Məhəmməd Baqir Saivər - İnsan (10.1)
Onuncu dərs
İnsanın ixtiyarı (1)
إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا
Təfsirçi və ilahiyyatçılar arasında insan haqqında mübahisəyə səbəb olan Quran mövzularından biri də, insanın ixtiyar sahibi olub, olmaması mövzusudur.
Bu mövzunun ən əsas suallarından biri budur ki, görəsən İnsan ixtiyara malik olan bir varlıqdırmı? Əşərilər kimi bəzi məzhəblər, bir çox ayələrin zahirinə istinad edərək, çalışırlar ki, insanın ixtiyarının olmamasını sübut etsinlər.
Amma əgər quran ayələrini diqqətlə oxusaq, bu nəticəyə gələrik ki,insan ixtiyar sahibdir, amma eyni zamanda da onun ixtiyarının fərqlidir. Bu barədə gələcək dərslərdə geniş şəkildə məlumat verəcəyik.
İnsanın ixtiyar sahibi olmasına aid olan ayələrə diqqət yetirsək, həmin ayələri bir neçə hissəyə bölmək olar.
Ayələrin bəzisi insanın ixtiyar sahibi olduğunu çatdırır. Misal üçün aşağıdakı ayəni oxuyanda, açıq şəkildə məlum olur ki, insan ixtiyar sahibidir və insanın qarşısında qarşı tərəfin vəzifəsi, yalnız doğru yolu göstərməkdir.
Misal üçün Allah ayədə buyurur:
Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan,3).
Bu ayə onu çatdırır ki, Allahın insana bəxş etmək istədiyi şey, onun hidayət olmasıdır və Allah həmin doğru yolu insana göstərir. Eyni zamanda da, bu düz yolu qəbul edib, etməmək də, insanın öz ixtiyarındadır. İnsan istəsə hidayət yolunu seçər, istəsə də, küfr və itaətsizliyi.
Kəhf surəsində də bu ayənin məzmununda bir ayə var. Allah buyurur: Kim istəyir inansın, kim də istəyir inanmasın. (Kəhf,29).
فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُر
Diqqət etmək lazımdır ki, ayədəki “Kim istəyir” cümləsindən məqsəd bu deyil ki, insanların haq yoldan uzaqlaşıb, yanlış yola getməsinə Allah razıdır və ona görə də onlara icazə verir. Xeyr, əlbətdə ki, belə deyil. Cümlənin mənası budur ki, dünya, ixtiyar dünyasıdır və insanlar etdikləri işlərəd, inandığı əqidələrdə azaddırlar. Bu aləmdə məcburiyyət yoxdur. İnsan öz seçimlərini ixtiyarla seçməlidir. İman gətirsədə, kafir olsa da, bu işi öz ixtiyarı ilə etməlidir. Ona görə də Ayədə buyurur: Kim istəyir inansın, kim də istəyir inanmasın. (Kəhf,29).
فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُرْ
Bu məzmunda olan ayələr, aydın şəkildə izah edir ki, iman və ya küfr yolunu seçməkdə, insanlar ixtiyar sahibidir.
Bəzi ayələr də var ki, Allah həmin ayələrdə, bütün insanları imana gətirəcək gücə və qüdrətə malik olduğunu bildirir. Yəni həmin ayələrdə, Allahın insanları icbari şəkildə imana hidayət edə biləcək gücə malik olduğu bildirilir. Məqsəd budur ki, Allah istəsə, insanların hamısını imana yönəldərdi və o, bu gücə və qüdrətə malikdir.
Həmin mənada olan ayələrdən biri də, Rəd surəsindədir. Allah buyurur: Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Rəd, 31).
لَوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا
Amma Allahın istək və iradəsi, insanları məcburi şəkildə haq yola yönəltməsi deyil. Çünki insan bu dünyada mənəvi yöndə inkişaf edib, kamala çatması üçün, gərək haq yolu öz istək və ixtiyarı ilə seçsin.
Mövzuya aid olan bəzi ayələr də var ki, həmin ayələrdə insana verilən cəza və ya mükafatın səbəbi açıqlanır. Belə ki, insane verilən cəza və ya mükafat, onun öz seçimi əsasında olur. Çünki doğru və ya yanlış yolu, onun özü, öz istiyarı ilə seçib.
Hər halda, bu növ ayələr də onu sübut edir ki, insan ixtiyar sahibidir.
Mütəal Allah Nəcm surəsində buyurur:
İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! (Nəcm,39).
وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ
Həmçinin Fussilət surəsində buyurur:
Yaxşı iş görənin xeyiri özünə, pislik edənin də zərəri özünə olar. (Ya Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir! (Fussilət, 46).
