Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (3)

Loğman surəsinin təfsiri (3)

 

 Bismillahir rəhmanir rəhim.

“İnnəl ləzinə amənu və əmilus salihat ləhum cənnatun nəim”

 “Xalidinə fiha vədəllahi həqqa və huvəl əzizul həkim”

Keçmiş ayələrdə Allah taala Quran barəsində danışdı. Quranın hikmətli kitabın ayələri olduğunu qeyd etdi. Həmçinin bəzin insanlardan danışdı, hansılar ki, Quranın əleyhinə olublar. İnsanlar Qurana tərəf meyl etməsinlər deyə və Quran ayələrinin oxumasınlar deyə, pul ilə əfsanələr alırdılar, gedib bəzi ölkələrdən nağıllar gətirirdilər (səfər pulu xərcləyirdilər, ömürlərindən gedirdi) taki, onun vasitəsilə camaatı Qurandan ayrı salıb bu əfsanələrə yönəltsinlər.

Müasir zamanımızda da bəzi filmlər, seriallar və televiziya proqramları həmin rolu oynayır. İnsanı həqiqətdən ayrı salır, insanın fikirləşmək vaxtını əlindən alır.

“Ləhvul hədis” o sözlərə deyilir ki, təzəliyi, yeniliyi olsa da, lakin məşğuledici xüsusiyyətləri ola. “Ləhv” yəni, məşğul etmək.

Ayədə buyurulur ki, bunların ruhi cəhətdən problemləri bu idi ki, təkəbbür və eqoistlikləri ilə həqiqətlərlə üzbəüz olurdular. İnsan o zaman ki, təqva ilə, haqqa təslim olmaqla həqiqətlərlə üzbəüz olarsa, iman gətirər və əməldə də həyata keçirər. Amma təkəbbürlə haqq və həqiqətlə üzbəüz olsa, bu “vəlla mustəkbira”  təkəbbür edə edə üz çevirər, elə bil eşitmir.

Allah taala bu ayədə buyurur ki, məsələni aqibət ilə də hesablamaq olar. Hələ indi vaxtını itirir, özünü məşğul edir, bir məsələdir. Gələcəkdə də məhrum olur, xəsarətə düşür, ikinci məsələdir. Bəzi işlər insanın həm indi vaxtını alır, həm də taleyi ilə oynayır, gələcəyini də xarab edir.

Ayə buyurur ki, “İnnəl ləzinə amənu və əmilus salihat” Onlar ki, iman gətiriblər (bir) və saleh işləri də görüblər (iki). Təkcə iman gətirmək kifayət etmir. İman gətirmək yəni, yolu gördülər. “Əmilus salihat” yəni, yolu görəndən sonra, yolu getdilər. İnsan Allaha iman gətirə, lakin həyat və yaşayışında bu imandan əsər olmaya, beləsi imandan danışmır Allah taala. Bəlkə o imandan ki, həyat və yaşayışda əsəri var. (“Əmilus salihat” saleh işləri də görürlər.)

“ləhum cənnatun nəim” bunlar üçündür nemətli cənnətlər.

Maraqlıdır, Allah taala qabaqkı adamlar üçün buyurur ki, “Ləhum əzabun muhin” bunlara abır aparan əzab var.

Allah taala o vaxt ki, mükafatından söhbət edir, cəm şəkilində gətirir, “Nemətlər”. Bu islamın ali qanunlarından biridir ki, Allahın rəhməti qəzəbindən genişdir. O kəs ki, düz yoldadır, “cənnat” cənnətlər (cəm halda). O kəs ki, əyri yoldadır “əzab” (əzab burda tək halda işlənib).

Davamında buyurur ki, “Xalidinə fiha”. İnsan bəzən bir mükafata yetişəndə, nigaran olar mükafat əlindən çıxar deyə.  Lakin Allah taala buyurur ki, “Xalidinə fiha”  beləsi insanlar bu cənnətlərdə həmişəlikdirlər. “Vədəllah” Allah vədə veribdir. “Həqqən” haqq vədə, Allahın vədəsi batil olmaz. “Və huvəl əzizul həkim” Allah əziz və həkimdir. Əziz, məğlub olmayana deyərlər. Yəni, belə deyil ki, Allah taala bu proqramı, bu vədəni, bu mükafatı hazırlayıb və başqası da gəlib bunun qarşısını ala, qoymaya Allah bu vədəni həyata kecirə. Əksinə, Allah taala məğlub olmayandır.

Bəs, Allah taala vədə verib və həm də Əzizdir, o zaman vədəsi mütləq həyata keçəcəkdir.

