Loğman surəsinin təfsiri (19 SON)
Loğman surəsinin təfsiri (19) Son
Bismillahir rəhmanir rəhim
“İnnəllahə indəhu ilmus saəti və yunəzzilul ğəysə və yələmu ma fil ərham”
Loğman surəsinin sonuncu ayəsinə yetişdik. Keçmiş ayədə Allah taala buyurdu, Allahı yaddan çıxartma, qiyaməti yaddan çıxartma. İki aldadıcı səni aldatmasın. İçərini də möhkəmlət. O vaxt ki, içərini möhkəm etdin, Allahın qalasına daxil olarsan, heç nə səni çaşdıra bilməz. Qiyamət məsələsinə toxunduğuna görə, bu ayədə beş dənə qeyb məsələlərinə ki, qeyb sirləridir və Allaha aiddir, onlara işarə edir.
Buyurur ki, həqiqətən Allahın nəzdindədir qiyamətin elmi “İnnəllahə indəhu ilmus saəh”
“Saət” sözü, qiyamət mənasındadır “O saat”. Çünki, qeyri-müəyyən saatda baş verəcək. Qiyamətin adlarından biri də “Saət”dir. “İlmus saəh” yəni, “ilmul qiyamət”.
Qiyamətin nə vaxt baş verəcəyi, Allahın nəzdindədir, başqası bilmir.
“və yunəzzilul ğəys” Yağışı da Allah nazil edir və yağışın hara və nə qədər nazil edəcəyini də O bilir.
“və yələmu ma fil ərham” ana bətnlərində olanı (doğulacaq uşağın oğlan, yaxud qız olacağını və bütün xüsusiyyətlərini) Allah bilir.
“və ma tədri nəfsun maza təksibu ğədən” Heç bir insan bilmir sabah nə qazanacaqdır, hansı işi görəcəkdir, hansı ticarəti edəcəkdir. Sabahından xəbəri yoxdur. Mümkündür nəsə bir plan cızmış ola, amma bir çox planlar cızılandan sonra puç olub. Əmirəl-möminin (ə) buyurur; Mən Allahı qərarlarımın pozulması ilə, planlarımın dağılması ilə tanıdım.
“və ma tədri nəfsun biəyyi ərzin təmut” Heç kəs harada öləcəyini bilməz.
İnsan mümkündür bir şəhərdə yaşayır, amma başqa şəhərdə ölür, öz evində deyil, dostunun evində, qonaqlıqda, maşında ölür. Heç kim bilmir harada öləcək.
“innəllahə əlimun xəbir” Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
Bu beş dənəyə “Məfatihul qeyb” (Qeybin kilidləri) deyərlər. Ayənin sonu göstərir ki, Allah taala fəqət bu beş dənəyi bilmir. Allah taala mütləq elmə malikdir. Əlimun xəbirdir. Amma bu beş dənə Allaha aiddir.
İndi bu beş dənə ki, Allaha aid oldu, mümkündür bunun ətrafında bəzi suallar yaransın. Bu sualların bəzisi ilahiyyat elminə aiddir, bəzisi təcrübə elminə aiddir. (Bu surəyə aid olanından birazını ərz edirəm)
Əvvəla, Quranın ayələrində gələn “Qeyb elmini Allah bilir” mənası nədir?
Bəzi ayələrdən belə çıxır ki, Allah taala qeyb elmini təlim verir. Təlim verməsə heç kim bilməz. Allah taala peyğəmbərlərin əhvalatını Qurani-kərimdə sonuncu peyğəmbərə nazil edəndə, buyurur, bunlar qeyb xəbərləridir. Sən bunları heç bir yerdə görməzsən və eşitməzsən. Biz sənə vəhy edirik və sən bu qeyb xəbərlərindən agah olursan.
Bu ayə göstərir ki, peyğəmbər qeyb xəbərindən agah ola bilər. Amma peyğəmbər o vaxt agah ola bilər ki, Allah təlim versin.
Qeyb elminə Allahdan qeyrisi də alim ola bilər ya yox? Quranın ayələrinə baxsaq neçə nəticə almaq olar.
Birincisi odur ki, qeyb elmi Allahın zatındadır və başqaları Allahın təlimi ilə öyrənərlər. Yəni, başqa yol yoxdur ki, gedib məktəb yolu ilə, institut yolu ilə qeyb elminə malik olasan. Riyaziyyat, fizika elminə yol var, amma qeyb elmi Allaha məxsusdur, Allaha aiddir və Onun təlimi ilə qeyb elminə malik ola bilərsən və əgər Allah taala təlim verməsə bu elmə malik ola bilməzsən.
Biz hədislərimizdə oxuyuruq, imamlar özlərinin şəhadət yerlərini bilirdilər, özlərinin ölüm günlərini bilirdilər. Çünki təlimlə bilmişdilər, Allahın təlimi ilə, İlahi tərəfdən öyrənmişdilər. İlahi tərəfdən öyrənmək, bu ayələrlə heç bir ziddiyyəti yoxdur. Bu ayədə buyurur ki, qeyb elmi Allaha aiddir, yəni, ayrı yolu yoxdur. Amma, Allah bu elmi başqasına təlim verə bilərmi, bilməzmi bu ayə ondan bəhs etmir. Bəli, Allah taala bu elmi başqasına təlim də verə bilər, çünki başqa ayələr buyurur ki, Allah kimi istəsə, öz izni ilə qeyb elmindən xəbərdar edər.
