Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (6)

Loğman surəsinin təfsiri (6)

 

 Bismillahir rəhmanir rəhim.

“və mən yəşkur fəinnəma yəşkuru linəfsihi və mən kəfərə fəinnəllahə ğəniyyun həmid”

Loğman surəsinin 12-ci ayəsindəyik. Allah taala buyurdu ki, Biz Loğmana hikmət verdik və hikmətin də təfsiri Allaha şükr etmək oldu.

Davamında buyurdu ki, kim şükür etsə, özünə şükür edibdir, kim də naşükürlük etsə, (Allahın ehtiyacı yoxdur) özünə ziyan vurubdur.

Bu ayədə diqqət ediləsi nöqtə budur ki, müsbət cəhəti danışanda (şükür məsələsini danışanda) gələcək felindən işlədilir (muzari felindən işlədilir) “yəşkur”. Bu fel ərəb ədəbiyyatında ardıcıllıq, davamlılıq mənasını da verir. Yəni şükür etmək bunun xasiyyəti ola.

Amma mənfi xasiyyətdən danışanda, keçmiş feldən işlədilir “və mən kəfər” kim bir dəfə də olsa naşükürlük elədi. Mənfi xasiyyətlər insanı təxrib edər. Bu zəhərə bənzəyər, bir dəfəsinin də insana ziyanı var.

Müsbət xasiyyətlər o vaxt insanda məhsuldarlıq verər, nəticə verər ki, insan o müsbət xasiyyəti öz şəxsiyyətinə çevirə, o müsbət xasiyyəti (əxlaq elmlərinin terminində desək) “mələkə” və “xasiyyətə” çevirə. Ona görə də kim ardıcıl, davamlı şükür əhli oldusa, belə şəxs özünün mənəviyyat binasını tikibdir. Və əgər bir dəfə də olsa naşükürlük etdisə, öz mənəvi həyatını təxrib edibdir.

Ayənin davamında buyurur, “və iz qalə Loqmanu  li ibnihi və huvə yəizuhu” Yadına sal o zamanı ki, Loğman öz oğluna dedi. Bu deməyi də moizə xarakteri daşıyırdı. İnsan bəzən hirsini soyutmaq üçün, qarşı tərəfi sındırmaq üçün başqasına bir söz deyər. Amma Loğman övladı ilə danışırdı  “qalə və huvə yəizuhu” o halda ki, onun qəlbini yumşaltmaq, moizə etmək, onu düz yolda davamlı etmək istəyirdi. Danışmaqda qəsdi moizə idi, nəinki, təxribat, danlamaq və s.

Moizəli danışıq da hikmətdir. O hikmət ki, Allah taala yuxarıdakı ayədə buyurdu, “ləqəd atəyna Luqmanəl hikmə” Biz həqiqətən Loğmana hikmət vermişik.

Hikmətin nümunələrini indi buyurur.

Birinci nümunəsi budur ki, insan əhli moizə ola, öz uşaqlarına əhli tərbiyə ola və bu özü böyük hikmətdir. Dediyi sözlər də bir ayrı hikmətdir.

Moizə əhli olmaq, bu iş özü hikmətdir  və o məzmunlu sözlər ki, moizənin içində deyilir, o da ikinci hikmətdir.

İlk söz ki, Loğman öz uşağına danışır, şirk məsələsidir.

Tövhid və şirk insanın mənəviyyatının köküdür. Başqa məsələlər insanın həyatında (əxlaqi, ictimai məsələ, ictimai əlaqələr, iqtisadi əlaqələr) qayıdır, şirk və tövhid məsələsinə.

Əgər insan tək Allaha inanıb və ona təslim olsa, əgər bir insan həyatında tövhid şüarıyla yaşasa, bu bir növ yaşayar.

O kəs ki, təkallahlıq məsələsinə qaranlıq baxır və çoxallahlıq dalıncadı, yaxud da nəfsinin dediyinə baxır, məsələni məqampərəstliklə, həvəspərəstliklə həll etmək istəyir, nəinki Allahpərəstliklə, bu da ayrı.

Bəs, bulaq – şirk və tövhiddir. Kök, şirk və tövhiddir.

Ona görə ilk moizə ki, Loğman övladına edir, onu tövhid tərəfə çəkmək və şirkdən uzaqlaşdırmaqdır.

