Saytımızda axtarın

     MENU
Məqalə

Quranda fürui din ayələri (3)

Quranda fürui din ayələri (3)

(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).

حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَىٰ وَقُومُوا لِلَّهِ قَانِتِينَ

Öncəki yazımızda namazın qəbul olunmasının qorunmasındakı əsasları əziz oxuculara təqdim etdik. Deməli, insan namaz qıldıqdan sonra, o namazın savabını məhv etməyə qadir olan günaha qurşanmamalıdır. Belə bir hədis vardır ki, «namaz qıldıqdan sonra o namazın qəbul olub-olmadığını bilmək istəsəniz, öz vəziyyətinizə baxın». Yəni əgər o namaz səni günahdan saxladısa, deməli qəbul olunmuşdur. Əks təqdirdə isə qəbul deyildir! Belə ki, namaz qılıb qurtaran kimi bir yalan danışan və ya bir qeybət edən insanın namazı qəbul deyildir. Hədisdə deyilir ki, o namazı Allah qaytarar və aparıb vurarlar onu qılan adamın başına. Namazın qəbul olmasını təmin etmək üçün də insan özünü nəzarətdə saxlamalıdır. Bu da dördüncü mərhələ. Buraya qədər «Namazı hifz edin» cümləsinin təfsiri idi. Sonra buyurur: «Xüsusən, orta namazı». İndi görək «orta namaz» nə deməkdir?  

Bunun barəsində alimlərin çoxlu nəzəriyyələri vardır. Hələ 5 nəzəriyyə budur ki, hər bir nəzəriyyə deyən təfsirçi 5 vaxt namazdan birini «orta namaz» adlandırıbdır. Bundan başqa iki mühüm nəzəriyyə vardır. Bu nəzəriyyələrdən biri «orta namaz»ın gizlin saxlandığını iddia edir. Yəni namazların içindən «orta namaz» olduğu məlum olmayan bir namazdır. «Qədr gecəsi»nin gizlin saxlandığı kimi bu da gizlindir. Allah təala məsləhət bilərək onu gizlin saxlamışdır. Namazların içindən onun gizlin saxlanması o biri namazların da hifz olunmasına, qorunmasına və əhəmiyyətli sayılmasına xidmət edir.   İkinci nəzəriyyəyə əsasən isə «orta namaz» Zöhr namazıdır. Bu nəzəriyyəni söyləyən təfsirçilər, İmam Baqir və İmam Sadiqin (ə) hədislərinə istinad edirlər. İmamlar buyurmuşlar ki, bu namaz-Zöhr namazıdır. Niyəsini isə belə izah edirlər:   Əvvələn, namaz qılmayanların bəhanəsi Zöhr namazıdır. Çünki Zöhr namazının vaxtı iş vaxtı ilə toqquşur. Onlar da bir Zöhr namazına görə qalan namazları da qılmırlar. Deməli, bir əhəmiyyəti budur ki, namaz qılmayanlar Zöhr namazını əllərində bəhanə edirlər ki, namaz qılmasınlar. Digər əhəmiyyəti isə yenə də hədislərimiz əsasındadır. Hədisdə vardır ki, Zöhr namazı Peyğəmbərimizin qıldığı ilk namazdır. Demək, namaz mənəvi qidadır, bu mənəvi qidanın başlanğıcı Zöhr namazıdır. Ona görə də biz Zöhrə daha çox əhəmiyyət verməliyik. Bir növ bu mənəvi qidanın başlanmağının yubileyini hər gün qeyd etməliyik. Beləliklə, Zöhr namazının bu iki xasiyyətinə görə Allah onu xüsusi olaraq tapşırmışdır.    