İkincisi odur ki, mükəmməl olaraq, hər tərəfli heç kim bilməz. Hər kim də bu sahələrdə bilirsə, bükülü formada, bir neçə cəhətdən xəbərdardır. Bütün cəhətdən, hər tərəfli alim olan yoxdur. Yəni, indi mümkündür, hər hansı cihaz ilə ana rəhmindəki uşağın cinsiyyətini öyrənmək olar. Amma, hər tərəfli, tam məlumat ilə xəbərdar olmaq mümkün deyil. Hətta bu elm və cihazlarla da mükəmməl bilmək olmur, bükülü formada məlumatın olur. Sabah yağışın yağacağını ehtimal verir, amma mükəmməl olaraq, tam xırdalıqları ilə (onun miqdarını, dəqiq harada yağacaq və s.) xəbərdar deyil. Ümumi, bükülü olaraq bəzi cəhətləri bilirlər. Bəs, ikinci budur ki, ətraflı olaraq mükəmməl bilgi Allaha aiddir.
Üçüncü məsələyi belə izah ediblər ki, qeyb elmi cihazsız, vasitəsiz ola. Yəni, cihazla qeyb elmi olmaz. Cihazsız məlumatı olmalıdır. Bir insan cihazsız və analizsiz ananın rəhmindəki uşağın cinsiyyətini bilə bilməz. Bunu ancaq Allah bilər. Bu ayələr cihazla bilməkdən danışmır, cihazsız bilməkdən danışır.
Bəs, birinci bu oldu ki, qeyb elmi Allaha aiddir. Bunun mənası bu deyil ki, Allah başqasına təlim verməz. Yəni, Allah təlim verməsə heç kim qeyb elminə malik ola bilməz.
İkincisi, hər tərəfli mənadadır. Yəni, mükəmməl olaraq, hər tərəfli ancaq Allah bilir. Başqaları məsələyə tam xırdalıqları ilə xəbərdar deyillər.
Üçüncü də isə, söhbət cihazsızdan gedir. Yəni, insan cihazsız müəyyən edə yağış harada və nə miqdarda yağacaq, cihazsız ana rəhmindəki uşağın cinsiyyətini müəyyən edə. Bunu heç kim cihazsız bilə bilməz. Yalnız Allahdır cihazsız və vasitəsiz bilən.
Bütün bunlar göstərir ki, aləmdə bir sıra hadisələr var ki, insan o hadisələrdən xəbərsızdır. Bunun da hikməti vardır. Hikməti budur ki, insanın Allaha təvəkkülü olsun, hikməti budur ki, insan özünü hazırlasın. Əgər Qiyamətin olacağı günü bilmirsə, o zaman hazır olmalıdır, Qiyamət hər an ola bilər.
“yunəzzilul ğəys” ərəb dilində yağışa “ğəys” deyərlər. “Ğəys” yəni, pənah verən, sığınacaq axtaranlara sığınacaq verən deməkdir. Çünki, yağış əkinçilərə bir növ pənah verən, nemət verəndir. Ona görə də “ğəys” adlanıbdır.
Buyurur ki, yağış məsələsi də o cürdür, rəhim məsələsi də o cürdür, ticarət və kəsb məsələsi də o cürdür və ən son olaraq ölüm məsələsi də o cürdür. Siz nə vaxt öləcəksiniz bilmirsiniz, harada öləcəksiniz bilmirsiniz. Bunu unutma. Ölüm anidən də gələ bilər, ölüm insan xəstə olmayanda da gələ bilər, cavan olanda da gələ bilər. Ona görə də məğrur olma, həmişə özünü ölümə hazırla. Bütün bunlar insanda bir növ Allaha təvəkkül etmək məsələsini dirildir və digər tərəfdən də insanın hazır olmasını istəyir.
Bu beş dənə miftah “Qeyb kilid”ləridir. Əlbəttə ərz etdik, peyğəmbər və imamdan qeybi xəbərlər var. O qeybi xəbərlər Allahın təlimi ilədir, Allahın xəbər verməsilədir. Əmirəl-möminin (ə) Nəhcül-bəlağədə buyurur; Mən istəsəm sizin hamınızın taleyi haqda, özünüzün sonu haqda xəbər verərəm. Bu xəbər vermə ondan irəli gəlir ki, İmam, İlahi elmə malikdir. Quranda Allah taala Xızr (ə) peyğəmbərə buyurur ki, Biz öz nəzdimizdən ona elm verdik. “Lədunni elmə” malik olan, o vaxt ki, Allahın elminə bağlandı, qeyb elminə, bağlandığı qədər malik olar. Mütləq, hər tərəfli bilən Allahdır. Allahın iradə və istəyi qədər, bu da alim ola bilər və qeybdən xəbərdar ola bilər.
Bəs, əgər desək ki, qeyb elmini başqası bilə bilməz, o zaman bu söz Quranla, ayələrlə, hədis və tarixlə zidd olar.
Amma desək ki, qeyb elmi Allaha aiddir və Allah kimə nə miqdarda istəsə bu elmdən öyrədər. Bu elmi öyrənməyin başqa bir yolu yoxdur. Məktəb, universitet, mütaliə yolu ilə qeyb elmindən xəbərdar olmaq olmaz.
Bəs, bu ayələr başqalarının qeyb elminə alim olmaqlarını inkar etmək istəmir. Bəlkə, bu ayələr istəyir, qeyb elminin zatən Allahın olduğunu, “əvvələn və bizzat” Allahın olduğunu çatdırsın. “Əvvələn və bizzat” bir termindir, yəni, bu məsələni Allah təlim verməsə heç kim bilməz...