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ
Yəni yaxşı və ya pis işləri yerinə yetirən, insanın özüdür. Əgər insan saleh işlərlə məşğul olsa, bu onun öz xeyrinədir. Yox əgər özünü günah işlərə aludə etsə, bu onun əleyhinə və zərərinə olacaq.
Bu və bu məzmunda olan ayələr, onu göstərir ki, mükafat və cəza, insanın əməl və ixtiyarının nəticəsdir.
Allah-taala başqa bir ayədə buyurur:
Hər kəs öz əməlinin girovudur! ) Muddəssir, 38).
كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ
Yəni insan əməlinin qarşlığında mükafatlanıb, cəzalandırılacaq.
Allah-taala ayədəki “Öz əməlinin” cümləsini işlətməklə, insanlara bunu çatdırır ki, yaxşı işləri yerinə yetirib, xoşbəxt olan da, pis işlərlə davamlı məşğul olub, özünü bədbəxt edən də, elə insanın özüdür.
|
|
|
كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَىٰ
Ayələrin zahiri mənası və onların açıqlamasından anlaşılan budur ki, insan ixtiyar sahibidir. Buna görə də, insanın əməli onun işinə və iradəsinə aid edilir. İnsanın ixtiyar sahibi olması, həm fəlsəfi dəlillər, həm mötəbər hədis kitabları, həmdə ki, quran ayələri ilə sübuta yetirilir.
Ayələrin iki qrupu araşdırıldı. Həmin ayələdə, aydın şəkildə insanın seçim sahibi olduğu bildirildi. Belə ki, bəzi ayələrdə, insanın ixtiyar sahibi olduğu, bəzi ayələrdə isə onun qazandığı əməllər nəticəsində, cəza və ya savab verilməsi açıqlandı.
İnsanın ixtiyarı haqqında olan ayələrin üçüncü qrupu isə, peyğəmbərlərin (ə) göndərilməsi və onların risalətinə aiddir. Allah-taala bu barədə buyurur: Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! (Bəqərə, 129).
وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ
Ayənin mənasına diqqət yetirsək, görərik ki, Allah-taala peyğəmbərləri (ə), İnsanlara kitab və hikmət öyrədib, qəlblərini günahdan təmizləyərək, ürək və ruhlarını paklandırsınlar deyə göndərib. Bu risalət o vaxt öz yerini tutar ki, insanlar öz ixtiyarı ilə seçim etmiş olsunlar.
Çünki əgər insan ixtiyar sahibi olmasa, yuxarıdakı ayənin heç bir anlamı olmazdı.
Belə ki, peyğəmbərlərin (ə) və həmçinin səmavi kitabların göndərilməsi, buna görə idi ki, insan təlim və tərbiyə vasitəsi ilə kamala çatsın. Çünki hamımız bilirik ki, təlim və tərbiyə, insanın ixtiyar və seçimindən asılıdır. Əgər insanın ixtiyarı olmasa, təlim və tərbiyənin nə mənası var?! İnsan seçimə malik olan bir varlıq olduğu üçün, təlim və tərbiyə vasitəsi ilə də, kamil insan olmaq da, ona aid olan bir mövzudur.
Əgər insan azad seçimə sahib olmasa, təlim-tərbiyənin mənası olmaz.
Quran və peyğəmbərlərin (ə) risalətinin əsas hədəfi olan təlim və tərbiyənin mənası, insanın ixtiyar sahibi olmasındadır. Ona görə də insanın təlim və tərbiyəyə istedadı vardır.
Eyni zamanda da unutmamalıyıq ki, insanın ixtiyar sahibi olması, bu anlama gəlmir ki, digər amillər insana təlim və tərbiyə yolunda təsir etmir. İxtiyarlı olmağın mənası, seçimin insanın öz öhdəsində olmasını bildirir. Bu seçimdə, digər amillərin insanın qərar qəbul etməsi üçün min bir şərait yaratması da mümkündür. Beləliklə, Quran ayələrindən aldığımız nəticə budur ki, təlim və tərbiyədə digər amillər olsa da, yenə də insan öz seçimində ixtiyar sahibidir. Misal üçün İbrahim surəsində Allah-taala Şeytanın dilindən belə nəql edir: Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz.(İbrahim,22).
وَمَا كَانَ لِيَ عَلَيْكُمْ مِنْ سُلْطَانٍ إِلَّا أَنْ دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي
Ayənin mənasına diqqət yetirsək, üç mühim olan nöqtəyə işarə edildiyi məlum olacaq:
a) Şeytanın insanları pis işlərə məcbur etmədiyi.
b) Şeytan insanları pis işlərə sadəcə dəvət edir.
c) İnsanlar özləri, öz seçimləri ilə Şeytanın dəvətini qəbul edirlər.