Ayədə sonra buyurur:-Durun Allah üçün, qunut halında. Bu məna aydındır. Yəni namaz qılarkən qunut da tutunuz. Ayənin ikinci bir mənası da vardır. «İşinizi Allah üçün təslim olan halda edin». Bildiyimiz kimi, hər bir işə ibadət deyilmir. İbadətin iki şərti vardır:    Biri budur ki, ibadət Allah üçün olmalıdır. Allahdan başqası üçün görülən işə ibadət deyilməz. İbadət Allah üçündür, niyyətin pak olmalıdır, gözəl olmalıdır;     İkinci şərt budur ki, Allah deyən iş olmalıdır. Əgər Allah deməyən işi Allahın adına hesablayıb o işi görəriksə, bu işin adı bidətdir. Tarixdə bəzi insanlara rast gəlirik ki, öz şəxsi məsləhətləri və kiçik düşüncələri ilə Allaha qanun yazmışlar. Öz işlərini Allahın işi kimi göstərməyə çalışmışlar. Bu pis əməldir, bidətdir. Bəzən bir yaxşı işi Allaha xatir görürük, lakin iş Allahın dediyi iş deyildir. Məsələn: bir nəfəri namaza dəvət etmək istəyirik. Bu yaxşı işdir. Lakin, yaxşı iş olduğunu və Allah işi olduğunu nəzərə alıb, həmin o bir nəfəri Allah demədiyi yolla dəvət edirik və adını qoyuruq Allah işi. Belə ki, ona yalan deyirik. Həvəsləndirmək üçün «kim bir il namaz qılarsa, pulu çox olar»-deyirik. Əlbəttə, namaza dəvət Allaha xatirdir və Allah deyən işlərdəndir. Lakin dəvət, Allahın dediyi kimi deyildir. Başqa misallar da çoxdur. Məsələn, tarixdə elə şəxslər olub ki, Allahın dediyini tərk edib, öz düşüncə və fikirlərinin daha yaxşı olduğunu düşünərək, öz məsləhətləri ilə hətta həyata da keçiriblər. «Namaz müharibəyə getməyin qarşısını almasın»-deyə Allahın buyurduğu «həyyə əla xəyril əməl» kəlməsini azandan çıxarıb, özünün düşündüyü «namaz yatmaqdan yaxşıdır» cümləsini onunla əvəz etmişlər. Sanki Allah bunun qədər düşünməmişdir (Allaha pənah). Yaxud Allah ehsan etməyi bizdən istəmişdir. Biz də istədiyimiz 100 nəfəri çağırıb onlara ehsan verir və bunu da Allahın hesabına yazırıq. Lakin, Allah deyir ki, mən deyən işi mənə xatir edin. Mən demişəm ehsan edin. Özü də ehsanı köməksizə, yoxsula verin. Budur Allah deyən iş.    Özünün yaxşı güman etdiyin, özünün yaratdığın işi Allahın adına yazıb, Allaha xatir edə bilməzsən. Allah «mən nəyi deyirəmsə onu da et» buyurmuşdur. Əgər Allah mənə «Adəmə səcdə et»məyi tapşırırsa, mən Allaha «İlahi, sənə səcdə edirəm, Adəmə etmirəm» deyə bilmərəm. Şeytan bu işi gördü və Allaha dedi ki, səndən bir xahişim vardır. O xahiş bundan ibarətdir ki, sən nə desən edərəm, sənin özünə nə qədər desən ibadət edərəm, amma Adəmə səcdə etməyi məndən istəmə. Çünki təkəbbürüm Adəmə səcdə etməyə imkan vermir. Allah ona buyurdu: «Mən sənin deyil, özümün istədiyim kimi ibadət olunmağı istəyirəm». Bunları hədisə istinadən nəzərinizə çatdırdıq.    Bəli, özümüz istəyən kimi deyil, Allah istəyən kimi ona ibadət etmək lazımdır. Lakin bəzi dar düşüncəli insanların fikrincə Allaha ilk şərik qoşan elə Allah özüdür. Bunların sözlərinə diqqət etsək bunu açıq aydın görərik. Deyirlər ki, Allahdan başqasına səcdə etmək olmaz. Fikirləşirlər ki, əgər Allah desə, olar. Onların düşündükləri kimi olsaydı, onda şeytan tovhidin ən yüksək zirvəsində olmalı idi. Çünki Adəmə səcdə etmədi. Dedi ki, Allah, mən sənə şərik qoşmaram və yalnız sənə səcdə edirəm.    