Buyurur ki, “Ya bunəyya” ey mənim əziz oğlum. Bunəyyanın bir mənası budur ki, balaca oğlumdur. Elə deyildi ki, Loğmanın oğlu yaş cəhətindən balaca idi və Loğman da ona “ey balaca oğlum” deyə müraciət edirdi, əksinə bu moizədə Loğman öz rəhmətini, məhəbbətini bildirsin deyə “Ya bunəyya” deyir. “Ya bunəyya” burada yaş cəhətdən balaca olmasını çatdırmır, bəlkə, atanın balaya rəhmət inayətini və diqqətini çatdırır....Ey mənim əziz oğlum.

“La tuşrik billah” Allaha şərik qoşma. İlk qanun ki, mən hikmətimdən sənə deyirəm, Allaha xalis ol, Allahla al-ver et, başqası ilə al-ver eyləmə, Allaha itaət eylə, Allahın yolunda ol,  Allahı həmişə xatırla və Allaha heç vaxt şərik qoşma.

“İnnəş-şirkə ləzulmun əzim” Həqiqətən şirk böyük zülmdür.

Burada bir məsələni xatırlatmaq istəyirəm ki, Quranın elmi kitablarla fərqi budur ki, elmi kitablarda ancaq elm yazılar, amma Quran hidayət kitabıdır. Həm nəzəri və həm də əməli sözləri var. Yəni ki, Quran həm nəzəri hikmətə malikdir, həm də əməli hikmətə.

Nəzəri hikmət yəni, elm (yəni, elmi nəzəriyyələr, elmi qanunlar) Əməli hikmət isə, yəni insan özünün elmindən əlavə davranışına da diqqət esin (bu elmdə deyil, bu insanı əməldə, davranışda düz yola yönəltməkdir)

Ayə buyurur, şirk etmə çünki, zülmdür.

Burada istəmir məsələni fəqət fəlsəfiləşdirsin, bəlkə istəyir o elmi bir məsələni, əxlaqi və davranış nöqtəsindən də danışsın. Yəni, Quranın söhbətləri nəzər və əməli birləşdiribdir, Quranın söhbətləri teoriya və praktikanı birləşdiribdir.

Ayə buyurur, şərik qoşma, çünki, şərik yoxdu (o da düz sözdü) bəlkə şərik qoşma çünki, şirk zülmdür. (Şərik qoşma, çünki, şərik yoxdu, bu olar teoriya. Amma şərik qoşma çünki, Allaha zülmdür, burada isə, davranış və praktikaya aid söz buyurur)

Zülm burada nə deməkdir?

Biri budur ki, Allaha zülm edirsən. Onlar ki, Allaha layiq olan sifətlərdi, başqasına nisbət verirsən.

İkincisi budur ki, özünə zülm edirsən. İnsan öz fitrətini, öz daxili varlığını kimə pərəstiş etmək lazımdırsa etmir və bunu yönəldir faydasız, xeyirsiz  yerlərə. Bu halda öz fitrətinə, öz daxilinə də zülm eyləyir.

Üçüncüsü isə, bəzən pərəstiş etdiyinə də zülm edirsən (məsələn; həzrət İsa(ə) kimi, ki, bəziləri ona pərəstiş edib Allah bildilər və yaxud onu Allahın oğlu adlandırdılar və sair mələklər kimi)

Nəticə olaraq, zülmün üç budağı vardır. Allaha zülm, insanın özünə zülm və hətta, bəzən də pərəstiş etdiyinə zülm.

Buyurur, Oğul, əvvəl işin odur ki, Allaha şərik qoşmayasan. Çünki, şərik qoşmaq böyük zülmdür.

Bu birinci moizə və hikmətdən sonra, Allah taala dırnaqarası bir söz tapşırır, o da budur ki, bu moizəni ata balasına edir, valideyin övladına moizə edir. Burada Allah taala söz içində buyurur ki, valideynini sənə tapşırmışam. Yəni, valideyn sənin səadətin üçün çalışar, sən də onun ehtiramını saxlamalısan və qayğısına qalmalısan.

Bu, eyni halda ki, dırnaqarası sözdür və eyni halda ki, sözün içində sözdür, lakin bir ata balanı moizə etdiyinə görə, Allah istəyir bu moizənin əhəmiyyətini uşağa bildirsin ki, bu moizə bir şəxs tərəfindəndir ki, biz onu sizə tapşırmışıq və sizə demişik ki, ona gözəl işlər görün.

“və vəssəynəl insanə bi validəyhi” Biz insana tövsiyyə etmişik, tapşırmışıq insana ki, ata-anasına qarşı diqqətli olun, onları həyatınızda unutmayın və onlara əhəmiyyət verin. Hətta İsra surəsində buyurur ki, “bil valideyni ihsanə” ata-anaya ehsan edin.