İkinci məsələ isə, Allah taalanın vədəsi həva-həvəsdən deyil, qanunsuz deyil, yersiz deyil bəlkə, hikmət əsasındadır.

Bəs, həm bu vədəsi hikmət əsasındadır, içərisi düzdür, həm də eşiyi düzdür, izzət əsasındadır, yəni ki, kimsə ona təzyiq edib bu vədəsinin qarşısını ala bilməz.

Diqqət olunası məsələ budur ki, Quran çox vaxt iman ilə saleh əməli bir yerdə işlədibdir. Bunun mənası budur ki, insan bəzən özünü çaşdırır və əməldən uzaqlaşır, elə düşünür ki, düz yoldadır. Bəzi sözlərlə də özünü qane etmək istəyir, məsələn; “Ürəyin təmiz olsun”, “Allaha qurban olum” və s. buna oxşar kəlmələr.

Beləliklə də əməldən uzaq olur, həyatında əməldən heç bir əsər olmur, nə namaz qılır, nə oruc tutur, nə sədəqə verir, nə həccə gedir, nə xums və zəkat verir və s. əməllər ki, Allah taala insandan istəyir.

Bu guya, “amənu” olmaq istəyir. Amma əgər “əmilus salihat“ olmasa, bunun mükafatı “cənnatun nəim” olmaz.

Davamında Allah taala buyurur ki, “Xələqəs-səmavati biğəyri əmədin tərəvnəha”.

Quranda  Allahın  tövhidini, təkliyini isbat etmək üçün, ən mühüm yollardan biri, məxluqatı təqdim etməkdir. İnsan nə qədər xilqətşünas olarsa, Xaliqşünas olar. İnsan nə qədər məxluqların incəliklərini, məxluqların bir-biri ilə nəzm-intizamını bilsə, o qədər də Xaliqin müdrikliyindən, Xaliqin həkimliyindən, Xaliqin alimliyindən, Xaliqin lətifliyindən xəbərdar olar.

Ona görə də bu ümumi yoldur, hamıya bu yol açıqdır və hamı düşünən bir yoldur. Quranda Allah taala çox vaxt bu yol vasitəsilə öz tövhidini, təkliyini insanlara bildiribdir.

Ayədə buyurulur, “Xələqəs-səmavati” Allah taala həm Xaliqdir, həm də Rəbbdir. Xaliq yaradır. Yaradandan sonra, aləmin idarəsi də Allahın əlindədir. Belə deyil ki, Allah yaradanda sonra, özü istirahətə çıxıb və aləm də öz-özünə idarə olunur. Yaxud da bütlər və digər mövcudatlar  vasitəsi ilə idarə olunur.

Xaliq həmin Rəbbdir. Belə deyil ki, bir Xaliqimiz ola, bir də Ərbabımız (Rəbblər).

Bütpərəstlər Xaliqə inanırdılar. Xaliqin kənarında rəbblərə inanırdılar. Məsələn, göyün rəbbi var, ayın rəbbi var, dağın rəbbi var və s.

Allah taala buyurur ki, Allah bunları yaradıbdır və nizamla becərdir və Rəbblik edir.

“Xələqəs-səmavati” Allah bu göyləri yaradıbdır, “biğəyri əmədin tərəvnəha” o sütunla yox ki, görəsiniz. Yəni, sütun var, lakin görünən sütun deyil. Bu, Quranın elmi möcüzələrindən biridir. Yer kürəsi, ay, günəş, ulduzlar və başqa planetlər, bunlar hamısı fəzada görünməyən sütunlarla, cazibə ilə dayanıblar və bu cazibə səbəb olub bunlar göydə asılı olaraq dayansınlar və düşməsinlər.

Buyurur, görünməyən sütunlarla göyləri  yaradıbdır.

“Və əlqa fil ərzi rəvasiyə” Allah taala yerdə dağları möhkəmləşdirdi, “ən təmidə bikum” niyə Allah taala dağları möhkəmləşdirib, mismar kimi onları yerə vurub? Buna görə ki, siz iztiraba, lərzəyə düşməyəsiniz. Çünki dağlar olmasa, yerin hərəkəti və başqa atmosferin dəyişiklikləri ilə insanlar yer üzündə  rahat, sakit yaşaya bilməzlər. Ona görə buyurur ki, dağları qərar veribdir, “ən təmidə bikum” siz iztiraba düşməyəsiniz və sakit yaşayasınız.

Ayənin davamını gələn dərsdə izah edəcəm....

 

 

OXŞAR VIDEOLAR