Əgər Allah buyurur ki, bağışlanmaq istəyirsənsə, get peyğəmbərin qapısına, get imamın qapısına, onlar sənin üçün istiğfar etsinlər və sən isə bu iş xoşuna gəlmədiyi üçün etmirsənsə onda şərik qoşmusan. Çünki Allahın sözündən çıxmısan. Özün xoşladığın işə deyil, Allah dediyi işə ibadət deyilir. Sən peyğəmbərin, imamın ziyarətinə getməyi istəmirsən. Amma Allah bu işlərin olmasını istəyir. Sənin istəyinlədirmi, yoxsa Allahın? İbadət Allah üçündür və Allah deyən əməllərdir.    Allah bizə deyir ki, səfərdə olarkən oracunu yeməlisən. Biz isə səfərdə olsaq da, orucu yemirik və deyirik ki, ramazan ayında oruc yeməyi nəfsim götürmür. Bu halda Allahın sözündən çıxıb nəfsin sözünə tabe olursan. Adını da qoyursan ki, Allaha xatir bu işi edirəm.    Deməli, ayədə buyurulan «Durun, Allah üçün təslim olan halda» cümləsindən məqsəd həm ibadətin Allah üçün olması və həm də Allah deyən iş olmasıdır. Yəni həm niyyətimiz pak olsun və həm də iş özü gözəl olsun.    Qurani Kərimdə beş dənə namaz olması barəsində ayə yoxdur. Bu namazları bizə hədislər deyir. Lakin İsra surəsi 78-ci ayəni təfsir edib, 5 namazın barəsində məlumatın Quranda olduğunu deyirlər. Pərakəndə şəkildə isə 5 namazın barəsində Quran ayələri mövcuddur. Belə ki, Allah bəzi ayələrdə 3 namazdan, bəzilərində bir namazdan və bəzi yerlərdə isə bütün namazlar barəsində söhbət açır. Bu ayələrdən biri də Hud surəsi 114-cü ayədir.     Əqimissəlatə - qıl namazı, bərpa et namazı. Tərəfəyin-nəhari - gündüzün iki tərəfində. Gündüzün bir tərəfində sübh namazı, digər tərəfində isə şam namazı durur. Buradan bu da məlum olur ki, günü Allahla başlayıb Allahla da bitirmək lazımdır. Və Züləfən minəlleyli -Gecənin əvvəl hissələrində Qurana deyil, hədislərə istinadən bu, yəni gecənin əvvəl hissələrində qılınmalı olan namaz xiftən namazı kimi təfsir olunmuşdur. Əgər hədis olmasa idi bunu başa düşmək çətin olardı. Bunu deməklə bir məsələ aydınlaşır. O məsələ budur ki, Quran təklikdə həqiqəti tapmaq üçün kifayət etmir. Onun köməyi vardır. Hədislər Quranı başa salır. Hədis olmazsa, Quranın bəzi ayələri aydın olmaz. Buna görə də Peyğəmbər (s) «Mən sizə iki ağır əmanət tapşırıram» buyurmuşdur. Yəni təkcə Quranı deyil, iki ağır əmanəti tapşırır. Quranın müəllimi olmazsa, Quran tapmaca kimi olar. Amma bəzi ayələrdə oxu-yuruq ki, Allah təala Peyğəmbərə buyurur:-«Biz Quranı sənə nazil etdik ki, sən onu xalqa izah edəsən». Yəni Peyğəmbərin vəzifəsi təkcə oxumaq deyil, həm də izah etməkdir. Başqa sözlə desək, Peyğəmbərin Qurana nisbət bir neçə vəzifəsi vardır. Onlardan biri ona nazil olanı xalq üçün tilavət etməkdir. Tilavət aramla oxumağa deyilir. Yəni yavaş-yavaş oxu aydın olsun ki, nə oxu-nur. Buna tilavət deyilir. Peyğəmbərin digər vəzifəsi budur ki, ona nazil olan ayəni tilavət etdikdən sonra, onu izah etsin, bəyan etsin, başa salsın. Daha bir başqa vəzifəsi Quranın müddəalarını icra etməkdən ibarətdir və digər vəzifələr də vardır. Lakin bizim məqsədimiz ikinci vəzifədən danışmaqdır. O, ona nazil olanı izah etməkdən ibarətdir. Buna bəyan etmək deyilir. Quranı izah etmək, onu açıqlamaq, bəyan etmək, Peyğəmbərdən sonra imamların öhdəsinə düşür.    