Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (5)

Loğman surəsinin təfsiri (5)

 

 Bismillahir rəhmanir rəhim.

“Və ləqəd atəyna Luqmanəl hikmətə ənişkur lilləhi və mən yəşkur fəinnəma yəşkuru linəfsihi və mən kəfərə fəinnəllahə ğəniyyun həmid”

Həqiqətən, Biz Loğmana hikmət verdik. Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim naşükür olsa, (bilsin ki), Allah ehtiyacsızdır (bəyənilən ehtiyacsızdır)

Bəzi insanlar varlıdırlar, imkanlıdırlar, amma bəyənilən deyillər. O varlılıq onlara eqoistlik və təkəbbürlük gətirər. Allah taala, O varlı və imkanlıdır ki, bəyəniləndir, başqasının ehtiyaclarını da ödəyəndir.

Əvvəla, Loğman peyğəmbər deyildi. Amma Allah taala ona hikmət verdi. Yəni, hikmət qapısı açıqdır. Bəzi məqam və dərəcələrin qapısı bağlıdır, risalət, nübuvvət və imamət kimi.

Amma hikmət qapısı hamıya açıqdır və aydın nümunəsi də Loğmandır. Loğman peyğəmbər deyildi, lakin Allah taala buyurur Biz ona hikmət verdik.

İnsan hikmət yolunu öyrənsə, Allah taala buyurar  “ləqəd atəyna Luqmanəl hikməh”.

Loğmandan çoxlu sözlər nəql olunubdur və bu sözlərin hərəsi bir xəzinədir. Bəlkə də indi xidmətinizə buyurduğum bu  söz, hikmət almağın sirlərindən biridir.

Loğman buyurur, mən dörd yüz peyğəmbərin xidmətində olmuşam. (Dörd yüz peyğəmbərin bəziləri bir dövrdə yaşayıblar. Çünki, belə deyildir ki, hər zaman üçün bir peyğəmbər gəlib. Tarixdə  bir neçə peyğəmbər bir dövrdə yaşayıblar, misal üçün, İsa və Yəhya peyğəmbər,  İbrahim və Lut peyğəmbər, Musa, Harun və Xızr peyğəmbərlər eyni dövrdə yaşayıblar. Bu dörd yüz peyğəmbərin  bəziləri bir dövrdə bu şəkildə yaşayıblar, eyni halda Loğmanın ömrü uzun olub)

Bu dörd yüz peyğəmbərin sözlərinin xülasəsi dörd kəlmədir. O dörd kəlmə “müraqibət” haqdadır. İnsanın özünü nəzarət və kontrol etməsinə aiddir.

Birinci budur ki, əgər namaz halındasansa, qəlbinə nəzarət eylə ki, qəbin, fikrin Allahın hüzurundan başqa yerə dağılmasın. Namaz qılan vaxt hiss eylə ki, Allahın hüzurundasan. Qəlbinə nəzarət eylə.

İkincisi budur ki, süfrə başında boğazına nəzarət eylə, haram yemə, yeməyi çox yemə və s. İnsan gərək diqqət və nəzarət edə yediyi yeməklərə.

Həm haram yemək var, həm çox yemək var və həm də halal yeməklərdə “təyyib” yeməklər var. Yəni, o qidaların  ki, insana xeyri var, insana müsbət təsiri var, onlara diqqət edə. O vaxt ki, süfrə başındasan boğazını kontrol eylə.

Üçüncüsü budur ki, o vaxt ki, başqasının evindəsən, gözünü kontrol eylə. O yerlərə ki, baxmamalısan baxmayasan, istər kişi ol, istərsə də xanım.

Loğman buyurur ki, dörd yüz peyğəmbərin bir kəlməsi də budur, o vaxt ki, başqasının evindəsən, gözünü kontrol eylə.

Dördüncüsü budur ki, camaatın içində dilini kontrol eylə. Əgər dil kontrol olsa, qəlb düzələr. Qəlb düzəlsə, iman düzələr. İmam Əli (ə) buyurur ki, istəsən imanın düzəlsin, gərək qəlbini düzəldəsən. İstəsən qəlbni düzəldəsən, gərək dilini düzəldəsən.

