Loğman surəsinin təfsiri (9)
Loğman surəsinin təfsiri (9)
Bismillahir rəhmanir rəhim
“Vəsbir əla ma əsabəkə innə zalikə min əzmil umur”
Loğman surəsindən, Loğmanın öz övladına nəsihətlərini oxuyurduq. İlk nəsihətlər əqidə barəsində idi. Allaha şərik qoşma (istər gizli şəriklik, istərsə aşkar şəriklik) Əməlin xalis Allah üçün olsun, nə bütpərəst ol, nə riyapərəst ol, nədə ki, şöhrətpərəst ol. Davamında Qiyamət məsələsi haqda buyurdu ki, Allah taala insanın əməllərini Qiyamət günü gətirəcəkdir. Əməlin özünü hazır edəcəkdir.
Bu əqidəvi məsələlərdən sonra, Loğman övladına əməl məsələlərini, əməli hikmətləri öyrədir. Biri namazın bərpası idi (fərdi hikmət ki, insan öz fərdi həyatında yüksəlsin, Allah yadında olsun) ikinci məsələ, cəmiyyətdə xeyrə tərəf yönəlmək, cəmiyyətdə əyrilikdən uzaqlaşmaq.
Daha sonra isə, əxlaqi cəhətləri buyurur. Buyurur, “Vəsbir əla ma əsabək” Başına gələn müsibətlərə səbr et.
İstər bu müsibətlər “əmr be məruf” və “nəhy əz münkər” sahəsində ola, yəni, o zaman ki, sən bu məsuliyyətini yerinə yetirirsən, başqalarını xeyrə dəvət edirsən, başqalarını əyrilikdən çəkindirirsən, burada artıq səbrə, hövsələyə ehtiyac var. Bəs, bu işdə hər nə hadisə baş verirsə, səbr eylə.
Bu ayənin ikinci mənası, (bu ayrıca bir müstəqil hikmətdir) həyatında hər nə hadisələr baş verir, səbr eylə. Bir nəsihətim də, səni səbrə dəvət etməkdir. Səbr əsli ol.
Bilirsiz ki, səbr, insanın həyatında bir əsasdır, bir qanundur. Çünki, dünya mənim proqramımla dolanmır, mənim meylimlə düzəlməyib və mənim meylimlə davam etməz. Bəzən mənim meylimin əksinə olar, bəzən mənim istəyimin axarında olmaz. Bütün insanlar da bir-birinin kopyası deyillər. Bir-biri ilə eyni deyillər, hər kəsin bir istəyi, bir xasiyyəti var. İnsan bu həyatda, bu forma yaşayışda, bu sistemdə, səbr əhli olmasa, inkişafdan dayanar, səbr əhli olmasa, işini sona yetirə bilməz.
Ona görə bizim hədislərimizdə gəlib “Səbr rə sul umur”. Səbr işlərin başıdır. Necə ki, bədəndə baş olmasa, o bədənin xeyri yoxdur, işlərdə də səbr olmasa, o işlərin xeyri yoxdur, axıra çatmaz və uğur qazanmaz.
Ona görə də Loğmanın hikmətlərindən biri, öz övladını səbrə dəvət etməkdir.
Davamında buyurur, “innə zalikə min əzmil umur” səbrə çatmaq rahat iş olmadığından “bu səbr” işlənmir, uzaq ünvanında “o səbr” işlənir. Yəni, o səbrə çatmaq, rahat əmələ gəlməz, bu, “min əzmil umur” o işlərdəndir ki, insanın gərək proqramı ola, o işlərdəndir ki, insanın gərək qərar çıxarda.
“min əzmil umur” bir mənası budur ki, insanın əzmi ola, qərarı ola. Əgər proqram olmasa, qərar olmasa ki, səbirli olam, baş tutmaz.
Bəzi peyğəmbərlər “Ulul-əzm” dirlər. Çünki, bunlar şəriət gətirdilər və o şəriəti camaata çatdırmaq üçün başqa peyğəmbərlərdən daha çox səbrə, daha çox əzmə və qərara ehtiyacları var idi. Bunlar “Ulul-əzm” idilər, çünki səbrdə daha yüksəkdə idilər. İnsan istəsə səbr əhli olsun, gərək qərarlaşa. İstəsə səbr əhli olsun, gərək proqramlaşdıra (bu bir məna)
Ayənin ikinci mənası, “min əzmil umur” yəni, hətmi tapşırıqlardandır.
Allahın dərgahında bir sıra tapşırıqlar vardır ki, bunlar rüxsət ünvanında daşıyır. Rüxsət yəni, yaxşıdı görəsən, amma icazən də var görməyəsən. Bu müstəhəbdir, sənə bu icazə verilibdir. Amma bir sıra işlər var, qətidir, konkretdir, gərək görəsən. Səbr də Allahın qəti göstərişlərindəndir.
Bəs, “min əzmil umur”un iki mənası var. Biri, o işlərdəndir ki, gərək qərar tutasan, o işlərdəndir ki, gərək seçəsən.
