqqıza çevirib məqsədlərinə uyğun olduqda çeynəyir, xoşa gəlmədikdə bir kənara atırlar".
"Görürsünüzmü ki, haqqa əməl olunmur və batildən çəkinən yoxdur?"
"Gör dünya nə qədər alçalmışdır ki, Yəhya (ə) kimi pak bir peyğəmbərin başı pozğun bir qadına hədiyyə göndərildi".
Hüseyni (ə) tanıyan ümmət heç vaxt zəlil olmaz və əgər bu ümmət zəlildirsə deməli Hüseyni (ə) tanımır. Əgər adını Səlman qoyan hər hansı bir şəxs Hüseyni tanımadan ona ağlayanlara etiraz edirsə o çox cahil və avamdır və İslamı da tanımır. Müsəlmanın isə İslamı öyrənməsi vacibdir. Hüseyn(ə) həm öz zamanı üçün, həm də bu gün hidayət çırağıdır. Bunu İslam peyğbəmbəri buyurub. İslamın və Peyğəmbərinin yolunu düzgün şəkildə öyrənən hər bir müsəlman Hüseynin həqiqətən hidayət nuru olduğunu anlayır. Hüseyn müsəlmanlığın təkcə fərdi ibadətlərdən ibarət olmadığını bütün dünyaya bildirdi. Bildirdi ki, müsəlman həm dindar, həm də dinin xilaskarı olmalıdır və ən böyük ibadət dinin yolunu daş-kəsəkdən təmizləməkdir. İmam öz həccini yarımçıq qoyub Kufəyə yola düşdü. O bununla demək istəyirdi ki, ey müsəlmanlar nə qədər ki, Kəbə imansızlar əlindədir, təvafın mənası yoxdur. İmam anlatdı ki, bu gün daş atmaq üçün ən böyük şeytan Yeziddir, bu gün səy etmək üçün ən yaxşı məsafə xeymə ilə qətlgahın arasıdır, bu gün içmək üçün ən faydalı zəmzəm qandır, bu gün təvaf üçün ən yaxşı ev peyğəmbər ailəsi qərarlaşmış xeymədir, bu gün ən yaxşı qurbangah Kərbəladır, bu gün ən yaxşı namaz oxların qabağındakı xof namazıdır, bu gecəni Minada deyil, susuz səhrada gecələmək lazımdır, bu gün ehram əvəzinə zireh geymək lazımdır. İmam təsdiq etdi ki, qardaşı İmam Həsən(ə) bu günkü şəhidlərin ərsəyə gəlməsi üçün on il öncə Müaviyə ilə sülh müqaviləsi bağlamışdı. Onlar isə öz növbəsində elə kamilləşmişdilər ki, Rəsulüllahın(s) və Əlinin (ə) səhabələrini görmüş Hüseyn (ə) onlara belə qiymət verdi: Mən sizdən yaxşı səhabə tianımaram! Hüseynə (ə) ağlamaq lazımdır. Ona ağlamalıyıq, çünki insan ağlayrkən daha müdrik olur. Ağlamaq lazımdır, çünki aqillər aqili rəsulullah (s) ona ağlayıb. Ağlamaq lazımdır ki, hər damcı göz yaşımız qəlbimizdəki iman ağacının boya-başa çatıb bar verməsinə yardım etsin. Hüseyn(ə) bu gün də uca səslə bizi zillətdən uzaqlaşdıraraq hamını İlahi mərifətə bü şüarla çağırır: "Zillət bizdən uzaqdır!"
Bu şüara müsbət cavab verənlərdən biri də İran İslam İnqilabının banisi mərhum İmam Xomeyni(r.ə) oldu. O İran xalqının dini və Hüseyni əhval-ruhiyyəsini düzgün və İlahi istiqamətə yönəldərək Allahsızlıq şüarı ilə yaşamaqda olan dünyanı yerindən oynatdı və İslam hökumətini öz ölkəsində bərpa etdi. İmam Xomeyni(r.ə) öz nitqlərinin birində deyirdi: "Həzrət imam Hüseyn(ə) bizə öyrətdi ki, zülm hakimiyyətinə qarşı nə etmək lazımdır".
Digər bir müraciətində isə buyurur: "Aşuranı yaşadın. Nə qədər ki, aşura aranızda yaşayır. Sizin ölkənizə zərər toxunmaz".
Bütün bunlar İran İslam İnqilabının Aşuradan və İmam Hüseynin Kərbəlasından ilham aldığını göstərir. İmam Xomeyni(r.ə) Hüseyn nəslindən olan bir seyyid, İran xalqı isə bu seyyidə inanan, ona etibar edərək öz müqəddəratını ona tapşıran fədakar bir xalqdır. Bu seyyid ilə bu xalqın Allaha təvəkkülü Hüseyndən və Aşuradan ilham alması və qarşılıqlı etimadı belə bir İslam hökumətinin bərpa olması ilə nəticələndi. İnşaallah Allahın lütfü ilə və Xomeyninin varisinin rəhbərliyi ilə bu xalq bu hökuməti qoruyaraq dövrün sahibi ağa imami-zamana təqdim edəcək