Ehsan burda “be”ylə gəlib, yəni, özünüz birbaşa ehsan edin, nəinki vasitəli.

Bəzən insan mümkündür ata-anasına ehsan eyləyə, məsələn; evinə xidmətçi təyin edə, pul yollaya və s. işlər, amma vasitə ilə. Bu da gözəl işdi. Amma İsra surəsində buyurulan o ayədə “bil valideyni ihsanə” yəni, sənin gözəl işin vasitəsiz ata-anana yetişsin. Bacardığın qədər özün ata-ananın qulluğunda ol.

Ayələrin çoxu insana ata-anasını tapşırır. Bəzi müfəssirlər burada buyururlar ki, niyə Quranda uşağı ata-anasına tapşırmaq haqda az gəlib və ata-anayı isə, çox vaxt uşağa tapşırıblar.?

Çünki, bu halla çox az rast gələrik ki, insan öz daxili hissindən aza və övladına əhəmiyyət verməyə. Adətən uşağın ata-anaya diqqəti azalar. Adətən uşaqlarda olur bu hal, o vaxt ki, ailə qurar və uşaqları olar, özünün keçmişini və ata-anasının xidmətlərini unudar. Ona görə də, bu tərəfə daha çox diqqət və tapşırıq olubdur.

Ayə buyurur ki, insana tövsiyyə etmişik  “bi validəyhi” ata-anasını.

Daha sonra ananın məsələsini  səbəblə vurğulayır. Əvvəlcə ata-ananı buyurur, davamında isə buyurur, “həmələthu ummuhu” Siz qayıdın baxın öz həyatınıza, insanın anası onu bətnində daşıyıbdır, “vəhnən əla vəhnin” zəhmətlə daşıyıbdır “və fisaluhu fi aməyn” iki il də özündən ayırıbdır. Yəni, iki il süd verməyə ayırıbdır, bir müddət də öz bətnində daşıyıbdır, cəmi ən azı otuz ay olur (əgər bətni altı ay hesablasaq ki, adətən doqquz ay olur) Bu üç ildə ana belə bir əziyyət və böyük zəhmət düşür.

Buyurur ki,  “vəssəynəl insanə bi validəyhi” Biz insana tövsiyyə etmişik “bi validəyhi” ata-anasına nisbət tövsiyyə etmişik. Tövsiyyəmiz nədir? “Əniskur li vəlivalidəykə” Biz bu insana tövsiyyə etmişik, tapşırmışıq ki, Allaha şükür etsin, Mən verən nemətləri unutmasın və unutmasın o vasitə nemətləri ki, onun ata-anasıdı. Düzdür ki, Mən nemətin bulağıyam, amma nemətin arxı da ata-anadır.

Bəs, insana tövsiyə etmişik həm Mənə (Allaha) şükür etsin, həm də ata-anaya şükür etsin.

Allaha şükür etmək ibadət yolu ilədir. Allaha şükür etmək dua yolu, həmd yolu ilədir. Valideynə şükür etmək isə, valideynə ehtiram edəsən, valideynin qulluğunda olasan, qocalığında onu atmayasan.

Bu ayədə valideynin əhəmiyyəti o qədərdir ki, Allahın şükürü ilə bir yerdə qeyd edilir. Buyurur ki, “mən ənişkur li vəlivalidəykə” Həm Mənə şükür eyləyən ol, həm də ata-anana şükür eyləyən ol.

Allah taala o yerlərdə ki, birini özü ilə bir yerdə qeyd edibdirsə, o zaman məsələnin əhəmiyyətini, mühümlüyünü bildirmək istəyir.

Bir yerdə buyurur ki, Allahın tövhidinə, Allahın birliyinə, Allah özü, mələklər və elm sahibləri şahiddir. Burada Allah taala elm sahiblərini, mələklər və Allahla bir yerdə qeyd edir. Və yaxud Nisa surəsində buyurur ki, “Vəttəqullah vəl ərham”. “Vəttəqullah” Allaha təqvalı olun “və ərham”və (təqvalı olun) qohumlarınıza qarşı. Allah taala burada Özü ilə insanın qohumlarını bir yerdə qeyd edir. Yəni, Allah taala məsələnin mühümlüyünü bildirmək istəyəndə, gətirib Özünün kənarında ətf edər. Bu ayədə də Allah taala valideynin şükrünü, Allahın şükrünə ətf edibdir...

 

 

OXŞAR VIDEOLAR