Peyğəmbər (s) hədislərin birində buyurur: «Quran Əli (ə) ilə, Əli isə Quranladır». Yəni Quranı Əli (ə) izah edə bilər. Daha başqa hədislərə və Quran ayəsinə əsasən Peyğəmbərdən sonra Quranı yalnız imamlar kamil şəkildə bəyan edə bilərlər. Həzrət Əli (ə) bir hədisdə buyurur: -«Mən Quran ayələrinin hamısına aliməm». Yəni harada nazil olduğunu, nə üçün nazil olduğunu, gecə və ya gündüz, dağda və ya bağda nazil olduğunu, onun barəsində olan hər bir şeyi bilirəm, bu hədis müxtəlif mənbələr vasitəsilə və çoxlu hədis əhlindən gəlib bizə çatmışdır. Bu növ hədislərə mütəvatir hədislər deyilir. Mütəvatir hədislərin doğruluğunda şübhə yoxdur.    Buradan məlum olur ki, Quranın Peyğəmbərdən sonrakı izahçısı, bəyançısı İmam Əlidir (ə). Bunu tarix də təsdiq edir. Quranın ən böyük təfsirçisi ibn Əbbasdır. Bunu bütün müsəlman aləmi qəbul edir. İbn Əbbas özü etiraf edir ki, «mənim elmim Əlinin (ə) elmindəndir və mənim elmimin Əlinin (ə) elminə nisbəti qətrənin dənizə nisbəti kimidir». İbn Əbbasın təfsiri ilə İslam aləmi fəxr edir. Görün Əlinin (ə) təfsiri necə fəxrə layiq olardı. Bütün bunları biz mövzudan kənar, bir haşiyə kimi qeyd etdik. Qayıdaq mövzuya.    Deməli, Quran bəyansız olmaz. Hədisin vəzifəsi budur ki, onu izah etsin, bəyan etsin və müddəalarını bizə başa salsın. Yuxarıda qeyd etdiyimiz ayədə 3 namazdan söhbət gedir. Bu namazlar insanın yuxusu ilə əlaqəlidir və hər üçü də bir ayədə gəlmişdir. Qeyd edək ki, 5 vaxt namazın hər birinin ayrı-ayrı qidası, vitamini vardı. Hər biri insanın mənəviyyatını bir sahədə inkişaf etdirir. Biri insanın işə qələbəsini təmin edir. İş vaxtı da Allaha razıhğını qazanmağı öyrədir. Zöhr namazı belə namazdır. Bəzisi yuxuya qələbəni təmin edir. Sübh, Şam, Xiftən namazları bu qəbildəndir. Bəzisi insanın yorğunluğa qalib gəlməsi üçün faydalıdır. Əsr namazı belədir. Bu namazların hər birinin bir neçə cür «dərman», bir neçə növ «vitamin» olması da mümkündür. O «vitamin»lərdən biri də insanın iradəsini qüvvətləndirir, ruhuna təsir edir ki, insan öz yuxusuna qalib gələ bilsin. Bəlkə də ayədə namazların üçünün də bir yerdə gəlməsinin səbəbi budur.    Ayədəki «əqim» kəlməsinin izaha ehtiyacı vardır. Əqim-yəni bərpa et! Əmrdir və Peyğəmbərə aiddir. Yəni ayədə Peyğəmbərə əmr olunur ki, «Əqimissəlatə» namazı bərpa et, namazı qıl! Belə isə, biz deyə bilərik ki, Allah namaz qılmağı Peyğəmbərə əmr etmişdir. Bizə əmr etməmişdir. Bunun cavabı budur ki, Allah öz istəkli bəndəsi ilə danışır. O, Allahla danışmağa layiq idi. Ona görə də Allah onunla ümumi şəkildə söhbət edir. Deyir: -namaz qıl! Bu, qızım sənə deyirəm, gəlinim sən eşit, zərb məsəli kimidir. Doğrudur, digər ayələrdə birbaşa bizlərə də namaz qılmağı tapşırır. Lakin bu ayədə Peyğəmbərə xitab edir. Quran da ümumidir, hamıya aiddir. Çünki Quran «Hüdən