Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (1.1)

Birinci dərs

İnsanşünaslıq

İnsanşünaslıq mövzusunu araşdırmadan öncə, yaxşı olar ki, Qurana məxsus olan "Təfsir" (açıqlama) elmi ilə qısa şəkildə tanış olaq. Bildiyimiz kimi, Allah-taala Cəbrayıl mələyinin vasitəsi ilə, Peyğəmbərə (s) İlahi kəlamları çatdırmaqla, insanlara bir çox dəyərli və dərin mənalı ismarıclar göndərdi. Çox dəyərli olan bu mühüm qeybi xəbərləri dəqiq və düzgün formada başa düşmək üçün, Peyğəmbər (s) və İmamların (ə) nurlu kəlamlarından istifadə etmək lazımdır.

Tarix boyu alimlər, Peyğəmbər (s) və İmamların (ə) elmindən bəhrələnib, Quranın ayələrini daha düzgün və dəqiq formada insanlara başa salmağa çalışıblar. Uzun illər çalışmalar nəticəsində, islam dünyasında "Təfsir" adlı elm daha geniş şəkildə yayılmağa başladı.

Qurani-kərim üçün çoxsayda və cildlərlə təfsir kitabları yazılıb. Amma bu təfsir kitablarının hər birini mütaliə etsək, Quranın təfsirinin iki növ olduğunu görə bilərik.

Beləliklə deyə bilərik ki, Quranın təfsiri iki növdür:

Tərtibi təfsir:

Məqsəd Qurandakı ardıcıllıqla ayələrin məqsədinin aydınlaşdırılmasıdır.

Mövzuyi təfsir:

Bu növ təfsir isə, bir mövzu haqqında Quranın baxışının araşdırılması, həmin mövzu haqqında Quran ayələrinin toplanması, hissələrə bölünüb, təhlilidir.

Quranın söhbət açdığı ən mühüm mövzulardan biri də, insan mövzusudur. Bu müqəddəs kitabın əsas mövzusu, insanın doğru yola yönəlməsi barədə olsa da, eyni zamanda bu kitab insanın həqiqətindən də söhbət açır.

İnsanın doğru yola hidayət olması üçün, insanşünaslıq çox vacib mövzulardan biridir. Quran bu mövzunu daha ətraflı bəyan etmək üçün, ənfusi və afaqi ayələrə işarə edir.

Bu nöqteyi nəzərdən quran ayələri iki hissəyə bölünür:

1 - Afaqi ayələr

Afaqi ayələr, xarici ayələr anlamındadır. Bu mənada ki, insan xarici varlıqlara diqqət yetirməklə, Allahın varlığını dərk edir.

2 - Ənfusi ayələr

Ənfusi ayələr isə, daxili ayələr və nişanələr mənasını ifadə edir. Məqsəd budur ki, insan öz daxilindəki pak fitri hissləri vasitəsi ilə Allahın varlığını dərk edə bilir.

Əgər insan öz daxili istedadlarını tanısa, doğru yola hidayət olar və Allahın yolunda daha rahat şəkildə addımlayar.

Hər şeydən öncə və ən önəmli məsələlərdən biri də budur ki, gərək insanın xilqətinin necəliyini dərk edək. Yəni insanın yaradılış mərhələ və prosesini dəqiqliklə dərk etmiş olaq.

Quran insanın xilqəti haqqında danışarkən, iki növ yaradılış növünə işarə edir:

1 - Cismi yaradılış (İnsanın torpaqdan yaranması)

İnsan cism olaraq torpaqdan yaradılıb və onun ilk yaradılış cinsi və növü, torpaqdan olub.

Bu barədə Allah-taala Muminun surəsinin 12-ci ayəsində buyurur:

«وَ لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ سُلاَلَةٍ مِنْ طِينٍ»

"Həqiqətən, Biz insanı süzülmüş palçıqdan yaratdıq".

Həmçinin Muminun surəsinin 14-cü ayəsində buyurur:

ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَاماً فَکَسَوْنَا الْعِظَامَ لَحْماً ثُمَّ » أَنْشَأْنَاهُ خَلْقاً آخَرَ فَتَبَارَکَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ

"Sonra nütfəni laxtalanmış qan, (rüşeym) halına saldıq, sonra laxtalanmış qanı bir ət parçasına çevirdik. Sonra ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu başqa bir yaradılışla inşa etdik (insan halına saldıq). Yaradanların ən gözəli olan Allah çox ucadır ".

2 - Ruhi yaradılış

Məqsəd budur ki, Allah-taala insanı torpaqdan yaratdıqdan sonra, ona həyat bəxş etmək üçün, ruh da verib. Bu barədə Allah buyurur:

(نَفَخْتُ فِيهِ مِنْ رُوحِي)

(Ona) Öz ruhumdan üfürdüm".

Ayədən açıq şəkildə başa düşülür ki, Allah insana xüsusi bir ruh verib. Bu ayədə diqqət edəcəyimiz məsələlərdən biri də budur ki, "Öz ruhumdan üfürdüm" cümləsindən, Allahdan hər hansı bir şeyin azalması anlaşıla bilər. Bir halda ki, bu heç də belə deyil. Allah bu cümləni ona görə bu tərzdə işlədib ki, insanın ruhunun şərafət, əzəmət və dəyərini çatdırsın. Yəni Allah insana özündən ayırıb bir ruh verməyib, bəlkə ona çox qiymətli və əzəmətli bir ruh bəxş etdiyi üçün, onu bu cür ifadə edir.