Bəs, məlum olur ki, hikmət - müraqibətdən, nəzarətdən və kontroldandır. İnsan özünü kontrol eyləsə, ona hikmət də verərlər.

Gözünüzü yumsanız, gözünüz açılar. Ağzınızı yumsanız, ağzınız açılar. Hər kim 40 gün xalis yaşasa, özünü nəfsi istəklərdən, şəhvətdən kontrol eyləsə, Allah taala hikməti qəlbindən ağzına axıdar. Ona görə insan, əgər özünü kontrol etməyi bacara bilsə, ona hikmət verərlər.

“Merac” hədisində buyurulur ki, Ya Rəsuləllah, əgər bir bəndə edə bilsə mədəsinə aclıq verə və edə biləsə dilini kontrol edə, onda Mən özüm ona hikməti öyrədərəm.

İnsanın Allah taaladan hikmət alması üçün Ramazan ayı ən yaxşı fürsətdir. Çünki, bu ayda insan  mədəsini kontrol edir, aclıq verir. Bununla ikinci şərti də düzəldə bilər. İkinci şərt budur ki, dilini kontrol edə. O zaman Allah taala buyurur,  Mən ona hikməti öyrədərəm.

Həzrət Rəsuldan (s) soruşdular; Ya Rəsuləllah (s), orucun irsi nədir? Biz oruc tutandan sonra bizə nə qalır? (Biri dünyadan gedəndən sonra onun qalan malını ki, vərəsəsi götürər ona irs deyərlər)

Yəni, Ramazan ayında ki, mən oruc tuturam və bu ay çıxanda, (Ramazan ayından sonra) bu Ramazan ayından mənə nə mal qalır? Peyğəmbər (s) buyurur, orucun irsi, hikmətdir.

Keçmiş çıxışlarda hikmətin mənası haqda danışmışıq. Hikmət - insanın özünə hökumət etməsi, həm düşüncə sahəsində, (yersiz söz təsdiq etməyə, yersiz söz inkar etməyə) həm də davranış sahəsində. (şəhvət və qəzəbini kontrol edə bilə) Qısa olaraq insan hər ikisində özünə hakim ola. O vaxt ki, insanın özünə hakimiyyəti oldusa, bu olar hikmət.

Bu hikmət orucdan gələr, o vaxt ki, insan özünü kontrol edə bildisə, bir ay özünə nəzarət etdisə, getdikcə özünə kontrol hissi insanda yaranar və güclənər. Ona görə də Həzrət Rəsul (s) buyurur, orucun irsi hikmətdir.

Əlbəttə, orucun çox irsi əməli hikmətdir. Yəni, insanda şəhvət və qəzəbinə kontrol etmək qabiliyyəti yaradır. Eyni halda, insan əgər özünə aclıq verməyi, dilinə kontrol etməyi və özünə nəzarət etməyi bacardısa, ruh və düşüncə cəhəti də insanda aktivləşər və nəzəri hikmətlər də belə insanda becərilər.

Buyrur, Biz Loğmana hikmət verdik.

Bəzi təfsirçilər deyillər ki, Loğmanın hikməti elə bu cümlədi “ənişkur lilləh”  Loğmana ki, hikmət verdik elə bunu verdik - Allaha şükür eylə.

Allaha şükür etmək budur ki, insan nə nemət varsa o nemətləri görə, nemət verəni tanıya və bu neməti düz yolunda sərf edə.

Bəs, şükrün üç mərhələsi var.

Birincisi budur ki, nemətləri tanıya. Həyatımızda bir çox nemətlər var ki, biz onları tanımarıq. Ömrümüz sona çatar, o nemətlərdən məhrum olarıq. Bir şəhərdə alim, nemətdir. Gözəl dost, insana nemətdir. İnsanın ata-anası, övladı, nemətdir. Əql nemətdir, qəlb nemətdir, fitrət nemətdir, vicdan nemətdir. Məhlədə bir məscid, nemətdir. Ömür, nemətdir. Bu nemətləri tanımaq, birinci mərhələ budur. İnsan ətrafındakı nemətləri tanıya.