linnas»-«insanlar üçün hidayətdir, (yolgöstərəndir)». Orada «Mühəmmədə yol göstərəndir və ya Mühəmməd üçün hidayətdir» deyilməmişdir. Ümumi insanlar üçün hidayətdir deyilmişdir. Bu «Əqim» kəlməsinin bir mənasıdır. Digər bir mənası da vardır. Namaz qılmaq üçün ərəblər iki ifadə işlədirlər. Bir ifadə «səlli»-«namaz qıl», digəri isə «Əqimissəlat»-«namazı bərpa et» ifadələridir. Sanki bunların ikisinin də ayrı-ayrı mənaları vardır. «Səlli» namaz qıl deməkdir. Bu namaz necə olur olsun, ruhu olsa da, olmasa da, insana təsir etsə də, etməsə də olar. Məsələn, Siffeyn müharibəsində Müaviyə tərəf də namaz qılırdı. O, namazın ruhu, təsiri yox idi. Bu səlli-namaz qıl sözünün mənasıdır. Yəni sırf «namaz qıl» deməkdir. Necəliyindən asılı olmayaraq.    «Əqimissəlat» isə qaldır namazı mənasını verir. Əqim-qamə sözündəndir. Qamə-yəni durdu (ayağa durdu), əqim-yəni ayağa qaldır. Sanki, namaz bir canlıdır və bizə əmr olunur ki, onu qaldırın və ayaq üstə saxlayın. Əqimisəllatə-yəni namazı ayaq üstə saxla. Yəni namazı diri saxla, onun ruhu olsun, diri qalsın. Elə buna görə də namazın qəbul olub olmamasını bilmək istəyirsənsə namazdan sonrakı vəziyyətinə bax!-buyurulmuşdur. Əgər namazdan sonra özünü günahdan saxlaya bilirsənsə, özünə nəzarət edə bilirsənsə deməli, namaz qəbuldur. Deməli, namazı diri saxlaya bilibsən. Beləliklə, ayədən məqsəd namaz qılmaq deyil, namazı qılmaq və diri saxlamaqdır.    Allah təala sonra ayədə belə buyurur: İnnəl həsənati yuzhibnəs səyyiati-yəni «həqiqətən, yaxşı işlər pis  işləri aradan aparar». Əvvəlki səhifələrdə işarə etmişdik ki, Quranda iki termin vardır. Onlardan biri ehbat, digəri isə təkfirdir. Ehbat-bəzi günahların bəzi savabları aparmasına, təkfir isə bəzi savabların bəzi günahları aparmasına deyilir. Əvvəldə işarə vurduğumuz bu terminlər yuxarıda qeyd etdiyimiz ayənin izahıdır. Belə ki, ayənin əvvəlində buyurur: «Namaz qıl !» sonra da bu qanunu deyir ki, «yaxşı işlər pis işləri aradan aparar». Görəsən, namaz qılmaqla bunun nə əlaqəsi vardır? Bu iki cümlənin bir-birinin yanında gəlməsi məlum edir ki, günahları yuyan, aradan aparan işlərdən biri də namazdır. Deməli, namaz da təkfir qanununa, bu ayəyə bir nümunədir. Hədislərdə oxuyuruq ki, İmam Əli (ə) buyurur: «Beş vaxt namaz, onların arasındakı günahların kəffarəsidir». Dünyada yaşayan insanın ruhu tez ləkə götürür. Namaz o ləkəni yuyur, aradan aparır. Namazdan ayrılan insan yenə də dünyaya qayıdır və yenə ləkə götürməyə başlayır. Namazın gün ərzində dağınıq şəkildə olması, yəni beş vaxt-sübh, zöhr, əsr, şam, xiftən olması bunun üçündür. İnsanı bir çox rəzil xüsusiyyətlər əhatəyə almışdır. Həsəd, təkəbbür, eqoizm, səhv, günah və s. və s. Namaz da bu pisliklərin qarşısında insanın özünü itirməməsi üçün bir vasitədir. İldə bir dəfə məscidə gedən adam bu pisliklərin arasında özünü itirər. Pislik çoxdur, odur ki, onu yumaqdan ötrü, onların arasında itməməkdən ötrü gərək onu aradan aparan vasitədən çox