“min əzmil umur”un digər mənası isə, Allahın hətmi göstəriş verdiklərindəndir, Allahın konkret buyurduqlarındandır.
Səbr insanın həyatında, istər dini həyatında, istər dünyəvi həyatında, istərsə də elmi həyatında ana qanunlardan biridir. İnsan səbr əhli olmasa ailəsi dağılar, səbr əhli olmasa təhsili davam tapmaz və s. Bəs, səbr insanın həyatında ana qanunlardan biridir.
Bu, Loğmanın hikmətidir ki, övladını səbr xasiyyətinə dəvət edir.
Ayənin davamında buyurur, “və la tusəir xəddəkə linnasi”
Bilirsiz ki, bəzi insanlar başqaları ilə əlaqədə ədəbə riayət etməzlər. Görürsən ki, əqidə cəhətindən problemi yoxdur, namaz-oruc cəhətindən problemi yoxdur, lakin ədəb, etika cəhətindən qaydalara riayət etmir. Bu, dinin göstərişlərindən biridir, istər möminlərə, istərsə də başqa insanlara. Ədəbə dəvət edir, hamıyla ədəblə danış.
Ədəbin bir nümunəsi budur ki, insan o zaman ki, biriylə danışır, gərək bütöv üzünü ona tərəf çevirsin. Bəzi insanlar var ki, biriylə danışarlar, amma başqasına baxarlar və yaxud yarı üzlə baxarlar. Belə bir vəziyyət qarşı tərəfə ədəbsizlikdir.
Buyurur, “la tusəir xəddəkə linnasi” danışanda, üzünü çevirmə insanlardan. Bir təkəbbürlü olma, bir də ədəbsiz olma. O zaman ki, insanlarla danışdın, tam üzünü ona yönəlt. Və bu, onun ədəb və kəramətini qorumağa bir səbəbdir.
Bilirsiz ki, Allah taala “Əliyyun əzimdi”dir, Əzəmətli ucadır. Quranı da, Qurani-əzimdir. Peyğəmbər ki, ona Quran nazil olubdur, onun əxlaqı da, əxlaqi-əzimdir. “İnnəkə lə əla xuluqin əzim”
Bu əzəmətli əxlaqın bir guşəsi budur ki, peyğəmbərin həyatından yazıblar ki, peyğəmbər hər kimlə danışanda, tam üzlə ona baxardı və tam üzlə onun sözlərinə qulaq asardı. Daha belə deyildi ki, peyğəmbər başqa işlə məşğul olub, bir gözü ona baxa və ya bir qulağı onu eşidəydi.
Ədəbə riayət etmək, bu islamın tövsiyəsidir. Bu ayədə də, Loğmanın öz övladına tövsiyələrindəndir “ və la tusəir xəddəkə linnasi”
Bizim dualarımızda da insanın kəramətini qorumaq, insanın hörmətini qorumaq vardır. Allah taalanın barəsində, “Ey o Allah ki, iki əlini açır, hədiyyə verəndə”. Burada bunu çatdırmaq istəyir ki, bəzi insanlar başqa birinə hədiyyə verəndə, bir əliyə hədiyyəni verərlər. Deyir yox, belə etməyin. Başqasının hörmətini qoru və saxla, iki əlinlə, tam ədəblə ona hədiyyə ver. Allah taala da tam insanların kəramətini nəzərə alaraq, hörmətini nəzərə alaraq buyurur; “Ey iki əlini açan”. Bu bir təşbihdir. Yəni ki, ey kəramətlə hədiyyə verən, yəni, ey hörmətlə, ehtiramla hədiyyə verən.
Bu ayə bizə tapşırır ki, o zaman ki, başqası ilə danışırsan, danışan zaman tam üzlə onunla üzbəüz ol, bu fəqət bir nümunədir. Əslində demək istəyir ki, ədəbli ol, insanların hörmətini saxla və onlarla elə davran.
“Və la təmşi fil ərzi mərəha” Yer üzündə yeriyən zaman, yersiz şadlıqla yerimə. “Mərəh” batil sevincə deyərlər. İnsan boş yerə, məqsədsiz sevinə.
Buyurur, yer üzündə yeriyən zaman, özünü məst olmuş kimi aparma (istər məqam, istər sərvət, istərsə də dünya malının məstliyi, səni özündən çıxartmasın ki, nəticədə yerişini itirəsən) “Və la təmşi fil ərzi mərəha”.
“Təmşi”nin ərəb dilində iki mənası var. Biri yeriməyə aiddir, digəri isə davranış. Yəni, davranışın, sərməst davranış olmasın. Davranış zamanı özünü kontrol eylə. Bəzi insanlar var ki, davranışlarında özlərini kontrol edə bilmirlər. O qədər sərvətləri var, o qədər məqamları var, o qədər dünya istəklərinə çatıblar ki, daha özlərindən çıxıblar. Deyir özündən çıxma, davranış və yerişində özündən çıxma.