Əslində insanlar ixtiyar sahibi olduğu üçün, onlara məsuliyyətli olmaq tapşırılır, qiyamət günündə cəza verilir, behişt və cəhənnəmi qazanmış olurlar. Əgər insan ixtiyar sahibi olmasa, cəza mükafat, cənnət və cəhənnəmin nə mənası olardı?!
Cənnət və cəhənnəmin varlığından məlum olur ki, insan əməlinə görə məsuliyyət daşıyır.
Ona görə də Quran Şeytanın dilindən bizə buyurur ki,Şeytan deyəcək ki, “Mən ki, sizin həyatınıza müdaxilə etmirəm, sizi əyri yola məcbur etmirəm. Mənim işim dəvət və bəzəməkdir. Mən sizin üçün min bir şərait düzəldirəm ki, siz əyri yolu seçəsiniz. Bu yolu özünüz (insan) seçirsiniz”.
Şeytanın bu dəvətini, bir misal ilə açıqlayaq. Belə ki, misal üçün əgər bir insanı qonaqlığa dəvət edirlər. Ona dəvətnamə göndərilməyənə qədər, həmin insan o qonaqlığa gedib, getməmək barədə düşünmür. Çünki hələ qonaqlıq mövzusu gündəmdə deyil. Amma dəvətnamə göndəriləndən sonra, bu hiss yaranır ki, qonaqlığa getsin, yoxsa yox. Nəticədə getsə də, getməsə də, bu işi öz ixtiyarı ilə edir. Əgər günah məclisi və ya əksinə, savab məclisidirsə, məsuliyyətini özü, öz ixtiyarı ilə daşıyır.
Ona görə də Allah Şeytanın dilindən belə buyurur: çağırdım, siz də mənə uydunuz.(İbrahim,22).
Allah Nəhl surəsində buyurur: Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl,100).
إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُمْ بِهِ مُشْرِكُونَ
Əgər insan şeytanın vilayətini qəbul etsə, qapı-pəncərəsini onun üzünə açsa, bu vaxt şeytan daxil olar. Əgər insan qəlbinin qapı və pəncərəsini şeytanın üzünə bağlasa, şeytan onun qəlbinə daxil ola bilməz.
Ona gərə də Allah buyurur: Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir! (Nisa, 76).
إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا
Amma əgər insan qapını Şeytanın üzünə açsa, Şeytan ona nüfuz edə bilər.
Şeytan ilk olaraq insana pis işləri sadəcə təklif edir və ona, pis yolları, yaxşı, düz və xoşbəxtçiliyə səbəb olan bir yol kimi tanıtdırmağa başlayır. Bu vaxt insanda vəsvəsə yaranmağa başlayır və insan həmin işi yerinə yetirməyə başlayır. Əgər insan Şeytanın bu hiyləsinə daim əməl etsə, eləcə də özündə bu işi adət şəklinə çevirsə, şeytan vəsvəsəsi qarşısında əsir olar. Bu gedişatla, insan o həddə çatar ki, şeytanın vilayətini qəbul edər. Nəticədə isə, Şeytan ona alçaq işlərin icrasını da vəsvəsə edər. Necə ki, Allah buyurur: “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər” ayəsinin misdaqına (Bəqərə, 268).
Əlbəttə Şeytanın vilayətinə daxil olmaq mövzusu, geniş bir mövzudur. Amma bunu bilməkdə də fayda var ki, Şeytanın vilayətinə daxil olmaq mövzusunda da, insanın ixtiyar və seçim məsələsi var. Hər halda, insan gərək daim və hər bir şəraitdə mübarizə aparsın, xasiyyətinə çevrilə biləcək və yada çevrilmiş yanlış adətləri ilə mübarizə aparsın.
Unutmamalıyıq ki, Şeytanın ilk vəsvəsəsində yalnız dəvət var və bu dəvətdə şeytan yalnız təklif edir. İnsan da şeytanın vəsvəsəsini qəbul ya rədd etməkdə ixtiyar sahibidir. Yuxarıda dedik ki, insan Şeytanın vilayətinə daxil olan zaman da, ixtiyar sahibidir. Amma həmin vaxt şeytanla cihad etmək, mübarizə aparmaq lazımdır.
Onuncu dərsin xülasəsi
İnsanın ixtiyarı
İnsan ixtiyara malikdir və quran ayələri bu mövzu haqqında iki formada dəlil gətirir:
A) Aydın şəkildə insanın ixtiyarına dəlalət edən ayələr.
إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا
İnsan surəsinin 3-cü ayəsi kimi ayələr aydın şəkildə insanın ixtiyarına dəlalət edir.
Əgər insanın ixtiyarı olmasaydı:
- Peyğəmbərlərin (ə) təlim və tərbiyə ayələrinin mənası olmazdı.
- Cəza və mükafat ayələrinin mənası olmazdı.
- İnsan şeytanın vəsvəsəsi müqabilində dura bilməz və onlara qarşı aciz qalardı.