istifadə edəsən. İldə iki rükət namaz qılıb, Aşura günü bütün günahların bağışlanmasını istəməklə pisliklər yuyulmaz və günahlar bağışlanmaz. Günahların yuyulması və bağışlanması üçün namazı diri saxlamaq lazımdır. Bu, Qurandakı təkfir qanununa bir misaldır. Bu qanuna namazdan başqa misallar da vardır. Məsələn: Həcc də günahı yuyur. Həcc ziyarəti günahı aradan qaldırır. Əlbəttə, gərək Həccin də ruhunu tapasan. Bu ziyarət bir imkandır. Bu imkandan səmərəli istifadə edib günahları yudurtmağı bacarmaq lazımdır. Onun ruhunu tapmaq, yollarını aramaq lazımdır. Elə bil ki, bir şagird bir ay dərsə getməmişdir və indi çox narahatdır ki, bu bir ayda keçilmişləri necə çatdıracaqdır? Lakin bunun üçün yollar mövcuddur. Oxuyanlardan soruşmaq, onların dəftərlərindən istifadə etmək, müəllimdən soruşmaq və s. Bunlar hamısı çatdırmaq yollarıdır. Həcc ziyarəti də insanın neçə illər etdiyi günahlarını bağışlamaq yollarından biridir. Gərək Həccin ruhunu tapıb, özünü öndə gedənlərə, qabaqcıllara çatdırasan. Həcc üçün maddi vəsait, pul tələb olunur. Lakin namaz üçün heç pul da tələb olunmur. Özünü etdiyin günahlardan bağışlatmaq istəyən, qabaqcıl «şagird»lərə çatdırmaq istəyən üçün bundan rahat yol ola bilməz. Çatdırmaq dedikdə günahları yumaq nəzərdə tutulur. «Qəlb Allahın evidir»-Oraya çirkab buraxıb çirkləndirsən, şeytan orada yuva qursa həqiqəti anlamaq mümkün olmaz. Bura təkfir, yəni onları qovmaq və qəlbi yenidən Allah evi etmək üçün orada təmizlik işləri aparmaq lazımdır. Necə ki, geridə qalan şagird müəllimdən soruşmaqla özünü qabaqcıllara çatdıra bilər. Eləcə də qəlbi şeytan yuvası olan insan namaz qılmaqla qəlbini yuya və ruhunu günahlardan təmizləyə bilər. Bəli, namaz bir yoldur, Həcc ziyarəti digər bir yoldur. Bunlardan başqa, böyük günahlardan çəkinmək başqa bir yoldur. Qurani Kərimdə buyurulur: -«İnsan əgər böyük günahlardan çəkinərsə, kiçik günahların ona təsiri olmaz»-İnsan böyük günahlar işlətməzsə, kiçik günahlar onun ruhunu xarab edə bilməz, ruhunda iz buraxmaz. Bununla da o həqiqəti görə bilər, tövbə edər, qayıdar, hətta etdiyi kiçik günahlardan belə peşman olar. Ağacın bir neçə budağının kəsilməsi onun meyvə verməsinə təsir etməz. Lakin gövdəsinin və ya kökünün kəsilməsi onu nəinki meyvə verməkdən saxlayar, özünü də qurudar, məhv edər. Odur ki, buyurur, əgər günahlarını bağışlatmaq istəyirsənsə, böyük günahlardan əl çək! Bu da təkfir qanununun digər bir nümunəsi idi.    «İhbat»da isə təkfirin əksinədir. Yəni bir nəfərin günahı digərindən azdır və istəyir ki, özünü ona çatdırsm. Bu İhbatdır. İhbat qanunu odur ki, insanın etdiyi bəzi günahlar ona günah yazılmaqla bərabər etdiyi bəzi savabları da yuyub aradan qaldırar. Quranda vardır ki, insan peyğəmbərlə düşmənçilik edərsə, əməlləri heç olar, peyğəmbərin sözünə baxmazsa, əməlləri heç olar. Digər bir ayədə vardır ki, insan tərs olarsa, inad olarsa, əməlləri heç olar.

 

 Hacı Məhəmməd Baqir Saivər

OXŞAR MƏQALƏLƏR