“İnnəllahə la yuhibbu kullə muxtalin fəxur” O adam ki, özündən çıxır, o, özündə xəyal düzəldir. Özünü bəyənir, özünü uca görür, ücb və xəyala düşübdür. O adam ki, başqası ilə danışanda ədəbə riayət etmir, o, fəxrə düşübdür.
Deyir, sən ağıllı olsan, təvazö ilə, ədəblə yaşayarsan. Çünki, təvazökar insanı, ədəbli insanı Allah sevir. O kəs ki, xəyalla yaşayır, xudpəsənd olur, özünü sevir. O kəs ki, fəxrlə yaşayır, başqası ilə qarşılaşanda, onun hörmətini qorumur, ədəbə riayət etmir.
Buyurur, nə bu fəxr eyləyəni və nə də özündə xəyal quranı (öz içərisində özünü yüksəkdə görəni) bunların heç birini Allah sevməz. O vaxt ki, Allah bunları sevmədi, bunlar Allahın xüsusi rəhmətlərindən uzaq olarlar, bunlar məhrumiyyətdədirlər. Əql insana göstəriş verir ki, Allah sevən, Allahın razılığı olan yolu get. O yol ki, Allah sevir və razılığı var, təvazö və ədəb yoludur, nəinki fəxr və xəyal.
“Muxtal” xəyal sözündəndir. Bəzi insanlar var ki, xəyallarında özlərini çox böyük və yüksəkdə görərlər və bu xəyalla yaşayarlar. Bu xəyal səbəb olar ki, insan yüksəlməsin, bu xəyal səbəb olar ki, insan inkişaf etməsin. Buyurur ki, sən xəyalla niyə yaşayırsan? Əqllə yaşa, əql səbəb olar xəyalın kontrol olsun, əql səbəb olar davranışın kontrol olsun.
Ayə buyurur; “İnnəllahə la yuhibbu kullə muxtalin fəxur” Allah taala heç bir xəyalla yaşayanı, heç bir fəxr edəni sevmir. Sevməməyin mənası yəni ki, həyatda ona xüsusi rəhmət şamil olmaz, o nuraniyyət ki, insan Allahla əlaqədə qazanar, bu insana aid olmaz.
“Vəqsid fi məşyikə” Qabaqkı ayələrdə Allah taala iki şeydən insanı çəkindirdi. Biri budur ki, sən yeriyəndə fərəhlə, batil sevinclə, özündən çıxmaqla yerimə. İkincisi isə, başqası ilə əlaqədə, başqası ilə davranan zaman, ədəblə davran və tam üzünü ona tərəf çevir.
Bu ayələrdə isə Allah taala iki göstəriş verir. Bəs, o birisi ayələrdə Allah taala iki çəkindirmə, bu ayələrdə isə iki göstəriş verir.
“Vəqsid fi məşyikə” Yerişində orta yeri. Orta yeriməyin bir mənası budur ki, insan nə qaça, nədə ki, yavaş yeriyə. Orta yeri buyurur. Yerimək ya ayaqla olur, ya da yerimək davranışla olur. “Vəqsid fi məşyikə” yəni davranışında normal ol, davranışında orta ol. Nə ifrat tərəfinə get, (nə həddən çıx) nə də təfrit tərəfinə get (nə də həddən azalt)
İnsan dünyəvi həyatında hər sahədə bu qanunu gərək qoruya “Etidal” qanununu. Etidal yəni, normal yaşamaq, ifrat və təfritdən uzaq yaşamaq, orta səviyyəni seçmək. Bəzi insanlar var ki, təfrit edərlər (az), bəzi insanlar da var ki, ifrat (çox) edərlər.Yeməkdə, yatmaqda, başqaları ilə əlaqə, insanlarla oturub-durmaqda da gərək ifrat və təfritə riayət edilsin. İfrat, təfrit insanı inkişafdan dayandırar. Buyurur ki, sən həyatında ifrat və təfritdən uzaq ol, normal yaşa.
“Vəğzuz min səvtikə” sən (danışanda) səsini alçalt, ucadan danışma. Bu da böyük bir hikmətdir.
Bəzi insanlar var, davranışlarına riayət etməzlər, ya uca danışarlar, ya da ki, çox alçaq səslə danışarlar. Buyurur ki, sən “vəğzuz” ucalıqdan səsini aşağı endir. Uca danışmaqla işin düzəlməz. İnsan uca danışsa biraz da kontroldan çıxar, biraz da uca danışsa səhvinə düzəliş verə bilməz və danışıq kontrolunu əlindən çıxardar.
Quran tapşırıbdır ki, “qovlən sədidən”. “Qovlən şədidən” deyə buyurmayııb. Düz söz danışın, nəinki, uca söz danışın. Bəzi insanlar var, deyirlər ki, uca söz danışsan, uca səslə danışsan, düz sayılarsan.
Buyurur, haqq söz danış, düz söz danış, möhkəm düzlükdə olsun, nəinki, möhkəm ucalıqda olsun “Vəğzuz min səvtikə”...