İkinci mərhələ budur ki, nemət verəni də tanıya.  İnsan bəzən elə zənn edir ki, neməti özü yığdı, özü qazandı. İnsan əslində gərək bu nemət verəni görə və tanıya. O zaman ki, insan gördü bu nemətlər hamısı nemət verən tərəfindən buna şamil olur, üçüncü mərhələdə bu neməti ona tərəf məsrəf edər.

Neməti Allaha tərəf məsrəf etmək, neməti düz yerində məsrəf etmək deməkdir. İnsan əgər gözünü düz yerində məsrəf edə, ağzını düz yerində məsrəf edə, əlini düz yerində məsrəf edə, pak dostu ilə əlaqəsini çoxalda, şəhərindəki alimdən sual və şübhələrini soruşa, məscidlə öz mənəviyyatını qidalandıra, bu nemətlərdən Allah deyən kimi məsrəf edə. Buyurur, “ənişkur lilləh”  Hikmət budur ki, Allah üçün şükür edəsən. Yəni, nemətlərini tanıyasan, nemət verənini tanıyasan və nemət verənin yolunda nemətləri məsrəf edəsən.

Allaha şükür etmək yəni, neməti öz yerində məsrəf etmək.

Bunu da bilməliyik ki, insan əgər neməti öz yerində məsrəf etsə, o demək deyil ki, Allaha bir xeyri oldu, insan rəhim və rəhman Allahla üzbəüzdür. Allah insana nemətlər verib, o nemətlərin şükrünü, insanın dirçəlişi qərar veribdir. Yəni, əgər sən nemətin şükrünü yerinə yetirsən, dirçələrsən. Əgər sən nemətin şükrünü yerinə yetirsən, bir mərhələ yuxarı yüksələrsən. Ona görə də ayədə buyurulur,  “mən yəşkur fəinnəma yəşkuru linəfsihi” Kim Allaha şükür eyləsə, özünə şükür eyləyib. Yəni, özünü xəsarətdən qurtarıb, nemətləri özünə saxlayıb və qoymayıb əlindən çıxsın, nemətləri bahalı qiymətə çevirib, al-ver edib və dirçəlibdir. Kim Allaha şükür eyləsə, özünə şükür eyləyib. “Mən kəfərə” Kim naşükürlük etsə, özünə edib.

İnsanın əməli barəsində Quranın bir baxışı var, o da budur ki, Allah taala əgər insana bir əməl tapşırıbsa, (bu işi gör, o işi görmə kimi) o əməl istər fasid ola, istərsə də saleh ola, o əməl insanın özünə aiddir. Saleh əməl olsa, mənim özümə qalacaqdır. Hətta o sədəqə ki, yoxsula verirəm, sədəqənin ruhu, savabı mənimdir. Mən sədəqəylə özüm təkmilləşirəm. Mən sədəqəylə bir bağa sahib oluram. Mümkündür ki, kasıb bu bağın ətrindən faydalansın, amma bağ mənimdir.

Başqasına zülm eyləsəm, günah eyləsəm də, yenə özümədir, özümə od vururam, özümü yandırıram. Başqasına imtahandır, o da o imtahan dairəsində dirçələcəkdir, öz vəzifəsini yerinə yetirəcəkdir.

Bəs, əməl - əməl edənə aiddir. Xeyirli əməl olsa, onu dirçəldər, zərərli əməl olsa, özünə zərər olar. Başqasına isə, imtahan dairəsidir.

Ayə buyurur, siz nemətlərə şükür etsəniz, özünüzə şükür etmisiniz. Nemətlərə şükür etməsəniz, nemətlərə naşükürlük etsəniz, Allaha bir zərər vurmazsınız, “innəllahə ğəniyyun həmid” Allah imkanlıdır və özü də bəyənilmiş imkanlıdır. Başqalarının da ehtiyacını ödəyəndir. Başqa imkanlılar kimi deyil ki, fəqət özünün varının fikrində olsun. “Ğəniyyun həmid” dir. Ona görə də sən naşükürlüyünlə  Allaha ziyan vura bilməzsən, bəlkə özünə ziyan vurarsan....

 

OXŞAR VIDEOLAR