Əgər Muminun surəsinin yuxarıda zikr olunan 14-cü ayəsinin sonuna diqqət yetirsək, görərik ki, Allah bu yaradılış prosesini bəyan etdikdən sonra, öz əzəmət və ucalığına işarə edərək, özünü mədh edir.

«فَتَبَارَکَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ»

Yəni ruhun o qədər əzəməti vardır ki, Allah-Taala özünü tərifləyir və insan ruhunun əzəmətini də, elə bu ayə göstərir.

«وَ لَقَدْ کَرَّمْنَا بَنِي آدَمَ»

"Həqiqətən biz Bəni Adəmə (insan) kəramət libası geyindirdik".

Bu ayə, insanın kəramət sahibi, həmçinin qiyaməti dərk edə biləcək bir varlıq olduğunu sübut edir. Amma insanla müqayisədə, digər varlıqlar bu dəyərdən məhrumdurlar. Ona görə də insan kəramət sahibidir.

Burada ortaya belə bir sual çıxır ki, bəs Kəramət libası nədir?

Bəzi təfsirlərdə insan bədəninin zahiri və quruluşu, kəramət kimi açıqlanır. Belə ki, insanın iki ayağı ilə getdiyi, əlləri ilə yazdığı və yediyi, həmçinin bir çox problemlərini həll edə biləcəyi üçün, bu insan üçün kəramət libası sayılır.

Fəxri Razinin təfsirində insan kəramətinin 10 cəhətinə işarə edilmişdir ki, onların hamısı insanın bədən və cisminə qayıdır.

Amma Quranın baxışına əsasən, insanın kəraməti, yalnız yuxarıda izah olunduğu kimi deyil. Qurana görə kəramət iki növdür:

1 - Qazanılan kəramət

Qazanılan kəramət, insanın özünün əldə etdiyi kəramətlərə deyilir. Misal üçün insanın təqva əldə etməsi, onun üçün kəramət hesab edilir. Bu barədə Allah buyurur: "Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz, ən təqvalı olanınızdır.

«إِنَّ أَکْرَمَکُمْ عِنْدَ اللَّهِ أَتْقَاکُمْ»

2 - Zati kəramət

Zati kəramət isə, bir qədər əvvəl qeyd etdiyimiz kimi, insanın yaranışında qoyulmuş kəramətlərə deyilir.

"Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik.(İsra,70).

«وَ لَقَدْ کَرَّمْنَا بَنِي آدَمَ»

İnsan ruhunun növləri

İnsanın iki növ ruhu vardır:

1 - İnsani ruh

Bu ruh yalnız insanlarda var və insanı digər canlılardan fərqləndirən və üstün tutan, məhz bu ruhdur. Bu ruh insanın əqli və ixtiyar qüdrətinin vasitəsi ilə, insanın cismini hərəkətə salır. Bu ruhun köməyi və gücü sayəsində, insan bir çox həqiqətləri dərk edir, sevir, nifrət edir və düşünür.

2 - Heyvani ruh

Bu növ ruh bütün canlılarda var. İnsan və digər canlılar bu ruhun vasitəsi ilə öz cismini hərəkət etdirir.

İnsanın ruhu o qədər dəyərlidir ki, Allah həmin ruhu özünə aid edir və buyurur: "(Ona) Öz ruhumdan üfürdüm".

«نَفَخْتُ فِيهِ مِنْ رُوحِي»

Beləliklə "Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik". ayəsini oxuyanda, insanın kəramət, dəyər və böyüklüyünə işarə edildiyi məlum olur.

«لَقَدْ کَرَّمْنَا بَنِي آدَمَ»

"İnsanın kəraməti var" cümləsinin anlamı budur ki, insan növü digər varlıqlardan fərqlidir. İnsan aləmdə digər varlıqlarla müqayisədə, daha şərafətlidir. Bunun səbəbi isə, insanın zati kəramətindən qaynaqlanır.

İnsan ruhunun bir çox xüsusiyyətləri vardır ki, onlardan biri də, onun ruhuna yaxşı və pisin ilham olunmasıdır.

Bu barədə Allah buyurur: And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)!

«وَ نَفْسٍ وَ مَا سَوَّاهَا فَأَلْهَمَهَا فُجُورَهَا وَ تَقْوَاهَا»

Yəni bu ruha həm yaxşı, həm də pis ilham olunmuşdur. Yaxşı və pisin ilham olunması bu mənadadır ki, insanın daxili və fitrətində yaxşı və pisi bilən nur vardır. Beləliklə daxildə yaxşılığa doğru meyli, pisliyə qarşı isə nifrət var. Bunları nəzərə alaraq deyə bilərik ki, fəsad və təqvanın ilham olunması, yalnız insana məxsusdur.

Birinci dərsin xülasəsi

Kəramət

İnsanşünaslıq Quranda əhəmiyyətli mövzulardan biridir və bu mövzu, insanın hidayətində mühüm rola malikdir.

Bu mövzuda ilk araşdırma, insan varlığının bədən və ruhdan yaradılması haqqındadır.

"İsra surəsinin 70-ci ayəsinə əsasən Allah-taala insana həm kəramət vermişdir, həm də fəzilət".

Kəramət bir növ mənəvi böyüklük, dəyərli olmaq, qiymətin yüksək və ali olması mənasındadır.

Quran ayələrinə görə "Kəramət" iki hissəyə bölünmüşdür:

1. Qazanılan kəramət: İnsanın özünün qazanması ilə əldə edilən kəramət.

2. Zati kəramət: Allah-taalanın insanın xilqəti və zatında yaratdığı və insana bəxş etdiyi kəramət.

OXŞAR VIDEOLAR